İordaniyanın Dövlət Təhlükəsizliyi Məhkəməsi oktyabrın 23-də Əl-Kərək əyalətindəki pravoslav kilsəsində törədilən terror aktının üç icraçısını ölüm cəzasına məhkum edib.
Bu barədə İordaniyanın “Petra” informasiya agentliyi məlumat yayıb.
Məhkəmə təqsirləndirilən şəxsləri insan tələfatına səbəb olan terror aktları törətmək üzrə doqquz epizodda təqsirli bilib. Onlar həmçinin silah və döyüş sursatlarından istifadə etməklə terror aktları törətməkdə, silahlı terror aktları həyata keçirmək məqsədilə əlbir olmaqda və terror qruplaşmasının ideyalarını təbliğ etməkdə təqsirli biliniblər.
Məhkumlardan biri əlavə olaraq terror aktlarının maliyyələşdirilməsi üçün vəsait təmin etməkdə təqsirli hesab edilib. Hökmə qarşı apellyasiya şikayəti verilə bilər. Qanunvericiliyə əsasən, qərara istənilən halda İordaniyanın Kassasiya Məhkəməsində baxılmalıdır.
Qeyd edək ki, oktyabrın 23-də üç terrorçu Əl-Kərək əyalətinin Həmmud rayonunda yerləşən Müqəddəs Georgi pravoslav kilsəsini atəşə tutub. Dəfn mərasimi zamanı törədilən terror aktı nəticəsində 9 nəfər ölüb, daha 34 nəfər yaralanıb.
Terrorçular hadisə yerindən qaçsalar da, sonradan İordaniya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.
APA