Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün plenar iclasında dəniz və hava naviqasiyasının təhlükəsizliyinin təmin olunmasına çağırıb.
Herbiand.az xəbər verir ki, nazir Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin qlobal təchizat zəncirlərinin, enerji və ərzaq təhlükəsizliyinin qorunması baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Əbdüllətif bin Rəşid Al Zayani husilərin Səudiyyə Ərəbistanının Ər-Riyad, Əbha, Cazan və Nəcran hava limanlarına hücumlarını pisləyib. Bu hücumlar nəticəsində mülki şəxslərin həlak olmasını beynəlxalq hüququn və Çikaqo Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirən nazir Bəhreynin Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğunu vurğulayıb.
Bəhreynin xarici işlər naziri süni intellektin idarə olunması üzrə beynəlxalq müqavilənin qəbul edilməsinin vacibliyini də qeyd edib. Bildirib ki, təşəbbüsün məqsədi innovasiyalara mane olmaq deyil, onları qorumaqdır.
Nazir dənizdə və havada təhlükəsiz və maneəsiz naviqasiyanın təmin edilməsinə, eləcə də beynəlxalq hüquqa uyğun tranzit keçid hüququnun qanunsuz məhdudiyyətlər və rüsumlar olmadan həyata keçirilməsinə çağırıb.
O, Azərbaycanın təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı üzrə etimad quruculuğu tədbirinin əlaqələndirilməsindəki rolunu qeyd edərək, həmin təşəbbüsün dəniz və hava naviqasiyasının təhlükəsizliyini də əhatə edəcək şəkildə genişləndirilməsini təklif edib.
Əbdüllətif bin Rəşid Al Zayani regionda davamlı sülhün təmin olunması üçün Fələstin məsələsinin ədalətli həllinin və İsrail ilə yanaşı müstəqil Fələstin Dövlətinin yaradılmasının vacibliyini də vurğulayıb.
Nazir Bəhreyn Krallığının dəniz, hava və iqtisadi əlaqələri təmin edən beynəlxalq qayda və qanunlara sadiq olduğunu bildirib və Asiyanın ortaq rifahının təhlükəsizlik və sülh üzərində qurulmalı olduğunu qeyd edib.