Advertisment

Jurnalistlərinin qurultayı: sədrliyə namizədlər KİMLƏRDİR?

Oktyabrın 16-da Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək.

Qurultay Bakıda, Rəşid Behbudov adına Mahnı Teatrında saat 09:00-da başlayacaq.

Qurultayda Azərbaycan Mətbuat Şurasının ötən dörd ildəki fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək, qurumun İdarə Heyətinin yeni tərkibi və sədri seçiləcək.

Bundan başqa, Mətbuat Şurasının nizamnaməsinə və “Jurnalistlərin etik davranış qaydaları”na dəyişikliklərlə bağlı təkliflərin müzakirəsi nəzərdə tutulur.

Qurultay nümayəndələri əvvəlcə İdarə Heyətinin yeni üzvlərini seçəcəklər. Daha sonra İdarə Heyətinin üzvləri arasından Mətbuat Şurasının sədri müəyyənləşdiriləcək.

Tədbirin gündəliyinə Azərbaycan Prezidentinə müraciətin qəbul edilməsi məsələsi də daxildir. Xatırladaq ki, qurultayın əvvəlcə oktyabrın 15-də keçirilməsi planlaşdırılsa da, hazırlıq işləri ilə əlaqədar tarix bir gün sonraya dəyişdirilib.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası 2003-cü ildə yaradılıb. Qurumun əvvəlki – VIII qurultayı 2022-ci il sentyabrın 24-də keçirilib. Həmin qurultayda Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. O, bu vəzifədə Əflatun Amaşovu əvəzləyib.

Jurnalistlərin qurultayı üzrə təşkilat komitəsinin üzvü, media eksperti Müşfiq Ələsgərli Musavat.com-a bildirib ki, Azərbaycan Jurnalistlərinin Qurultayı ölkəmizin media təmsilçilərinin bir araya toplaşdığı ən böyük platformadır. Qurultayda ənənəvi olaraq 3 istiqamət üzrə müzakirələr keçirilir: “Bu sırada media sahəsində mövcud tendensiyalar, ölkə mediasının prioritet hesab etdiyi məsələlər müzakirə olunaraq uyğun rəylər verilir. Həmçinin, toplantıda Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılır. Nəhayət, Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksinə zəruri yeniliklərin edilməsi məsələsinə baxılır. 9-cu qurultayın da ümumilikdə bu çərçivədə keçirilməsi planlaşdırılır. Qurultay üzrə Təşkilat Komitəsi hər 3 istiqamət üzrə hazırlıqlar həyata keçirir. Hazırlıq işlər lazımı səviyyədə həyata keçirilib və yekunlaşdırma mərhələsindədir. İnanırıq ki, oktyabrın 16-da toplantı yüksək səviyyədə baş tutacaq. Məlumdur ki, ölkənin aparıcı media subyektləri Mətbuat Şurasının İdarə Heyətində görmək istədikləri şəxslərin namizədliklərini irəli sürürlər. Həmçinin, qurultaya nümayəndələr təyin edirlər. Bu proses oktyabrın 12-də yekunlaşıb. Nəticələr göstərir ki, həm 9-cu qurultaya, həm də Mətbuat Şurasının İdarə Heyətində təmsilçiliyə böyük maraq mövcuddur. Həm əvvəlki tərkibdə olan şəxslər sırasından namizədlər göstərilib, həm də yeni adlar var. Təbii ki, bu, ilkin təqdimatdır. Yekun seçim qurultaydakı səsvermədən asılı olaraq müəyyənləşdiriləcək”.

M.Əlsəgərli qeyd edib ki, Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksinə yeniliklər üzrə də təkliflər hazırlanıb: «Bu təkliflər rəqəmsal transformasiya dövrünün şərtlərini ehtiva edir. Həmin təkliflər də qurultayda səsverməyə çıxarılacaq. Ümumiləşdirsək deyə bilərik ki, qurultaya hazırlıq işləri qüsursuz halda yerinə yetirilib”.

Əməkdar jurnalist Azər Həsrət isə bildirib ki, Mətbuat Şurasında sədrliyə iddiası yoxdur: “İllər öncə açıqlama vermişdim ki, Mətbuat Şurası sədrliyi mənim üçün keçilmiş mərhələdir, belə bir iddiam olmayacaq. İndi də iddiam yoxdur. İdarə Heyətinə əlbəttə namizədliyim olacaq və seçilərəmsə yenə də xidmətimi davam etdirəcəyəm. Məni tanıyanlar bilir ki, sözünün ağası olan və zəhmətkeş jurnalist kəsiminə yaxın olan birisiyəm. Elə də qalmağa davam edəcəyəm”.

AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı isə bildirib ki, Mətbuat Şurasının heç bir seçkili orqanına namizəd olmağı düşünmür: “Həm İdarə Heyətinə, həm də NTK-ya seçilə biləcək dəyərli həmkarlarım var. Onlara səs verəcəyəm. Özümün Mətbuat Şurasında heç bir iddiam yoxdur”.