ABŞ Soyuq Müharibədən bəri ən çox nüvə silahı istehsal edir.
Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, bunu ABŞ Energetika Naziri Kris Rayt Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin dinləməsində bildirib.
Televiziya ilə yayımlanan çıxışında nazir bildirib ki, ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) "yeni və inkişaf edən təhdidlər qarşısında təhlükəsiz, etibarlı və effektiv çəkindirməni təmin etmək missiyası var".
Rayt deyib: "NNSA Soyuq Müharibənin sonundan bəri ən çox yeni silah tədarük edir". O qeyd edib ki, buraya nüvə istehsalı, eləcə də "yeddi nüvə başlığı modernləşdirmə proqramının" həyata keçirilməsi daxildir.
"Nüvə intibahı davam edir", deyə o əlavə edib.
Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Rusiya-Amerika Müqaviləsi fevralın 5-də başa çatıb.
ABŞ Rusiyanın əsas məhdudiyyətlərinə daha bir il riayət etmək təklifinə cavab verməyib. Vaşinqton Çinlə oxşar üçtərəfli müqavilə bağlamaq istəyir.
Çin isə nüvə arsenalının ABŞ və Rusiyanın arsenalından xeyli kiçik olduğunu bildirir.