Saksoniya-Anhalt yerli parlamentin ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasından olan üç deputat Vladimir Putinin ad günü münasibətilə keçirilən qapalı şənlikdə iştirak edib. Şənlik Rusiyanın Berlindəki səfirliyində keçirilib.
Herbiand.az bu barədə MDR-ə istinadən bildirir.
Tədbir Rusiyayönlü ifrat sağçı “Compact” jurnalı tərəfindən təşkil edilib. Tədbir zamanı nəşrin baş redaktoru Yurgen Elzesser Putini guya “Qərb dəyərlərini Qərb solçuluğuna qarşı müdafiə edən dövlət xadimi və vətənpərvər” adlandırıb və ona uzun ömür arzulayıb.
Jurnalistlər qonaqlar arasında “Almaniya üçün Alternativ” partiyasının deputatları - Hans Tomas Tilşnayder, Florian Şreder və Frank Otto Lizureki görüblər. Xüsusilə, Tilşnayder artıq Rusiyayönlü bəyanatları və 2022-ci ildə işğal olunmuş şərqi Ukraynaya mübahisəli səfəri ilə tanınır.
Partiyanın həmsədri Oliver Kirhner özü tədbirə dəvət edilməsə də, həmkarlarının iştirakından xəbərdar olduğunu təsdiqləyib. Onun sözlərinə görə, parlament üzvləri bütün tərəflərlə əlaqə saxlamalıdır.
Siyasi opponentlər partiyanın bu hərəkətini Rusiyayönümlülüyün növbəti sübutu kimi qiymətləndiriblər.
Bəxtiyar CƏFƏRLİ