“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin təşkilatçılığı və Batı Göz Klinikası ilə əməkdaşlıq çərçivəsində 6 noyabr 2026-cı il tarixində sosial layihə həyata keçirilib. Bu barədə Herbiand.az-a açqılamasında ictimai birliyin sədri Radə Abbas məlumat verib.
Onun sözlərinə görə, layihə çərçivəsində şəhid ailələrinin üzvləri, qazilər və onların ailələri, veteranlar, eləcə də aztəminatlı ailələrin nümayəndələri olmaqla, ümumilikdə 110 nəfər ödənişsiz göz müayinəsindən keçirilib.
Zəfər Bayramı ərəfəsində reallaşdırılan bu təşəbbüsün əsas məqsədi şəhid ailələri, qazilər, veteranlar və digər həssas əhali qruplarının nümayəndələri arasında göz xəstəliklərinin erkən aşkarlanmasına, vaxtında tibbi müdaxilənin təmin edilməsinə və sağlamlıqlarının qorunmasına dəstək göstərməkdir.
Müayinələr Batı Göz Klinikası tərəfindən tamamilə ödənişsiz və yüksək keyfiyyətlə həyata keçirilib.
Layihə sosial həssas qruplara diqqət və qayğının artırılması, onların sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sosial layihə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının ofisində yüksək səviyyədə təşkil olunub.
Müayinəyə gələn iştirakçılar üçün eyni zamanda maarifləndirici seminar keçirilib. Müayinələr zamanı ciddi göz problemləri aşkarlanan şəxslərin ətraflı müayinədən keçməsi və müvafiq müalicə alması məqsədilə Batı Göz Klinikasına dəvət olunması təmin edilib.
Təşəbbüs çərçivəsində iştirakçılar üçün çay süfrəsi açılıb, şəhidlərin əziz xatirəsinə ehsan verilib. Tibbi müayinələr başa çatdıqdan sonra Zəfər Bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Şəhid anaları çıxış edərək göstərilən diqqət və qayğıya görə layihənin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbirdə çıxış edərək şəhid analarına ehtiramını ifadə edib, onların Vətən qarşısında göstərdikləri fədakarlığın heç vaxt unudulmayacağını vurğulayan xoş sözlər söyləyib.
Döyüşçü prokuror Fərman Rzayev də tədbirdə iştirak edərək öz ürək sözlərini bölüşüb. Tədbirin ən kövrək məqamlarından biri isə antiterror əməliyyatları zamanı şəhid olmuş Oleq Cəfərovun doğum gününün qeyd edilməsi olub. Şəhidin üç yaşlı yeganə övladının da tədbirdə iştirakı iştirakçılar tərəfindən böyük duyğusallıqla qarşılanıb.
Layihənin davamı olaraq Qarabağın işğaldan azad edilmiş ərazilərində, xüsusilə Xocalı rayonunda da “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə əhali üçün ödənişsiz göz müayinələrinin keçirilməsi nəzərdə tutulur.
Tədbir zamanı foto və video çəkilişlər aparılıb, layihə ilə bağlı materiallar kütləvi informasiya vasitələrində yayımlanıb.
“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi layihənin həyata keçirilməsinə göstərdiyi böyük dəstəyə görə YAP Səbail rayon təşkilatının bütün kollektivinə, xüsusilə təşkilatın sədri Muxtar Nağıyevə dərin təşəkkürünü bildirir.
Murad