Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) yaradılmasının 43-cü ildönümü qeyd olunur.
Herbiand.az xatırladır ki, 15 noyabr 1983-cü ildə elan edilən Şimali Kipr Türk Cümhuriyyəti Kipr türk xalqının öz müqəddəratını təyin etmək və dövlətçilik iradəsini dünyaya bəyan etmək uğrunda mübarizəsinin mühüm nəticəsi oldu.
1960-cı ildə yaradılmış Kipr Respublikasında türk və yunan icmaları arasında münasibətlər sonrakı illərdə kəskinləşdi. 1963-cü ildən etibarən kiprli türklərə qarşı zorakılıq halları artdı, icmalar arasında silahlı qarşıdurmalar baş verdi.
1974-cü il iyulun 15-də Yunanıstanın dəstəklədiyi hərbi çevriliş nəticəsində Kipr prezidenti III Makarios hakimiyyətdən uzaqlaşdırıldı. İyulun 20-də Türkiyə adada yaşayan kiprli türklərin təhlükəsizliyini əsas gətirərək hərbi əməliyyata başladı. Bu hadisə tarixə Kipr Sülh Hərəkatı kimi düşdü.
1975-ci il fevralın 13-də Kipr Türk Federativ Dövləti elan edildi. Növbəti illərdə siyasi proseslər davam etdi və 1983-cü il noyabrın 15-də Kipr Türk Federativ Dövlətinin Məclisi öz müqəddəratını təyin etmək hüququna əsaslanaraq yekdilliklə Şimali Kipr Türk Cümhuriyyətinin yaradıldığını bəyan etdi. Dövlətin qurucu prezidenti Rauf Raif Denktaş oldu.
Hazırda KKTC-nin prezidenti Tufan Erhürmandır.
Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması məsələsi gündəmdə qalmaqdadır. Türkiyə KKTC-ni müstəqil dövlət kimi tanıyan yeganə ölkədir. 2022-ci ildə Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilib.
Bu status türk dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı baxımından mühüm platforma hesab olunur.
Aydın