Advertisment

MÜHARİBƏ

Mütləq olaraq bu və ya digər səbəblər üçün milləti müharibəyə təşviq etmək tərəfdarı deyiləm. Müharibə məcburi və həyati səbəblərdən yaranmalıdır. Həqiqi düşüncəm budur: Xalqımla birgə savaşa doğru addımlayarkən vicdan əzabı çəkməməliyəm. "Öldürəcəyik" deyənlərə qarşı "ölməyəcəyik" deyə müharibəyə üz tuta bilərik. Fəqət xalqımın həyatı təhlükədə olmadığı təqdirdə müharibə bir cinayətdir.    

Mustafa Kamal Atatürk.

Stoa fəlsəfəsinə istinadən, insanoğlu dünyaya göz açdığında gələcəkdə heç bir mənfi təsirə məruz qalmayacağı halda fitnəkarlıq vəd etmir. Bu təməl nəzəriyyə ilə irəliləyərək qeyd etmək istəyirəm ki, fərdin, şəxsiyyətin yönünün dəyişməsinə səbəb olan ən böyük amil cəmiyyət məfhumudur. Hansı ki, bu qavram bir insanı həm ən yüksək dağların zirvəsinə qaldırmaq, həm də ən dərin çökəkliklərin süxurlarına bənd etmək(potensial olaraq bu versiya üstünlük təşkil edir) iqtidarındadır. Bəşər ömür sürdükcə, yaşa dolduqca toplumda rastlaşdığı hadisələri zehnində süzgəcdən keçirərək materialist və idealist anlayışlara qismən bələd olur. Xilqətinin bünyadındakı hisslərə, fikirlərə vaqif olmaq insanın özü ilə ciddi anlamda tanışlığının ilk göstəricisidir. O özünü ətrafındakılarla müqayisə edir, fikir mübadiləsi yaradır, hər bir şəxsiyyətin ilkin proqnozlarını təsəvvüründə canlandırır. Kainatda mövcud olan qəlibləşmiş duyğuların məcmusu bir insanın zehninin aynasında sərasər əks olunanda işin ən çətin qismi başlayır: Bu güzgüdə əks olunan amillərlə öz xarakterinə münasib formada seçim etmək. Çünki bu dəmdə fərd özünü formalaşdırmaq imtiyazını əldə etmişdir. Labüd bir qəziyyəni adlamamalıyıq; Bu seçimlər daxilində bir sıra kateqoriyalar var ki, insan onları mütləq və mütləq şəkildə həyatına daxil etməli, heç bir halda imtina etməməlidir. Mövzu çərçivəmizdən kənara çıxmamaq üçün məhz əsas obyektin ibarət olduğu duyğuları, kateqoriyaları sadalayacağam:

  1. Hirs.
  2. Rəqabət.

İnsan ömrü boyunca bu iki mücərrəd anlayışdan ruhunu azad edə bilməz. Çünki xilqətin bünövrəsindən yaxa qurtarmaq mümkün deyildir. Diqqət edin, sadaladığım hər iki məfhum bir-birilə zəncirvari şəkildə əlaqədardır. Rəqabətin, ədavətin təməlində hirs bərqərar olur. Və məhz bu hirs qavramı kəmiyyətindən asılı olaraq insanın toplumdakı mövqeyini təyin etmək qüvvəsinə malikdir. Bir fərd ya öz hirsinin miqdarını düzgün şəkildə tənzimləyə bilmədən qəddarlaşacaq, ya da kəmiyyətin çərçivələrini tanıyaraq öz zəfər bayrağını qaldıracaq. Bəs bu zəfər, bu qələbə, eyni zamanda məğlubiyyət, hansı mövqelərdə özünü daha qabarıq şəkildə büruzə verir? Toplumun bir şəxsiyyətin həyatındakı təsiri ilə əlaqədar ilkin məlumat verdik, bəs cəmiyyətin öz təməlində nə dayanır? Hər iki sualı sağ və sol yöndən şaxələndirərək yekun məqamda orta nöqtədə bərqərar edək: Fərdin sahib olduğu xarakterin püxtələşməsinin və hansı yöndə istifadə olunmasının təyinedicisi dövlətdir. Çünki dövlət bəşəriyyətin hirsinin və rəqabətinin məcmusunun təcəssümüdür. Dövlət insanın imtiyaz mərhələsindəki həmin o aynanın özüdür. Bütün bəşəriyyətin tarixi, əxlaqi, ədəbi, hüquqi istiqamətinin keçid dövrü isə dövlətlərin mənfəət hirsindən doğan rəqabətidir, yəni müharibədir.

