Advertisment

Keçmiş merin 1,4 milyardlıq əmlakı dövlət hesabına keçirilə bilər

Yessentuki şəhərinin keçmiş meri Konstantin Skomoroxinin ümumi dəyəri 1,4 milyard rubldan çox olan əmlakının dövlətin gəlirlərinə keçirilməsi ilə bağlı iddia qaldırılıb. Herbiand.az xəbər verir ki, bu barədə lenta.ru xəbər yayıb.

Məlumata görə, Stavropol diyarının prokuroru Yuri Nemkin verdiyi iddia ərizəsinə Yessentuki Şəhər Məhkəməsində baxılacaq. İş üzrə cavabdehlər keçmiş məmur, onun ailə üzvləri və etibarlı şəxslər olacaq.

Stavropol diyarı prokurorluğunun apardığı yoxlama zamanı Skomoroxinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrini qanunsuz olaraq çıxardığı və onları həyat yoldaşının adına keçirdiyi müəyyən edilib.

Bunların arasında Kapelnaya çayının su mühafizə zonasında yerləşən, sahəsi 8,7 min kvadratmetrdən çox olan torpaq sahəsi də var. Həmin ərazidə məmurun ailəsi üçün yaşayış evi tikilib.

Bundan başqa, keçmiş merin həyat yoldaşına əvvəllər “Vinsadski” sovxozuna məxsus olmuş 50 hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də hədiyyə edilib. Ümumilikdə 130-dan çox daşınmaz əmlak obyekti və 50-dən artıq nəqliyyat vasitəsi başqa şəxslərin adına keçirilib.

E.Cəfərli

Herbiand.az