Kosovo presedentinin tez-tez “DQR”lə müqayisəsi və eyniləşdirilməsinə rast gəlirik ki, bu, çox yanlışdır.
Kosovo müsəlmanları mərkəzi hökumətin etnik təmizlik və soyqırım cəhdinə məruz qaldıqları üçün demokratik dünyanın (Türkiyə də daxil olmaqla) hərbi müdaxiləsi ilə qoruma altına alınıblar. Bundan sonra müstəqillik elan ediblər və 100-ə yaxın dövlət tərəfindən rəsmən tanınıblar. Beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü prinsipi və xalqların öz müqəddəratını təyinetmə hüququ daim toqquşur, lakin bir xalqı onun kökünü kəsmək istəyən dövlətin tərkibində qalmağa məcbur etmək absurddur, məhz bu cür durumlarda öz müqəddəratını təyinetmə legitim haqq sayılmalıdır.
Qarabağdakı müharibə isə Azərbaycanın (mərkəzi hökumətin) yerli azlığa hücumları ilə başlamayıb, onlara qarşı hər hansı soyqırım və deportasiya siyasəti aparılmayıb. Tam əksinə, dominant etnos hər şeydən xəbərsiz hələ də “qardaş olub Hayastan-Azərbaycan” mahnısı oxuduğu dövrdə azlıq və onun himayəçisi (Ermənistan) tərəfindən silahlı hücuma məruz qalıb, Qarabağ və ətraf rayonlarda azərbaycanlı əhaliyə qarşı etnik təmizlik aparılıb.
Bu səbəblərdən Ermənistan siyasətçilərinin yapışmaq istədikləri “xilas naminə ayrılmaq” (remedial secession) konsepsiyası məhz Kosovo nümunəsində keçərlidir, Qarabağda yox.
Kosovo və “DQR“ müqayisəsi aparanlar bu prinsipial məqamlara diqqət etməlidir.