Advertisment

“Azəri”, “Azərbaycan türkü” yoxsa, “azərbaycanlı”?

Əvvəla, gəlin “milliyyət” və “xalq” anlayışlarından bəhs edək. Millət hər hansısa bir ölkəyə, daha dəqiq desək, müəyyən bir coğrafiyaya tarixən mənsub olan toplumdur, kimlikdir. Xalq isə hər hansısa dövlətin ümumi vətəndaşlarından ibarət olan məfhumdur. Xalq daha böyük, milliyyət isə daha dərin qavramlardır.

Bir şəxs xarici ölkədən gələn insanların vətəndaşlığını müəyyən şərtlər əsasında məqbul bilən istənilən ölkəyə köç edərək oranın xalqı kateqoriyasında ola bilər. Lakin əsla müqəddəratından asılı olan milli kimliyi dəyişə bilməz. Elə məhz bu yerdə də fərdlərin coğrafi, etnoqrafik, etimoloji adlarının dəqiq istifadəsinə üz tuturuq.

Məskunlaşdığımız coğrafiyaya məxsus olan tarixi biliklərin çox kiçik qisminə bələd olan insan agahdır ki, “Azərbaycan” kəlməsi eradan əvvəl bu torpaqların cənubunda meydana gələn “Atropatena” sözündən törəmişdir. Həmin söz əsrlər keçdikçə dəyişikliyə məruz qalmış və son olaraq 7-ci əsrdə - ərəblərin yürüşü zamanı “Azərbaycan” ifadəsi ortaya çıxmışdır. Bu məmləkətin daha bir alternativ adı var: Odlar yurdu. Bəs özlüyündə sorğulayan olubmu, bu ifadə haradan və necə yaranmışdır? Çox sadə və bir o qədər də ağlabatan – Azərbaycan sözünün qədim fars dilindən tərcüməsi elə məhz odlar yurdu mənasındadır. Atropatenanın yaradıcısı Atropat “odun himayədarı” adlanırdı. Əsrlər keçdikçə dəyişikliyə məruz qalan dil və dilin strukturları sözün mənasını saxlasa da, formasında nəzərəçarpan üslubda fərq meydana gətirdi. Belə ki, qədim fars dilində Azər – atəş, od anlayışını ifadə edir(sözün sonuna artırılan -i hissəciyi isə mənsubluq bildirir. Azəri, yəni atəşə aid olan, atəşdən törəyən). Kəlmənin digər hissəsinin isə “himayədar”, “yurd”, “məmləkət”, “yuva” qavramlarını ehtiva etməsi nəticəsində AZƏRBAYCAN – ODLAR YURDU anlayışı yarandı.

 

Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət
“Hürriyyət” fikrimə candan vuruldu.

Yuxarıdakı misralar bugünkü Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin “Mayıs Duyğuları” şeirinin bir hissəsidir. Bəli, Məhəmməd Əmin Rəsulzadə. Sadəcə bu fakta istinadən bəllidir ki, etimoloji, tarixi biliyi olan insan Azərbaycanın qədim sakinlərinin “azəri” adlandırılmasını məqbul bilir. Normal bir tarixi araşdırma əsasında bəlli olur ki, məmləkətin ən qədim sakinləri atəşpərəstlərdən ibarət olmuşdur. Və həmin atəşpərəstlik mövzusunun bu gün din ilə deyil, etnosla əlaqədar zəncir yaratması zəruridir. Bu dövrdə “azəri” adlanaraq “atəş” rəmzinə bağlı olmaq, qətiyyən, atəşə sitayiş etmək mənasına gəlmir. Əksinə, bu məmləkətin qədim sakinlərinin vahid bir ada sahib olmasında çox mühüm rol oynayır. Cəmiyyətin böyük bir hissəsi isə məhz bu mövqedə çaşqınlıq yaşayır. Üstəlik İranın hər hansısa bir vilayətində eyniadlı tayfanın yaşaması səbəbindən öz kimliklərinə müvafiq adı seçməkdə çətinlik çəkirlər. Hissəyə yekun olaraq, əgər bir fərdin sülaləsinin, şəcərəsinin bu torpaqlara bağımlı olduğu aşkardırsa, deməli, həmin şəxs özünü rahatlıqla “azəri” adlandıra bilər.

 

İndi gələk “Azərbaycan türkü” məsələsinə.

Hər kəs bilir ki, Azərbaycan çoxmillətli ölkədir. Məmləkətimizdə neçə etnosun məskunlaşdığını bilmək üçün tək bir mənbəyə deyil, bir çox qaynaqlara müraciət etmək lazımdır. Mən də bu dediyimi icra edərək ölkəmizdə 70-dən çox etnosun nümayəndələrinin uzun illərdir yaşadığı qənaətinə vardım. Və bu etnosların əsrlər sürən vəhdəti sayəsində Azərbaycan xalqı formalaşmışdır. Azərbaycan xalqı yalnızca türk milliyyətinə mənsub olan insanlardan ibarət deyil. Ərazimizin sakini olan bütün millətlər eyni konstitusiyaya tabe olur, eyni bayraq altında qərarlaşır, xaricdə istənilən sahə üzrə keçirilən müsabiqələrdə ölkəmizi təmsil edirlər. Xülasə, Azərbaycan xalqının nümayəndələrini bütünlüklə “Azərbaycan türkü” adlandırmaq, vahid millətə mənsub olduğunu bildirmək üçün “mən azəriyəm” deyən insana “azəri deyə bir şey yoxdur, Azərbaycan türküsən” demək sərasər yanlış və səfsətədən ibarətdir.

 

Son hissəmiz – Azərbaycanlı.

İlk qisimdə vurğuladığım kimi, istənilən bir ölkədə məskunlaşaraq oranın vətəndaşı olmaq ciddi surətdə tarixi bir faktor deyil. Mənim atam, anam, babam, ulu babam bu torpaqların nümayəndəsidir, mən bu ölkənin milli kimliyinə daxil olduğum üçün bu məmləkətin vətəndaşıyam. Eyni zamanda hər hansısa bir səbəbdən dolayı Fransadan Azərbaycana köçən bir fransız müəyyən şərtləri yerinə yetirməklə ən uzağı bir neçə on il ərzində vətəndaşlıq əldə edə bilər. Və nəticə etibarilə, mən də, o fransız da “azərbaycanlı” kimi qələmə veriləcəyik. Fəqət daha dərindən araşdıranda məlum olacaq ki, azərbaycanlı ismi mənə aid olan sadəcə bir alternativdir. Mən özümü həm “azəri”, həm “azərbaycanlı”, həm də türk olduğum üçün “Azərbaycan türkü” adlandıra bilmək haqqına sahibəm. Ölkəyə gələn fransız isə sadəcə və sadəcə “azərbaycanlı” adlana bilər. Əsas fərq məhz elə bundan ibarətdir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, ikinci hissədə - Azərbaycan türkü anlayışı ilə bağlı olan hissədə qeyd etdiyim etnos məsələsi məhz əsrlər davam edən proseslə əlaqədar idi. Hazırkı hissədə məlumat verdiyim fransız məsələsi isə sadəcə bir nümunə idi. Əsla və əsla fransız etnosunun ölkəmizdə statistika yaradacaq qədər kəmiyyətə sahib olduğunu nəzərdə tutmamışam.

Vəlhasilkəlam, bu cür məqamlarda məhz şəxsi nöqteyi-nəzərə istinadən fikir bildirmək əvəzinə, tarix, kökənbilim kimi sahələrə üz tutmaq daha məqsədəmüvafiqdir.