Advertisment

Horovluya qayıdan sakinlərin sevinci - 30 ildən sonra doğma yurda dönüş

30 ildən sonra Horovlu kəndinə qayıdış böyük sevinc və qürur hissi ilə qarşılanıb. Uzun illər doğma yurd yerinin həsrəti ilə yaşayan sakinlər bu günü həyatlarının ən unudulmaz anı kimi dəyərləndirirlər. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, yeni evlərin tikilməsi, yolların çəkilməsi, məktəb və sosial infrastrukturun yenidən qurulması kəndə yeni nəfəs gətirib. Sakinlər qeyd edirlər ki, Horovluda firavan və təhlükəsiz həyat artıq bərpa olunub və bu, onların sevincini birə-beş artırır.

Kən sakini Vidadi Atakişiyev AZƏRTAC-ın müxbiri ilə söhbətində yenidən gənclik illərinə qayıtdığını bildirir. “Şükürlər olsun bu günümüzə. Bu gün ömrümün ən xoşbəxt anını yaşayıram. 30 illik həsrətimiz sona çatdı və biz doğma kəndimizə qovuşduq. Bu torpaqlar uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Ordumuza təşəkkür edirəm.

Kəndimizdən məcburi köçkün düşəndə 27 yaşım var idi. Bu gün isə 58 yaşımda yenidən Horovluya qayıtmışam. Sanki yenidən gənclik çağlarımı yaşayıram. Horovluya gələndə burada aparılan dirçəlişi, quruculuğu gördüm. Yeni evlər inşa olunub, yollar çəkilib, park salınıb, kəhrizlər bərpa edilib, məktəb və uşaq bağçası tikilib. Kəndimiz bir sözlə cənnət-məkana çevrilib”.

Bu gün doğma yurda qayıdan sakinlərdən olan Tamella Hümbətova deyir ki, Horovlu bizi doğma ana kimi qucaqladı. “Bir ana kimi şəhidlərimizin ruhu və şəhid valideynləri qarşısında baş əyirəm. Onlar öz canlarını fəda edərək torpaqlarımızı azad etdilər. Allah qazilərimizə şəfa versin. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz sözün əsl mənasında tarix yazdı. Vətənpərvər oğullarımızın sayəsində biz illər boyu həsrət qaldığımız yurdumuza qovuşduq. Kəndimizdə çox gözəl şərait yaradılıb – müasir standartlara uyğun yeni evlər tikilib, yollar çəkilib. Horovlu bizi çox gözəl qarşıladı. Bu gündən doğma kəndimizdə firavan həyatımız başlayır”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl rayonu Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib və Horovlu bu gün 37 ailə olmaqla 160 nəfərə qucaq açıb.