Advertisment

İran ABŞ-nin hərbi pilotsuz uçuş aparatını vurdu

İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-1 tipli kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə IRNA agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Bildirilib ki, PUA Hörmüz boğazındakı Qəşm adası üzərində aşkarlanaraq SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub.

SEPAH-ın açıqlamasına görə, bu, 40 günlük müharibənin başa çatmasından sonra İran qüvvələrinin məhv etdiyi 17-ci MQ-1 pilotsuz uçuş aparatıdır. Həmin müddətdə ABŞ-yə məxsus 56 MQ-9 tipli PUA-nın da vurulduğu iddia edilir.

İran tərəfi son gecələr ABŞ-nin bölgədə kəşfiyyat fəaliyyətini intensivləşdirdiyini və İranın hava hücumundan müdafiə sistemlərinin mövqelərini müəyyənləşdirməyə çalışdığını bildirib. SEPAH həmçinin ABŞ-ni Hörmüz boğazındakı vəziyyətə təsir göstərmək və dünya bazarında neft qiymətlərini aşağı salmaq məqsədilə fəaliyyət göstərməkdə ittiham edib.

İran hərbçiləri bu cəhdlərin nəticəsiz qaldığını və Hörmüz boğazına nəzarətin ölkənin əlində olduğunu bəyan ediblər.

Qeyd edək ki, Qəşm adası Hörmüz boğazının şimal girişində yerləşir və İranın ən böyük adası hesab olunur.