Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Ölkəmizdə uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Onların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Tarixin hər bir dövründə bütün cəmiyyətlərdə insanları düşündürən, narahat edən bir sual olub və bundan sonra da olacaq: Övladlarımızı necə tərbiyə edək? Uşaqları necə böyüdək ki, vicdanlı, əməlisaleh, cəmiyyət üçün xeyirli olsunlar? Necə edək ki, uşaqlarımız böyüyəndə onlardan ötrü xəcalət çəkməyək, onlar bizə başıucalıq və şərəf gətirsinlər?
Bu sualın cavabını tapmaq üçün indiyə kimi minlərlə əxlaq kitabı yazılıb, tövsiyələr edilib. Övlad tərbiyəsinin ən mühüm cəhətlərini hər alim fərqli şəkildə görüb. Amma hamının razılaşdığı bir fikir var. O da bundan ibarətdir ki, övlad tərbiyəsində ən mühüm rolu valideynin şəxsi nümunəsi oynayır.
Hamımız buna şahidik ki, ailədəki uşaqlar öz ata-analarını təqlid etməyi xoşlayırlar. Dəfələrlə öz uşaqlarımızın dilindən eşitmişik ki, onlar da böyüyəndə bizə oxşamaq istəyirlər. Məsum körpənin qəlbindən süzülən bu fikir, yəni valideynə bənzəmək arzusu həm də valideynə öz məsuliyyətini xatırlatmaq üçün bir xəbərdarlıqdır. Ata və ya ana öz övladını nə cür görmək istəyirsə, onun gözləri qarşısında özü də o cür görünməlidir. Valideyn bir güzgüdür; amma elə güzgüdür ki, ona baxan və ondan öyrənən uşağı dəyişdirmək, özü kimi etmək gücünə malikdir. Valideynin mütləq riayət etməli olduğu bir neçə cəhət vardır. Amma onların hər biri barəsində ayrı-ayrılıqda söhbət açmağa məqalənin həcmi imkan vermədiyi üçün yalnız bir məqam üzərində durmaqla kifayətlənmək istəyirəm. Valideyn heç zaman uşağa yalan danışmamalıdır, heç zaman özü tərsinə etdiyi bir işi ondan tələb etməməlidir. Hətta uşağa hər hansı mükafat vədəsi verərkən belə, diqqətli olmaq lazımdır ki, bu vədəyə xilaf çıxmayasan. Uşaq ata-anadan yalan görərsə, əvvəla, qəlbi onlardan sınar. İkincisi, onun özündə də yalançılıq xasiyyəti yaranar; axı yalan danışmaq pis iş olsaydı, onun nümunə kimi qəbul etdiyi valdieynlər bunu etməzdilər.
İlsam Peyğəmbəri hz. Məhəmmədin səhabələrdən Abdullah ibn Amir rəvayət edir ki, bir gün Peyğəmbər bizim evimizdə oturmuşdu. Bu zaman anam məni çağırıb dedi: “Tez yanıma gəl, gör sənə nə verəcəyəm”. Peyğəmbər anamın sözlərini eşidəndə soruşdu: “Uşaq gələndən sonra ona nə verəcəksən?. Anam cavab verdi: “Bir xurma verməyi düşünürdüm”. Peyğəmbər buyurdu: “Əgər ona heç nə verməsəydin, əməl dəftərinə yalan cəzası yazılacaqdı” (Sünənü Əbu Davud, hədis 4991).
Valideyn öz övladına hər hansı əməlin pis olduğunu söyləyirsə, özü də bu əməli etməməlidir. Əks halda, onun nəsihətlərinin heç bir kəsəri olmayacaq. Əgər ana ataya hörmət göstərməyi uşaqdan tələb edirsə, amma özü evdə əri ilə kobud davranırsa, təbii ki, onun dediklərinin uşağa heç bir təsiri olmayacaq. Ata halal-haramı gözləmək barədə uşağa hər gün nəsihət verirsə, amma özü küçədə rastına çıxan pul qabını onun gözü qarşısında götürüb mənimsəyirsə, uşaq bu barədə nə düşünəcək?
Uşaq ilk tərbiyəsini ata ocağında, ana qucağında alır. Bu təməl sağlam əsaslara dayanmalıdır. Sağlam təməl və tərbiyədən məhrum olan uşaq və gənc həyat mübarizəsindən daim məğlub olar, yolunu düzgün müəyyənləşdirə bilməz.
