Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) davam edir. Dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, alimlər, ekoloqlar və vətəndaş cəmiyyəti nümayəndələri qlobal iqlim problemlərinin həlli yollarını müzakirə edirlər.
Konfransın əsas diqqət mərkəzində iqlim dəyişmələrinin təsirlərinin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı və su ehtiyatlarının qorunması dayanır.
Xüsusilə qlobal istiləşmə, quraqlıq, su çatışmazlığı və biomüxtəlifliyin azalması kimi problemlər beynəlxalq əməkdaşlığın vacibliyini bir daha gündəmə gətirir. COP31 ölkələrə iqlim öhdəliklərini qiymətləndirmək, ortaq strategiyalar müəyyənləşdirmək və dayanıqlı gələcək naminə konkret addımlar atmaq imkanı yaradır.
“COP31 iqlim dəyişmələri ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, dövlətlərin ekoloji öhdəliklərinin müzakirəsi və qlobal problemlərin həlli yollarının müəyyənləşdirilməsi baxımından mühüm platformadır. Bu konfransın başlıca məqsədi iqlim dəyişmələrinin mənfi təsirlərini azaltmaq, ekoloji təhlükəsizliyi təmin etmək və gələcək nəsillər üçün dayanıqlı ətraf mühit formalaşdırmaqdır”. Bunu Herbiand.az-a açıqlamasında “Ekorise" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev deyib.
Onu sözlərinə görə, müasir dövrdə beynəlxalq ekoloji gündəliyin ən aktual məsələlərindən biri su çatışmazlığı və su ehtiyatlarının səmərəli idarə olunmasıdır: “Qlobal istiləşmə, yağıntıların qeyri-bərabər paylanması, quraqlıq, buzlaqların əriməsi və su ehtiyatlarının çirklənməsi dünyanın bir çox regionlarında ciddi su təhlükəsizliyi problemləri yaradır. Xüsusilə kənd təsərrüfatının suvarma suyundan asılı olduğu ölkələrdə bu problem ərzaq təhlükəsizliyinə, iqtisadi inkişafa və əhalinin sosial rifahına birbaşa təsir göstərir.
Azərbaycan da su ehtiyatlarının məhdudluğu, transsərhəd çaylardan asılılıq və iqlim dəyişmələrinin yaratdığı risklərlə üzləşən ölkələr sırasındadır. Bu baxımdan su itkilərinin azaldılması, suvarma sistemlərinin müasirləşdirilməsi, damcı və yağmurlama suvarma texnologiyalarının geniş tətbiqi, alternativ su mənbələrindən istifadə xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, çayların, göllərin, su anbarlarının və yeraltı su ehtiyatlarının qorunması, çirkab suların təmizlənərək təkrar istifadəsi dövlət siyasətinin və ekoloji proqramların prioritet istiqamətlərindən olmalıdır. COP31 çərçivəsində su diplomatiyasına, transsərhəd su hövzələrinin birgə idarə edilməsinə və su ehtiyatlarının qorunması üzrə regional əməkdaşlığa daha çox diqqət yetirilməsini vacib hesab edirəm.
Bu prosesdə elmi tədqiqatların nəticələrindən istifadə, müasir texnologiyaların tətbiqi, ekoloji maarifləndirmə və vətəndaş cəmiyyətinin fəal iştirakı mühüm rol oynayır. Əminəm ki, su təhlükəsizliyinə yalnız ekoloji məsələ kimi deyil, həm də iqtisadi, sosial və milli təhlükəsizlik məsələsi kimi yanaşmalıyıq”.
Aydın
Herbiand.az