Yazıram. Heç kim inciməsin. Az öncə AzTV-də 4 deputatın Fransa Senatının məlum qətnaməsi ilə bağlı çıxışlarına baxdım. Açığı, bir qədər də kədərləndim. Düzdür, AzTV belə məsələlərə çevik münasibət bildirməlidir və düz də edir. Yəni AzTV üzərinə düşəni edir. Bu, öz yerində.
Amma deputatlarımıza baxdıqca bir sual məni yeyib dağıtdı: siz, deputatlar, şəxsən Fransa Senatının üzvləri ilə hansı işi aparmışınız? İllərdir parlamentdə kürsü zəbt edirsiniz, amma daim Fransadan, Avropa Birliyindən, Avropa Şurasından, ATƏT-dən əleyhimizə qətnamələr, qərarlar, bəyanatlar çıxır. Niyə də, niyə? Deyirdiniz ki, erməni lobbisinin işidir. Bilirik onu. Bəs sizin işiniz nədir axı? Yəni necə olur ki, Senatdakı səsvermədə 295 deputat anti-Azərbaycan qətnaməyə səs verir, cəmi bir nəfər əleyhinə olur? Yəni siz deputatların hərənizin orda heç olmasa 3-5 nəfər əlaqədə olduğunuz, yazışdığınız, bilgiləndirdiyiniz deputat yoxdur? Yoxdursa, nə günə parlamentdə kürsüdən bərk-bərk yapışıb işinizi AzTV-dən boy verməklə bitmiş sanırsınız?
Xanımlar və cənablar! Erməni lobbisini də, firəngləri də bilirik. Amma gəlin, bir balaca da özümüzə baxaq da. Milli Məclisin ağzı söz tutmayan deputatları varkən, vallah, billah, erməninin heç əziyyət çəkməsinə gərək yoxdur! Bu adamlar işləmirlər! İşləmir bizim parlament üzvlərinin böyük əksəriyyəti! Ay kişilər, bunların bir çoxları heç sosial mediadan normal istifadə etmir axı! Çoxlarının Twitter hesabları deputat seçiləndən sonra açılıb! Açılandan sonra da ən passiv hesablar kimi bir küncdə qalır! Belə siyasətçi olar? Belə deputat olar?
Yaxşı bəhanəmiz var! Bir uğursuzluq olan kimi “erməni diasporu”, “erməni lobbisi” deyib AzTV-dən bağırırıq! Hara kimi gedəcəyik bu üsulla?
Parlamenti mümkün qədər tez buraxmaq və yenidən təşkil etmək lazımdır. Yoxsa hər məsələyə cənab Prezidentin özü cavab verməli olacaq. O da insandır, bir gün onun da enerjisi tükənəcək axı.
Yeri gəlmişkən, Milli Məclisin indiki sədri Sahibə Qafarova sələflərindən fərqli olaraq çox fəaldır. Alqışlayırıq. Bir neçə fəal deputat da diqqətimizdədir. Onları da alqışlayırıq. Amma iş təkcə sədr və 5-10 fəal deputatla olmur. Parlamentin bütün üzvləri işləməlidir! İşləmirlərsə, orda kürsünü zəbt etməsinlər. Ayıbdır sadəcə! İllərdir o işi ən uyğun və uğurlu şəkildə görə biləcək hazır kadrları küncə sıxışdırırıq. Sonra da deyirik ki, “erməni lobbisi” bizə qarşı nəsə etdi! Biz yatmağa davam etdikcə ermənilər gəlib hələ üstümüzdən də keçəcəklər belə getsə. Qurtuluş yolunu bilirik, yolumuzu açın, bu işləri iş bilənlərə buraxın. Onda görünəcək ki, “erməni lobbisi” doğrudanmı çox güclüdür?
Nə isə! İçim özümü yandırır, çölüm özgəni...