Naxçıvan şəhərində Vətən müharibəsi şəhidi, əsgər Qurbanov Xansu Elsevər oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib.
Şəhid ailələri, qazilər, dövlət və hökumət nümayəndələri, eləcə də şəhər sakinlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin məzarı üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Çıxışlarda şəhidin həyatından və döyüş yolundan bəhs edilib. Vətən müharibəsi zamanı döyüşlərin ön sıralarında vuruşan Xansunun «Ölümsüz» ləqəbi ilə döyüş yoldaşlarının və onu tanıyanların qəlbində əbədi yer tutduğu vurğulanıb.
Tədbirdə şəhidin anası Yəmən xanım da çıxış edərək oğlunun həyatından, ailəsinə bağlılığından, xüsusilə atasız bacılarına və anasına göstərdiyi qayğıdan danışıb. Onun Vətənə xidmət etdiyi dövrdən qürurla söz açıb.
Zəhmətkeş, ailəcanlı və dostcanlı olan Xansunun döyüş meydanında göstərdiyi şücaət, qorxmazlıq və çeviklik silahdaşları tərəfindən daim heyranlıq və sevgi ilə xatırlanıb.
Kəşfiyyatçı olduğu üçün daim ön sıralarda yer alan, cəsarəti və qətiyyəti ilə döyüş yoldaşlarına nümunə olan Xansu Qurbanov Hadrutdan başlayan döyüş yolunda addım-addım irəliləyərək ən ağır döyüşlərin getdiyi Qırmızı Bazar qəsəbəsinə silahdaşları ilə birlikdə çatıb.
Hər gün neçə-neçə döyüş yoldaşının gözləri qarşısında yaralanması, şəhid olması onu yolundan döndərməyib. Şuşaya doğru hərəkət edən 120 nəfərlik könüllü dəstənin ön sıralarında yer alıb.
2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Lakin müharibənin başa çatmasına cəmi saatlar qalmış, noyabrın 9-da Xansu Qurbanov şəhidlik zirvəsinə ucalıb.
Bu müqəddəs savaşa sonunu düşünmədən, Vətən torpaqlarını işğaldan azad etmək əzmi ilə yollanan qəhrəman şəhidimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə «Vətən uğrunda», «Xocavəndin azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.
Ruhu şad, məkanı cənnət olsun!
Bəxtiyar Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü