Advertisment

Şəhidlərə hörmət ölkəmizə gələn butün əcnəbilərin mənəvi borcudur

Bu günlərdə Azərbaycanın ən müqəddəs məkanlarından olan Şəhidlər Xiyabanında baş verən xoşagəlməz hadisə cəmiyyəti hiddətləndirdi. Məlum olduğu kimi, bir qrup Səudiyyə Ərəbistanı vətəndaşı burada nalayiq hərəkətlər edərək video çəkib sosial şəbəkələrdə paylaşıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun 17-də yayılan görüntülərlə bağlı araşdırma aparılıb. Məlum olub ki, həmin şəxslər avqustun 13-də Bakı şəhərinə turist kimi gəliblər. Onların müqəddəs məkanda qeyri-etik davranışları ictimaiyyət tərəfindən sərt şəkildə qınanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsi (qəbir üzərində təhqiredici hərəkət) üzrə cinayət işi başlanıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç şəxs saxlanılıb və istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

İctimai qınaq

Vətəndaşlar bildirirlər ki, Səudiyyə Ərəbistanında həcc və ümrə ziyarəti zamanı kiçik qaydaları pozan zəvvarlara qarşı ən sərt tədbirlər görülür, hətta küçədə təzyiq və uzunmüddətli həbs halları yaşanır. Öz ölkəsində bu qədər sərt qaydaları bilən şəxslərin Azərbaycanda müqəddəs Şəhidlər Xiyabanında hörmətsizlik etməsi qəbulolunmazdır.

Cəmiyyətin fikrincə, bu addım nə dini, nə insani, nə də əxlaqi dəyərlərə sığır. Azərbaycanda şəhidlərə ehtiram dövlət və xalq üçün müqəddəs dəyərdir və bu dəyərləri təhqir edən hər kəsin qanun qarşısında cəzalandırılması tamamilə haqlıdır.

“İmamlar üçün yas, amma şəhidlərə hörmətsizlik?”

Hadisə ilə bağlı sosial şəbəkələrdə səsləndirilən rəylər arasında bəzən belə yanaşma da görünür: “Bizim xalq əsrlərlə ərəblərin imamlarına yas saxlayır, amma bu millətin nümayəndələri gəlib bizim şəhidlərimizə hörmətsizlik edirlər.”

Lakin bu düşüncə birmənalı qəbul olunmur. Ağıllı insanların da qeyd etdiyi kimi, məsələyə millət və ya din prizmasından yanaşmaq doğru deyil. Bu cür nalayiq hərəkətlərin nə İslama, nə imamların mirasına, nə də xalqın dini-əxlaqi dəyərlərinə heç bir aidiyyəti yoxdur. Belə davranış sadəcə fərdlərin əxlaq və mədəniyyət səviyyəsinin göstəricisidir.

Cəmiyyət hesab edir ki, məsələnin din və ya millətlə bağlanması yanlış nəticələr doğura bilər. Əslində bu hadisə göstərir ki, şəhidlərə hörmət və dəyərlərə sadiqlik millət fərqindən asılı olmayaraq, hər kəs üçün borc olmalıdır.

Bəli,  şəhidlərimiz bizim qürurumuzdur. Onlar Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş müqəddəs şəxsiyyətlərdir. Onlara ehtiram göstərmək – təkcə dövlətin deyil, hər bir vətəndaşın, eləcə də ölkəmizə gələn butün əcnəbilərin mənəvi borcudur.

Bəxtiyar ƏLİYEV

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katubi

Azərbaycan Jurnalistlər Birliyinin üzvü