Advertisment

Rumıniya müdafiə naziri hərbi xərclərin artırılmasını istəyir

Rumıniyanın milli müdafiə naziri İonuțs Moștyanu daha çox insanın orduya qoşulmasına və müdafiə büdcəsinin ÜDM-in 5%-nə çatdırılmasına çağırıb.

Herbiand.az bildirir ki, bu barədə nazir parlamentdə çıxışında danışıb.

Moștyanu hərbçilərin maaşlarının 10% azaldılması planlarına qarşı çıxıb: “Orduya daha çox insan cəlb etməliyik. Hər il məzunlarımız var, onları işlə təmin etmək lazımdır. Bizim peşəkar əsgərlərə ehtiyacımız var. Gələn il 2000 peşəkar əsgər cəlb etməyi planlaşdırırdıq və könüllü xidmət proqramını inkişaf etdiririk”.

O, qeyd edib ki, hakim koalisiya əvvəllər müdafiə sistemini dövlət sektorunun ümumi əmək haqqının azaldılmasından çıxarmağa razılıq vermişdi, lakin parlament hazırda xərclərin azaldılmasını hərtərəfli müzakirə edir: “Hər həftə yaxınlıqda dronların partladığı bir vaxtda hərbi personalın xərclərini azalda bilmərik. Vəziyyəti çətinləşdirmədən xərcləri optimallaşdıra bilərik”.

Müdafiə naziri xatırladıb ki, bu il müdafiə büdcəsi ÜDM-in 2,3%-ni təşkil edir və ölkə onu 2035-ci ilə qədər 5%-ə çatdırmaq üçün NATO qarşısında öhdəlik götürüb.

Bəxtiyar CƏFƏRLİ