Advertisment

"Ermənistan vətəndaşlarına ittiham elan olunması və məhkəmə işinin yekunlaşması tarixi hadisədir"-Kamran Əliyev

Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir. Hesab edirəm ki, bu işin belə uğurla başa çatdırılması, haqq-ədalətin öz yerini tapması hüquqi qələbə olmaqla yanaşı, həm də tarixi bir hadisədir.

Bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı gününə və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

"Təbii ki, belə bir məhkəmə prosesinin baş tutması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatların nəticəsində mümkün olub. Dəfələrlə çıxışlarımda müxtəlif istintaq situasiyalarının olduğunu bildirmişəm. Bəzən cinayət işləri olur, sübutlar toplanılır, amma biz onu realizasiya edə bilmirik.

Ölkələr var ki, orada hərbi cinayətlər törədilib və sübutlar toplanıb, amma həmin cinayətləri törətmiş şəxslərin məhkəmə məsuliyyətinə cəlb edilməsi mümkün olmayıb. Vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatlar, eyni zamanda, lokal antiterror əməliyyatı nəticəsində şərait yarandı ki, həmin Ermənistan vətəndaşları barəsində artıq məhkəmə hökmləri var", - deyə Baş prokuror vurğulayıb.

Azərtac