Ukraynada müharibənin taleyini həlledici mərhələyə daşıyan soyuq qış mövsümü yaxınlaşdıqca, cəbhədəki döyüşlərlə yanaşı, diplomatik masada da gərginlik pik həddə çatır. ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni prezident seçkilərinin keçirilməsi barədə bəyanatı və Volodimir Zelenskinin buna cavab olaraq 60 günlük tam atəşkəs şərtini irəli sürməsi Kiyev-Vaşinqton oxunda yeni bir siyasi böhranın əsasını qoyub. Hər iki tərəfin enerji infrastrukturlarına hücumları intensivləşdiyi və mülki əhalinin qışla üz-üzə qaldığı bir vaxtda, müharibənin dayandırılması, enerji təhlükəsizliyinin təmin edilməsi və Zelenskinin hakimiyyətdə qalıb-qalmayacağı sualları beynəlxalq birliyin diqqət mərkəzindədir.

AMİP Mərkəzi Şurasının üzvü, siyasi şərhçi Əli Orucov Hərbianda.az-a açıqlamasında bildirib ki, Ukraynada müharibənin gələcək taleyi hərbi əməliyyatlarla yanaşı, ABŞ və Rusiya arasında aparılan diplomatik danışıqlardan da asılıdır: “Tramp Ukraynada prezident seçkilərinin keçirilməsini və Zelenskinin hakimiyyətdən getməsi ilə bağlı fikirlər bir müddət öncə də səsləndirilib. Əslində bu mövzu Putin tərəfində qaldırılarq danışıqların legitim prezidentlə aparılacağının mümkünlüyünü söyləmişdi. Kreml konkret olaraq Zelenskini legitim prezident hesab etmir və onunla təmaslardan qaçır. Əslində bu bəhanədən başqa bir şey deyil. Çünki Rusiya müvəqqəti atəşkəsə razılıq vermir. Kəskin hücumlar və artan hava zərbələri fonunda hər hansı bir seçki keçirmək mümkün deyil. Bunun üçün təhlükəsiz ortam yaradılmalıdır. Trampın təklifinə Zelenski prinsipcə razıdır və bunun üçün 60 günlük atəşkəs istəyir. Peskovun açıqlamasından da göründüyü kimi Rusiya cəmi bir gün səsvermə günü atəşkəsə razı olacağını deyir. Deməli, Trampın başqa təklifləri kimi bu təklifi də Kreml tərəfindən iqnor edildi”.
Siyasi şərhçi hesab edir ki, Ukraynada prezident seçkilərinin baş tutması bilavasitə Rusiyadan asılıdır: “Çünki seçki prosesi uzun bir prosesdir və indiki şərtlər altında bunu keçirmək ağlabatan deyil. Digər tərəfdən Ukraynada hakimiyyətlərin dəyişməsi D.Trampın istəyi ilə baş vermir xalq öz iradəsini ortaya qoymalıdır. Odur ki, indiki halda Ukraynada seçkilrə keçirərək hazırkı prezident Zelenskinin getməsi tələbi Rusiyanın maraqlarına xidmət edir və bu Kiyevə qarşı açıq təzyiqdir. Həm Ukrayna, həm də onun Qərbli tərəfdaşları çətin ki, Ağ Evdən gələn və Rusiyanın əlini gücləndirən tələblərə razılıq versinlər. Məncə, Trampın yanaşması doğru yanaşma deyil və hazırkı reallıqlar prizmasından yanaşıldıqda qeyri-realdır”.
Məhəmməd Əliyev