Advertisment

Dağıstanda Rusiya çempionatının mükafatçısı güllələnərək öldürülüb

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək öldürülüb.

Rusiya mediasının məlumatına görə, hadisə “Marrakeş” banket zalının yaxınlığında baş verib.

Bildirilib ki, tədbirdə iştirak edən idmançı binadan çıxdıqdan sonra qara rəngli “Toyota Camry” avtomobilindən ona atəş açılıb.

Güllələrdən biri Davudovun başına dəyib. Yaralı idmançı xəstəxanaya çatdırılarkən yolda həyatını itirib.

Hadisəni törədən şəxslər ərazidən qaçıblar. Onların istifadə etdikləri avtomobil axtarışa verilib.

Qeyd edək ki, Məhəmməd Davudov Rusiyanın idman ustası, 2016-cı ildə cüdo üzrə Avropa Kubokunun qalibi və 2023-cü ildə sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı olub.