Advertisment

Kreml təbliğatçıları çətinlik çəkirlər

Rusiya itirdiyi Xersonun “intiqamını” Ukraynanın şəhərlərini bombalamaqla cavab verib. Kiyevdən tutmuş Polşa sərhədinə yaxın Lvov şəhərinə qədər yaşayış yerləri atəşə tutulur.

Kreml təbliğatçıları Xersonun itkisini cəmiyyətə açıq-aşkar izah etməkdə çətinlik çəkirlər. Misal üçün Kremlin təbliğatçılarından biri Marqarita Simonyan Xersonun itkisini 1812-ci ildə rus sərkərdəsi Mixail Kutuzovun qoşunlarını Napoleonun ordusu qarşısında Moskvadan geri çəkməsinə oxşadıb.

SSRİ dövründə məktəbdə “dünya tarixi” fənnində bizə öyrədirdilər ki, Rusiya ordusu guya 1812-ci ildə Borodino döyüşündə Napoleon ordusu üzərində qələbə çalıb. Bunun yalan olduğundan o zaman şübhəliydim. Tarix müəlliminə belə bir sual verdiyimi də xatırlayıram: “Rusiya ordusu Borodino döyüşündə qələbə qazanmışdısa, Napoleon necə oldu ki, döyüşdən sonra Moskvaya daxil oldu?” Guya Moskvanın təhvil verilməsi ümumi qələbə üçün lazım idi. Napoloen Rus qışına məğlub oldu. İndi Marqarita Simonyan Rusiya cəmiyyətini inandırmağa çalışır ki, Xersondan geri çəkilmə Rusiyanın 1812-ci ildə olduğu kimi “ümumi qələbəsi” üçün vacib idi. Napoleon işğalçı müharibə aparırdı, Ukrayna isə əksinə işğalçıya qarşı savaşır. Bu mənada Xersonla Moskva arasında oxşarlıq axtarmaqdansa işğalçı müharibələr aparan Fransa ilə Rusiya arasında oxşarlıq axtarmaq lazımdır.