2016-cı ilin aprel döyüşləri yeni bitmişdi. Bir qrup Qarabağ müharibəsi veteranları ilə cəbhə bölgəsinə yollanmışdıq. Geri qayıdarkən redaksiyadan zəng gəldi ki, Yaponiya səfirliyi Beyləqandakı iki məktəbdə müasir tualet qurub, reportajsız gəlmə. Gecə qaldım rayonda, səhər tezdən Beyləqan küçələrinə düşdüm. Mərkəzdəki parka gəldim gördüm gül əkimi gedir. Fəhlələr gül əkir, bir nəfər kostyumda dayanıb deyinir. Kimliyini soruşmuşdum, demişdilər ki, başçının müavinidir. Yaxınlaşıb işiniz irəli dedim. Kişi dedi, sağ ol, ancaq bura gül əkməkdən canım boğazıma yığılıb. Niyə sualına cavabı belə oldu. Park salmışıq, tualet yoxdur. Camaat da uşağını çıxarıb burada gəzdirir. Uşağın təbii ehtiyacı olanda hara edir? Güllərin dibinə. Mən su, gübrə verirəm, uşaqlar kislata, beləcə güllər quruyur.
Gördüm rayonda biraz qalsam komediya söhbətlər eşidəcəm. Yolla keçən birindən soruşdum ki, iki məktəbdə müasir tualet tikiblər, sizin uşağın oxuduğu məktəbin tualeti necədir? Bizim məktəbdə uşaq müəllim icazə olar bayıra çıxım gəlim deyəndə, müəllim bilir ki, uşaq evə gedib, gələcək. Yeri gəlmişkən, o vaxt tikilən tualetlərdən biri açılışdan sonra direktor tərəfindən bağaltdırılmışdı ki, dağıdacaqsınız, məcbur olub mən təmir etdirəcəm. Köhnə qaydayla davam…
Təkcə məntiqsizlik təhsil ocaqlarındadır? Bina tikirlər, böyük mağaza, restoran açırlar maşın park etmək üçün yeri olmur. Görünüb ki, parklar yaşıllıq, ağaclıq, güllük olar. Ancaq bizdə park açır, yaşıllıq əvəzi mərmərlə bəzəyirlər.
Yeri gəlmişkən, hava şəraiti pisləşən kimi Azərbaycanda aidiyyatı qurumlar əhaliyə müraciət edirlər. Ancaq o müraciətlər demək olar ki, söyüş qoymaq kimi bir şeydir. Sürmə, gəzmə, çıxma, ehtiyatlı ol.
Çünki infrasturkturun qurulmasından məsul olan qurumlar çəkdikləri yola, tikdikləri körpüyə, yeraltı keçidə, işlətdikləri marşurutlara güvənmirlər.
Körpü demişkən. Yazım, biraz da buna heyrət edin.
Ağdam, Tərtər, Bərdə rayonlarının kəsişməsində dördyol deyilən bir yer var. Həmin yerdə Bərdədən Ağdama (həm də əks istiqamət), Ağdamdan Tərtərə (əks) gedən yolların kəsişməməsi üçün körpü tikilirdi. Körpü tikilir, deyilən vaxtda təhvil verilməli olarkən məlum olur ki, Bərdədən Ağdama gedən yolun üstündə nəzərdə tutulan körpü var, ancaq Ağdamdan Tərtərə gedən yolun üstündəki körpü yoxdur.
Ərazidə çoxlu sayda mağazalar, benzindoldurma məntəqələri var. “Müəllim”lər pul atışıb layihəni icra edənin cibinə basıblar, beləcə körpü sənəd üzərində var, ancaq reallıqda yoxdur.
Səxavət Məmməd