Advertisment

İNSAN

Hamı tərəfindən qəbul olunan yazılmamış bir qanun var: Hər şey insan üçündür.

Hava da, su da, torpaq da... hətta havada, suda və torpaqda yaşayan digər canlılar da.

Darvin təliminə görə, insan təkamülün kamil mərhələsidir. Amma sanki bu kamilliyin mahiyyəti yaşamaq uğrunda mübarizədir. Əslində yaşamaq uğrunda mübarizə bütün canlılara xasdır. Ağacın kökü daha çox su olan tərəfə uzanır. Heyvan daim özünə daha çox yem tapacağı və daha az təhlükəyə məruz qalacağı yerə can atır. Bu mənada onlar da şüurludur. Amma onlar insan deyil.

Dini ehkamlara görə, insan digər canlılar üçün halal hesab olunmur. Amma insan üçün digər bütün canlılar halal hesab olunur. Yəni digər canlılar insandan istifadə edə bilməz (əslində bu imkanları da yoxdur), amma insan bütün digər canlıları öz məqsədi üçün istifadə edə bilər. Məqsədlər müxtəlif ola bilər.

Çox maraqlı mənzərə alınır. Həm darvinizmin, həm də dini təlimlərin də əsas fiquru insandır. Birində yaranmışların ən kamili, digərində isə yaradılmışların ən alisi. Bir-birini təkzib edən, daban-dabana zidd olan iki yanaşma və hər ikisinin əsas fiquru olan İNSAN.

Bəs insanın mahiyyəti nədədir?

Bu suala cavab vermək çox çətindir. Çünki bu suala cavabı da elə insan özü verməlidir.

Son illər belə bir termin də yaranıb – antropogen təsirlər.

Yəni bilavasitə insanın təsiri ilə baş verənlər. İnsanın mahiyyətini açmaq üçün ən yaxşı məhz budur.

İnsan həm də digər bütün canlıları məhv etmək iqtidarına malikdir.

İnsanı digər canlılardan fərqləndirən ən ciddi reallıq isə onun yaratdığı ideoloji cərəyanlardır. Fərqi yoxdur bu cərəyanlar nəyə və kimə xidmət edir. Bəzən bu cərəyanlar din adı ilə təzahür edir, hətta bəzən dinlərin içərisində müxtəlif təriqətlər kimi təzahür edir, bəzən isə siyasi cərəyanlar yaranır. Bütün bu cərəyanlarda sözsüz ki, əsas fiqur insandır. İlkin yaranışda bu cərəyanlar məqsədin insana xidmət edəcəyini hədəfləyir. Amma zaman gəlir, məlum olur ki, bu cərəyanların hədəfinə çatması üçün istifadə etdiyi vasitələr də insanlardır. Cihad, səlib yürüşü, terror, müharibə...

Vaxt gəlir ki, hər şeyin fövqündə durmalı olan insan, sadəcə bir alətə çevrilir. Çox ağrılı bir aforizm var: Bir nəfərin ölümü faciə, minlərlə insanın ölümü isə statistikadır.

Hər birimiz hər an statistika ola bilərik. Amma bəzən dərk etmirik ki, bu statistikalar minlərlə insanın faciəsi deməkdir. Və bunu da törədən insandır. Kamil və ali varlıq olan insan.

Əgər insan doğurdan da kamil və alidirsə o zaman niyə baş verir bunlar? Bəlkə də sualı başqa cür qoymalıyıq: Axı nəyə can atır İNSAN?