Advertisment

ETİK VƏ ESTETİK CƏMİYYƏT

“Əməllərimin əxlaqi olub-olmadığını, əməllərimlə xitab etdiyim toplum müəyyənləşdirə bilər”.
Fyodor Mixayloviç Dostoyevski – Cinayət və Cəza.

Azadlıq və çərçivəsizlik anlayışlarından bəhs edək. Məgər müstəqil olmaq tüğyan etməkdirmi? Qənaətimcə, kamilliyin və aliliyin tələb etdiyi əsas prinsip məhz özgün qaydalar meydana gətirərək bu çərçivələrə riayət etməkdir. İnsan nə öz şəxsinin təyin etdiyi qadağaları çeynəyə, nə də öz xarakteristik əməyi ilə qazandığı müstəqilliyin qiymətini itirə bilər. Məhz bu məqamda fərqindəlik əmələ gəlir. Azad olmaqdan öncə, azadlığın nə olduğunu dərk etmək insanın əxlaqının(etikasının) və zərafətə olan pərəstişinin(estetikasının) təməlində qərar tutur. İnsanın baxımsızlığı öz mənəviyyatını çulğayan zəncirlərdən xilas olaraq istənilən situasiyada müsbət qərar verməsinə müqabildir.

Şəxsi nöqteyi-nəzərimə görə, cəmiyyət 3 hissədən ibarətdir:

  1. Şəxsiyyətini püxtələşdirənlər.
  2. Səbəbindən asılı olmayaraq, şəxsiyyətini  püxtələşdirə bilməyənlər.
  3. Hələ şəxsiyyət olacaq həddi-büluğa çatmadığına görə özünü təkmilləşdirmək fürsətinə sahib olmayanlar, yəni uşaqlar.

 Şəxsiyyətini püxtələşdirənlər daim tərəqqi etmək həvəsində olan, eyni zamanda cəmiyyətə də eyni yöndə müsbət təsir göstərən insanlardan ibarətdir. Bu kateqoriyadan olan şəxslər bayağı konfliktlərdən uzaq, təlim-tərbiyə meyilli, incəsənət həvəskarı və mütaliə yönümlü mövqedə olurlar. Bilik əldə etmək və bilik paylaşmaq mövzusunda ustalaşırlar. Bu tip insanların, əsasən, peşə olaraq intixab etdiyi sahələr məhz onların dolanışığını təmin etməyə yox, eyni zamanda toplumun mənfəətdar olmasına xidmət edir. Cəmiyyətin bayağı olan və çoxluq təşkil etdiyi qisminin sahib olduğu bir sıra dəyərlər bu cür insanların mövqeyindən tamamilə uzaqdır. Kütlənin yanlış istifadə etdiyi bir sıra anlayışların gerçək mənasından agah olan fərdlər hər situasiyada etikanın kamilliyindən bəhrələnirlər. Onlar yaradılan və yaratmaq istədikləri müsbət məziyyətlərin, bəşəriyyət üçün səmərəli olan hər predmetin pərəstişkarlarıdır.

Səbəbindən asılı olmayaraq, şəxsiyyətini püxtələşdirə bilməyən insanlar, təəssüf ki, əksər kütlələrdə çoxluq təşkil edirlər. Onların dəyərləri əsassız, təfəkkür və təxəyyül aləmləri qıt, bilik çərçivələri isə olduqca dar olur. Mənfi və keyfiyyətsiz olan hər şeyin asan başa gəlməsi səbəbindən bu tip insanların öz tərəfdarlarını yaratması heç də çətin olmur. Ən pisi isə odur ki, çoxluğun haraya yönləndiyini görən insanlar şüuraltı olaraq etikanın da o istiqamətdə olduğu qənaətinə varırlar. Bəsit planlar yaratmağa, şüursuz addımlar atmağa başlayırlar. Fəqət bütün bunları ümumi perspektivdən dəyərləndirməliyik. Ən başda “səbəbindən asılı olmayaraq püxtələşə bilməyənlər” deyərkən səbəbləri gözardı etməli olduğumuzu nəzərə çatdırmırdım. Məhz bu qisimdə tərəqqiyə üz tuta bilməyən cəmiyyətin ən böyük səbəblərdən danışmalıyıq. İngilis yazıçısı Henri Qraham Qrininin fikirləri bu məqamla üst-üstə düşür: “Ən mənfur düşmənlərimiz cahil və bəsit insanlar deyil, oxumuş və əxlaqsız olanlardır”. Bəli, tam olaraq, şüursuz şəkildə mənfi yönə üz tutan insanları günahlandırmaq bir az mübahisəli məsələdir. Fəqət təlim və təhsil görmüş və çox şeydən xəbərdar olan insanların etik çərçivələri tapdaması, açıq-aydın bədxahlıqdır.