 Tarixən şəxsi konfliktlər də, sərvət genişləndirməklə əlaqədar istəklər də, böyük ərazilərə sahib olmaq məramları da, milli, irqi, dini dominantlıq və hegemonluq planları da səltənətlər arasında ədavətə zəmanət verib. Eyni zamanda azadlıq, hürriyyət məfkurələrinin son dayanacağı müharibə zəmini olmuşdur. Müharibə bəşəriyyətin ən həssas məqamıdır. Canlar, qanlar bahasına hər hansısa idealogiyanın və ya mənfəətlərin zəfəri hərb qavramının özəyidir. Əbəs yerə məqalənin başlanğıcında əski Türkiyə Cümhuriyyət lideri Mustafa Kamal Atatürkdən sitat gətirməmişəm; Müharibə insani dəyərlərə sadiq qalmaq naminə yalnızca müdafiə strukturuna sahib olmalıdır. Fəqət heyhat, siyasət və humanizm anlayışlarını bir-birinə bənd etmək niyyətində olan kəndir gərilməkdən gücsüzlüyə mübtəladır. Politologiyanın, militarizmin və bu kimi bir-birlərinin məramlarına xidmət edən sahələrin bünövrəsində dərin insan psixologiyası qərar tutmuşdur. Məqalənin bundan öncəki hissəsində qeyd etdiyim kimi, insan hirs və rəqabətdən əlini üzmək şansına sahib deyil. Gəlin bir neçə il öncə mütaliə etdiyim, o zamanlar mahiyyətinə kifayət qədər bələd olmadığım üçün bəyənmədiyim, amma bəşəri hisslərin təsvirini dərindən öyrəndikcə heyran olduğum bir kitabdan bəhs edim: Uilliam Holdinq – Milçəklər Tanrısı. Kitabın xülasəsi belədir: Təyyarə qəzası nəticəsində xeyli azyaşlı uşaq bir adaya düşür(Bir adaya yalnızca uşaqların, kiçiklərin düşməsi səthi yanaşmada hər nə qədər təsadüfi və absurd görünsə də, metaforik olaraq möhtəşəm bir detaldır və bu məqama fəlsəfi aspektdən yanaşmaq zəruri səciyyə daşıyır. Çünki uşaqlıq hər birimizin cilalanmamış halının rəmzi kimi təsvir edilmişdir). Adaya düşən uşaqlar uzun müddət birlikdə yaşamaq məcburiyyətində qalırlar. Qısa zaman kəsiyində artıq anlaşmazlıqlar, dominantlıq istəyi, idarəetmə məqsədləri peyda olur. Qruplaşmalar meydana gəlir və bu qrupların özündə də liderlər təyin olunur. Addımbaaddım vəziyyət gərginləşir, qruplararası münaqişələr yaranır və bu konfliklər bir sıra uşaqların ölümünə səbəb olacaq qədər təhlükəli duruma gəlir. Qidalanma, azuqə, ən güclünün kim olduğunu sübut etmək, intiqam və s. Bu kimi məqsədlər naminə adadakı “müharibələr” olduqca ciddiləşir. Ən sonda öz hirsinin və rəqabətinin sədlərini aşan azyaşlılarımız yamyaşıl adanın alovlara bürünməsinə, alışmasına səbəb olurlar. Düşünürəm ki, bu yanğın da yazıçı tərəfindən təsadüfi olaraq işlənməyib, insan ruhundakı cəhənnəmin əksi kimi qələmə alınıb. Sözün əsl mənasında bəşəri problemləri özündə əks etdirən bu roman ciddi bir gerçəyin parlaq nümunəsidir. Ən başda qələmə aldığım kimi, stoaçı fəlsəfə insanın saf halının zərərsiz olduğunu, cəmiyyətdəki hadisələrin mənfi təsiri nəticəsində təhlükəli hala gələ biləcəyinin qaçılmaz olduğunu təlim edir. Eynilə əsərdə təyyarə qəzası əsnasında azyaşlıların fitnə törətmə ehtimalı mövcud deyilkən, adaya düşdükdən qısa müddət sonra özlərinə aid olan cəmiyyətin onların mənfi sifətlərini aşkar etmə potensialının yaranması da bu nəzəriyyə ilə üst-üstə düşür. Adlamamalı olduğumuz əsas məqam isə bundan ibarətdir - Fitnəkar azyaşlıların labüd arzusu var idi: Özlərinə məxsus dövlət və səltənətə sahib olmaq.

 İnsanlar arasında müharibə ilə əlaqədar xeyli qəlibləşmiş düşüncələr var. Hansı ki, bu düşüncələrin bir çoxuna bəraət qazandıra bilirik. Dövlətlərarası, bilvasitə xalqlararası toqquşmalar insan təbiətindəki ən qızğın amillərin önə çıxmasına zəmanət verir. İnsan var olduqca ədavət də var, fəqət bu ədavətin sövdələşmələr prinsipi ilə davam etməsi insanın kamilliyinin göstəricisidir. Müharibəni başlatmaq əsla və əsla kamil nizamın göstəricisi ola bilməz. “Müharibədə qalib gəldik” ifadəsi çox zaman mənim aspektimdən natamam olaraq qiymətləndirilir. Müharibədə düşmən üzərində qələbə çalmaq başqadır, öz kamil prinsiplərini icra edərək, böyük itki vermədən, ədalətli yolla mənfəətə sahib olaraq zəfərlə üzləşmək isə tamam başqadır. Düşmənin məğlub edilməsinə rəğmən orduda saysız-hesabsız itki, iqtisadiyyatın ciddi anlamda çöküşü, əhalinin rifah halının məhvi, şəhərlərin tanınmaz hala salınması kimi mövzular mövcuddursa, deməli, bu, qələbə deyil. Qələbə, zəfər, qalibiyyət fəhmləri gələcəyə zəmanət verməlidir. Əgər mənim lideri olduğum dövlət hər hansısa başqa bir dövlət üzərində zəfər çalıbsa və buna baxmayaraq, müharibədən sonra illərlə mənim xalqımın həyat standartları ciddi şəkildə minimuma enəcəksə, mən özümü qalib hesab edə bilmərəm. Neqativ pəncərədən deyək: Müharibə qaçılmazdır. Fəqət ləyaqətsizliyin, ədalətsizliyin, çərçivəsindən çıxmış hirsin, düşünülməmiş addımların, zillətin qaçılmaz olub-olmaması isə insan cəmiyyətinin əsaslarını şaxələndirən dövlətin əlindədir - İnsanın, bəşəri məfkurənin həm mənbəyi, həm də mənsəbi olan dövlətin.