Advertisment

DÖVLƏT

Bu mövzuda çoxdan yazmaq istəyirdim. Amma qismət elə gətirdi ki, dövlət anlayışı barədə subyektiv fikirlərimi məhz Milli Mətbuat Günündə yazmalı oldum. Ona görə də həmişə verilən bir suala cavabla başlamaq istəyirəm.

Sual belədir: Jurnalist hər hansı bir mövzuda yazan zaman vətənpərvər vətəndaş kimi düşünüb yazmalıdır, yoxsa sadəcə bir jurnalist kimi?

Bu suala cavabdan əvvəl yada salım ki, jurnalist həqiqəti yazmalıdır. Əgər həqiqəti yazırsa mövzuya yanaşmada vətənpərvər vətəndaş kimi düşünməyə və yazmağa cəhd etmək lazım deyil. Çünki ən böyük vətənpərvərlik elə həqiqəti söyləməkdir.

Dövlətçiliyin özəyində də məhz vətənpərvərlik dayandığını nəzərə alsaq,  o zaman jurnalistin həqiqəti yazması elə onun dövlətə sədaqətidir.

Bəs nədir DÖVLƏT?

Əvvəlcə ondan başlayaq ki, dövləti məhz insanlar yaradıb. Bəzilərinin yozmasında sanki dövlət insanları yaradır. Yox bu belə deyil. İnsanlar dövləti yaradır. Yradır ki, öz rifahını təmin etsin.

Hələ ibtida icma quruluşunda dövlətin bəsit analoqu olan qəbilələr də məhz əmin-amanlığı, hüzuru təmin etmək üçün yaradılırdı. Qəbilə üzvləri bəzisi ova gedir, bəzisi qəbiləni mühafizə edir, bəzisi uşaq bəsləyir və sairə...

Gələk bu günə.

Vətəndaş dövləti ona görə yaradır ki,  polis onun əmin-amanlığını qorusun, ordu onu yadellilərdən qorusun,  səhiyyə sistemi onun səhhətini qorusun, təhsil sistemi ona təhsil versin, rabitə sistemi onun kommunikasiya əlaqələrini təmin etsin, sosial sahəyə nəzarət edənlər sosial yardıma ehtiyacı olanlara yardım etsin, vergi sistemi bütün bu işlərin görülməsi üçün insanların ayırdığı vəsaiti toplayıb...

Hə bax birda bir qədər dayanmaq lazım gəlir.

Dövlətin saxlanması üçün hər il milyardlarla pul xərclənir. Bu pul dövlətin deyil. Dövlətin pulu olmur. Pul vətəndaşındır. Vətəndaş vergi adı ilə bu pulu toplayır və həmin pula dövləti idarə etməli olan hökuməti muzdla işlədir. Polisi də, ordunu da, həkimi də, hakimi də və dövlətdən əmək haqqı alan hər kəsi. Bəli hökumət vətəndaşın muzdla işə götürdüyü işçilərdir. Bu pulu necə xərcləməli olduğunu hökumətə vətəndaş diktə edir. Hökumət vətəndaşın dediyini etməyəndə isə vətəndaş o hökumətə “rədd ol” deyir. Və onun yerinə vətəndaşın verdiyi pulu vətəndaşın dediyi kimi xərcləyən hökumətə tapşırır bu işi. Bütün bu proseduralar isə seçki ilə həyata keçirir.

DÖVLƏT məhz belə olur.
Başqa cür olursa, bu artıq dövlət deyil...