Konqo Demokratik Respublikasının 7 əyalətinin 62 bölgəsində Ebola epidemiyası yayılıb. Herbiand.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə virusa 7 404 yoluxma qeydə alınıb. Virus səbəbindən 3 577 nəfər həyatını itirib, 1 776 xəstə isə sağalıb. Son 24 saat ərzində 23 xəstənin sağaldığı bildirilir. Haut-Uele, Cənubi Kivu və Cənubi Ubangi əyalətlərində isə yeni yoluxma halı qeydə alınmayıb.
Epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə bəzi əyalətlərdə peyvəndləmə işləri sürətləndirilib. Sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib, əhali arasında maarifləndirmə tədbirləri də davam etdirilir.
Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində eyni vaxtda baş verən epidemiyalar zamanı aşkarlanıb.
Konqo Demokratik Respublikasında epidemiya Ebola çayının yaxınlığındakı kənddə başladığı üçün xəstəliyə bu çayın adı verilib.
E.Cəfərli