Əvvəldə azadlıqdan, daha doğrusu, azadlığın nə demək olduğunu müəyyənləşdirməkdən bəhs etdim. Çünki azadlığı dərk edərək qazanmaq hər cür etikanın və estetikanın bünövrəsidir. Suverenliyi öz ruhunda əldə etməyən toplum, nə əxlaqdan, nə də fəzilətdən xəbərdar ola bilər. Yuxarıda 3-cü şaxə olaraq adlandırdığım, “hələ şəxsiyyət olacaq həddi-büluğa çatmadığına görə inkişafa fürsət tapmayanlar, yəni uşaqlar” deyə bəhs etdiyim kateqoriyadakı fərdlər də, heyhat ki, oxumuş və etik olmayan, etikadan bədxahlıqla istifadə edən insanların şikarına çevrilirlər(təbii ki, hər biri yox, əksəriyyəti). Etik və estetik, başqa sözlə desək, əxlaqlı və zərafətli bir toplum, öz kamilliyini A-dan Z-yə mövcud olduğu hər situasiyada sərgiləmək iqtidarına malikdir.

Müharibədə mülki şəxslərə hücum etməmək, təhsil ocaqlarının hansı məqsədlə nəzərdə tutularaq təsis edildiyini unutmamaq, hər hansısa mübahisə və münaqişə zəminində mədəniyyət çərçivələrində iddiaları irəli sürmək, heç bir insanı güzəranına və həyat tərzinə görə məsxərə hədəfinə çevirməmək, ictimai nəqliyyatda mədəni davranışlara sahib olmaq, avtomobil istifadə edərkən yol hərəkəti qaydalarına riayət etmək, nifrət yox, bilik mübadiləsi icra etmək, ailə dəyərlərini qiymətləndirmək, pis vərdişlərə aludə olmamaq və ətrafdakı insanları da bu cür gedişatdan qorumaq və s.  bunların hamısı əxlaqın təməl göstəriciləridir. Əməllərlə xitab edilən toplumun etikadan sərasər agah olduğunu bilmək, insanı fərəhləndirən bir amildir.

 Bir insan bir cəmiyyətin başlanğıcıdır. Bir ölkə bir cəmiyyətdən ibarətdir. Dünya cəmiyyətlərlə ehtiva edilib. Hansı perspektivdən baxsaq, hər şeyin təməlində məhz insan ünsürünün qərar tutduğunun şahidi oluruq. Dünyanı bütöv və tək bir cəmiyyət olaraq qələmə versək, bu cəmiyyətin tərəqqisinin əsas strukturu asayiş və əmin-amanlıq olacaq. Bu, həqiqətən də, belədir. Dünyanı vətən olaraq görən insanlar elə məhz sülhün ən böyük tərəfdarlarıdır. İnsanın böyük miqyasda nümayiş etdirdiyi etika, insanın düşdüyü çətin situasiyada bəlli olur. Ən çətin situasiya isə konflikt və ondan törəyən müharibədir. Bu istər Hüseyn Cavidin “İblis”ində olduğu kimi insanın daxildə cərəyan edən müharibə olsun, istərsə də, Firdovsinin “Şahnamə”sində olduğu kimi qan su yerinə axan müharibə.