Əxlaqlı cəmiyyət. Məhz belə cəmiyyət ədalətin təminatçısı ola bilər. Ədalətli cəmiyyətin can atdığı dəyərlərdən biri də məhz sülhdür.
Sülh insanların əmin-amanlığı üçün çox vacib dəyərdi.
Bu gün Azərbaycanın sülhə ehtiyacı var.
Amma...
Əvvəlcə əxlaq anlayışına bir ekskurs edək. İnsanları və cəmiyyətləri doğru yola yönəltmək və onları əxlaqlı etməyin çox istifadə edilən üsullar var. Onlardan biri də məhz dindir. Sözsüz ki, din və Allah xofu barədə çox müxtəlif yanaşmalar var. Bunların içərisində Mirzə Fətəli Axundovun yanaşması fərqlənir. Bəlkə də o ateist olaraq kənardan baxırdı və situasiyanı daha aydın görə bilirdi.
Axundov yazırdı: “Dinin üç əsas məziyyəti var. İbadət, itaət, əxlaq. Birinci ikisi üçüncüyə çatmaq üçün lazımdır”.
Çox dəqiq deyilmiş bir fikirdir. Deməli din həm də cəmiyyəti əxlaqlı olmağa çağırmalıdır. Əxlaqlı cəmiyyət isə müharibə istəməməlidir.
Amma din adı ilə insanları müharibələrə çağırışlar az olmayıb. Səlib yürüşləri, cihad... Bunlar din üçün vuruş paradiqmasıdır. Biz də bu çağırışları və çağırışlardan doğan qanlı müharibəni yaşamışıq. Ən pisi odur ki, hələ də yaşayırıq. Və həm də tək biz yox.
Allaha ibadətdə və itaətdə olanların sülh carçısı olması daha məntiqli olardı. Amma bu belədirmi?
Təbii ki, Azərbaycan cəmiyyəti həmişə paradokslarla zəngin olub. Bu mənada ibadətdə və itaətdə olanların hətta qələbədən sonra da aqressiv davranışları paradoksal olsa da normal qəbul olunur.
Bəs axı sülh nədir?
Bu suala Azərbaycan – Ermənistan münasibətləri kontekstində baxaq. Çünki bu gün bizim üçün ən vacibi məhz budur.
Əslində suallar çoxdur. Sülh nədir? Sülh kimə lazımdır? Sülh bizə nə verəcək?
Sülh insanların əmin-aman yaşaması deməkdir
Sülh insana lazımdır.
Sülh bizə onu verəcək ki,..
Bax burda fikirlər dumanlanır. Bəziləri təqdim etməyə çalışır ki, sülh ermənilərlə dost, qardaş olmaq deməkdir. Və sülh istəyənlər məhz buna çalışır. Tökülən qanlara rəğmən bu yanaşmanın süngi ilə qarşılanması məntiqlidir. Amma bu yanlış yönəltmədir. Və Azərbaycanın sülh və əmin-amanlıqda yaşamasını istəməyənlərin dəyirmanına su tökməkdir. Bu gün Azərbaycanın əmin-aman yaşamasını istəməyən iki reallıq var. Rusiya və İran. Sülh istəməyənlər də məhz bu reallıqların arzularını gerçəkləşdirməkdədir.
Sülh əslində Azərbaycan və Ermənistanın yanaşı yaşamasının şərtləridir.
Konfliktalogiyada münaqişə tərəflərinin münaqişədən sonrakı yaşamını ehtiva edən iki reallıq var. Yanaşı yaşamaq və birgə yaşamaq. Nədənsə bu gün 1988-ci ildə başlanan münaqişənin növbəti mərhələsinin birgə yaşayış olacağını düşünür. Sözsüz ki, indiki şəraitdə bu mümkün deyil İndiki şəraitdə ancaq yanaşı yaşamaqdan söhbət gedə bilər. Azərbaycanlıların və ermənilərin yanaşı yaşaması üçün isə sülh mütləq lazımdır.
Amma kimlərsə sülh sözünün qıcıq doğurması üçün yanaşı yaşamaq anlayışının üstündən xətt çəkir və birgə yaşayışı qabardır. Bu isə “Şəhidlərin qanı qurumamış ermənilərlə qardaşlaşırlar” ironik yanaşmanı ortaya gətirir. Bir daha təkrar edirəm ki, bu yanaşma, ancaq İran və Rusiya üçün sərfəlidir.
Ən təhlükəlisi isə Azərbaycan cəmiyyətində Rusiya və İrana sərf edən aqressivliyin daşıyıcılarının sülh ideyası daşıyıcılarından çox olmasıdır.