Norveç futbolunda və Avropa kuboklarında sensasiya yaradan “Budyo-Qlimt” klubunun inanılmaz yüksəlişinin pərdəarxası məqamları üzə çıxıb.
Komandanın qazandığı tarixi uğurların baş memarlarından biri keçmiş qırıcı təyyarə pilotu Byörn Mannsverkdir.
Herbiand.az xəbər verir ki, B.Mannsverk tam 20 il Norveç Hərbi Hava Qüvvələrində qırıcı pilot kimi xidmət edib. Bir vaxtlar aşağı liqaya düşən Norveç təmsilçisi məhz keçmiş hərbçinin tətbiq etdiyi psixoloji hazırlıq metodları sayəsində ölkə çempionluqları qazanıb və Avropanın nəhəng klublarına meydan oxumağa başlayıb.
Tarixi dönüşün təməli 2016-cı ildə qoyulub. Həmin mövsüm aşağı liqaya yuvarlanan “Budyo-Qlimt”in futbol direktoru Hovard Sakariassen komandanın əsas probleminin texniki çatışmazlıqdan daha çox psixoloji dayanıqsızlıq olduğunu müəyyən edib.
Problemin həllini futbol dünyasından kənarda axtaran klub rəhbərliyi hərbi karyerası ərzində ekstremal şəraitdə psixoloji dözümlülük və diqqətin idarə olunması üzrə zəngin təcrübə qazanmış keçmiş pilot Byörn Mannsverkə müraciət edib.
2017-ci ildə komandada fəaliyyətə başlayan Mannsverk futbol haqqında dərin biliklərə malik olmadığını gizlətmirdi. Lakin o, futbolçuların təzyiq altında davranmaq və düşünmək tərzini köklü şəkildə dəyişməyə müvəffəq oldu.
Baş məşqçi Kjetil Knutsenlə çiyin-çiyinə çalışan keçmiş hərbçi oyunçulara nəzarət edə bilmədikləri son nəticə barədə narahat olmaq əvəzinə, meydandakı ani qərarlarına və prosesin özünə diqqət yetirməyi öyrətdi.
Mannsverkin tətbiq etdiyi “1 faiz qaydası” komandanın fəlsəfəsinə çevrildi: kiçik, lakin davamlı irəliləyişlər zamanla böyük zəfərlər gətirir.
Bu psixoloji yanaşma tezliklə öz bəhrəsini verdi. Aşağı liqadan yüksələn “Budyo-Qlimt” Norveç futbolunun ən dominant komandasına çevrildi.
2020-ci il: Komanda keçirdiyi 30 oyunda 103 qol vuraraq tarixində ilk dəfə Norveç çempionu oldu.
2021, 2023 və 2024-cü illərdə klubu ölkə futbolunun şəksiz liderinə çevdildi.
Bu gün “Budyo-Qlimt” yalnız daxili çempionatda deyil, Çempionlar Liqasında da intizamlı oyunu ilə diqqət mərkəzindədir.
Aydın
Hebriand.az