Uşaq ata-ananın əmanətidir, Vətən əmanəti. Uşaq qəlbi və zehni təmiz torpağa bənzər. Bu torpağa sağlam toxum səpsən bərəkət, çürük toxum səpsən fəlakət biçərsən. Ailə yuvası bir fəzilət məktəbi olmalıdır. Uşaq burada əxlaqi fəzilətlərin hər gün daha parlaq nümunəsini görə bilməlidir. Ata və ana hər şeydən əvvəl uşaqların fiziki tərbiyəsinin, zehni düşüncələrinin inkişaf etməsinə çalışmalı, onların sağlam düşüncəli, milli mənəvi və əxlaqi dəyərlərə hörmətlə yanaşan ailəsinə və millətinə layiq bir gənc kimi yetişmələri üçün birgə səy göstərməlidirlər.
Yalnız valideyn deyil, uşağın tərbiyəsi və təlimi ilə məşğul olan hər kəs öz davranışına diqqət yetirməli, uşaq tərəfindən izləndiyini unutmamalıdır.
Bu rəvayətdən yəqin ki, çoxlarının xəbəri var: Bir gün bir ana uşağını Peyğəmbərin yanına gətirib o həzrətdən xahiş edir: “Mənim oğlum xurma yeməyi çox xoşlayır. Amma görürəm ki, xurma onun sağlamlığına mənfi təsir göstərir. Sizdən xahiş edirəm, oğluma tapşırın ki, xurma yeməsin. O, Sizi çox sevir, əgər Siz ona tapşırsanız, sözünüzdən çıxmaz”. Amma ananın təkidinə rəğmən Peyğəmbər uşağa heç nə demir, anadan xahiş edir ki, uşağı da götürüb getsin, sabah yenə gəlsinlər.
Ertəsi gün gələndə isə Peyəmbər sadəcə olaraq üzünü uşağa tutub buyurur: “Xurma sənin üçün ziyandır. Bundan sonra xurma yemə”. Hadisəni təəccüblə seyr edən ana soruşur: “Ey Allahın Rəsulu! Əgər məsələ bununla bitirsə, niyə bu sözləri dünən demədiniz, işi bu günə saxladınız?”. Peyğəmbər mehribanlıqla cavab verir: “Dünən mən özüm də xurma yemişdim, fikirləşdim ki, bu halda sözümün təsiri olmayacaq. Bu gün isə xurma yemədim ki, uşaqdan bunu istəməyə haqqım olsun”.
Bəzən kiçik saydığımız, düşüncələrinə əhəmiyyət vermədiyimiz övladlar bizim nöqsanlarımızı özümüzdən də yaxşı görürlər və bunun əsasında onların zehnində bizim haqqımızda təsəvvür yaranır. Ayıq-sayıq olmalıyıq ki, öz səhv hərəkətlərimiz və yalanlarımızla uşağın yanındakı etibarımızı itirməyək.
Nəzərə alsaq ki, ailə mühiti uşaq üçün birinci məktəbdir deməli valideynlərin üzərinə heç kəsə verə bilməyəcəkləri cavabdehlik düşür. Uşaq danışığı valideyinlərindən öyrəndiyi kimi, yaşayış əlifbasını da onlardan öyrənir. Valideyinlər uşaq dünyaya gələnə qədər öz əməllərindən ötrü məsuliyyət daşıyırlar. Uşaq dünyaya gələndən sonra isə onların məsuliyyəti daha da artır. Bilməlidirlər ki, evdəki rəftar və davranışları uşaqda dərin iz buraxır. Onlar yaşayışın, həyatın düzgün yolunu öz əməllərində göstərməlidirlər. Nə qədər ki sağdırlar, onlar Allahın yolunu saxlamaq üçün həm onun, həm də qanun qarşısında cavab verirlər. Ata və analar öz övladlarının sağlamlığı və onların fiziki və əxlaqi xüsusiyyətlərinin ahəngdar inkişafına görə cavabdehlik daşıyırlar. Onlardan başqa heç kəs bu işlə məşğul olmalı deyil. Allahın Kəlamını və milli mənəvi dəyərlərimizi özlərinə bələdçi seçən və övladlarının xarakterinin formalaşmasının onlardan nə qədər asılı olduğunu dərk edən valideynlər uşaqlarına tərəddüd etmədən izləmək mümkün olan bir nümunə göstərirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub. Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Ölkəmizdə uşaqlarla bağlı siyasətin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu Öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanları da var. Məsələn, Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1999-cu ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ hüquqi aktlar təkmilləşdirilib. Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilib. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.
Heydər Əliyev Fondu tərəfindən də bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Hər il Gülüstan sarayında internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənlikləri keçirir, onları bir araya yığır, uşaqlarla bir süfrə arxasında əyləşir, səmimiliyi ilə onların könlünü alır. Bu unudulmaz görüşlər, Azərbaycanın birinci xanımı ilə çəkilən şəkillər uşaqların ömrünün əziz xatirəsinə dönür.
Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Ölkəmizdə yaşayan bütün uşaqları bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq. Çöhrənizdən gülüş əksik olmasın. Qoy həmişə sülh olsun!
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Naxçıvan Dövlət Tarix muzeyi