 
																		Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zaur İbrahimov şəhid Cavid Cabarzadənin Suraxanı rayonunda yaşayan ailəsini ziyarət edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Herbiand.az-a verilən məlumata görə, ziyarət zamanı şəhid döyüşçünün vətənpərvərliyindən, Vətən müharibəsində göstərdiyi igidlik nümunəsindən bəhs edilib.
Cavid Cabarzadənin xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı vurğulanıb.
Şəhidin ailəsinə sosial ödənişlər təyin edilib və digər sosial dəstək tədbirləri həyata keçirilib. Həmçinin onun ailəsi nazirlik tərəfindən ikiotaqlı, tam təmirli mənzillə təmin olunub.
Qeyd edək ki, Cavid Cabarzadə Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsində isə Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.
Prezident İlham Əliyevin sərəncamları ilə Cavid Cabarzadə “Vətənə xidmətə görə” ordeni, həmçinin “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                        