Ölkəmizi kimlər və niyə, niyə məhz indiki məqamda hədəf allır?
Azərbaycan dünyəvi dövlətçilik ənənələri ilə İslam dəyərlərini uğurla uzlaşdıran və bu sahədə müsəlman dünyasında nadir model formalaşdıran ölkədir. Azərbaycan bayrağındakı yaşıl rəng məhz İslam dinini və xalqın İslam sivilizasiyasına mənsubluğunu simvolizə edir.
Yaşıl rəng dövlət bayrağının fəlsəfi əsasını təşkil edən ideoloji konsepsiyasının ayrılmaz bir hissəsi kimi cəmiyyətin, xalqımızın öz milli-mənəvi və dini dəyərlərinə tarixi bağlılığını ifadə edir. Azərbaycan dövlətçilik modelində də tarixi varisliyi qoruyub saxlayır və bu bizim unikal milli dəyərimizir.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti İslam aləmində dinin dövlətdən ayrı olduğu, demokratik təsisatların qurulduğu ilk dünyəvi respublika olmuşdur. Bu gün bu tarixi varislik davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci və 18-ci maddələri dövlətin dünyəvi xarakterini, dinin dövlətdən ayrı olmasını və təhsilin dünyəviliyini təsbit edir.
Dünyəvi dövlət olmasına baxmayaraq, Azərbaycan İslam irsinə milli kimliyin tərkib hissəsi kimi yanaşır. Şamaxı Cümə məscidi, Bibiheybət, Təzəpir kimi tarixi dini abidələr bərpa olunur, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə ənənəvi dini icmalara maliyyə dəstəyi göstərilir. Bu yanaşma dinin kənar dairələr tərəfindən siyasiləşdirilməsinin qarşısını alır, din xadimlərinin radikalizmə qarşı milli maraqlar çərçivəsində fəaliyyətini stimullaşdırır.
Azərbaycanda yaradılan unikal mənəvi-dini həmrəylik modeli kimləri narahat edir?
İslam dünyasında ciddi problemlərdən olan məzhəb qarşıdurmalarından fərqli olaraq, Azərbaycanda (xüsusilə Heydər Məscidində ənənə halını almış) sünni və şiə məzhəbindən olan vətəndaşların birlikdə "Vəhdət namazı" qılması nadir və mütərəqqi faktdır. Bu, dini zəmində qütbləşməni istisna edən unikal həmrəylik modelidir.
Bu model Azərbaycanı həm dini siyasiləşdirən, həm də dini dini ictimai həyatdan tamamilə sıxışdıran sərt dünyəvilik təcrübələrindən fərqləndirir. Milli-mənəvi və dini dəyərlər isə cəmiyyətin əxlaq, həmrəylik mənbəyi kimi mühafizə olunur.
Azərbaycanın bu uğurlu modeli öz dini-ideoloji konsepsiyalarını baxışlarını ixrac etməyə, dini siyasi məqsədlər üçün istifadə etməyə, ölkəmizə təsir imkanlar əldə etməyə çalışan ölkələri, qüvvələri ciddi narahat edir.
Məzhəb nifaqı, ayrı seçkilik sala bilməyən qüvvələr, fərqli metodlarla çıxış edirlər, dini xurafat yaymaq, ölkəmizin dünyəvi və dini dəyələri uzlaşdıram modelini gözdən salmaq, guya dinə qarşı addımlar atıldığı təəssüratı yaratmağa çalışırlar
Məktəblərdə vahid geyim qaydasının tətbiqi dünyəvi dövlətlərin əsas pedaqoji və sosial prinsiplərindən biridir.
Dövlətin vəzifsi məktəbi ideoloji təbliğat məkanı olmaqdan qorumaqdır. Məktəb elm ocağı kimi qorunmalıdır. Lakin siyasi islamı ixrac etməyə çalışan mərkəzlər bunu qəsdən "dinə hücum" və ya "hicab qadağası" kimi qabardaraq ictimai rəydə süni bir aqressiya formalaşdırmağa çalışırlar. Ali təhsil müəssisələrində, dövlət sektorunda və gündəlik həyatda hicaba heç bir məhdudiyyətin olmaması bu kampaniyanın tamamilə qarayaxma və manipulyasiya olduğunu sübut edir.
Ölkəmizə necə hücum edirlər?
Vətən müharibəsində əldə edilən qələbə Azərbaycan milli birliyi daha da gücləndirdi. Xarici maraqlı qüvvələr yaxşı dərk edirlər ki, bu cür həmrəyliyə malik cəmiyyəti xaricdən hərbi və ya siyasi təzyiq etmək mümkün deyil. Buna görə də ən həssas nöqtə olan din və inanc vasitəsilə cəmiyyətin daxilinə "ideoloji viruslar" buraxılır. Məqsəd vətəndaşı öz dövlətinə qarşı qoymaq, dövlətin isə inanca qarşı savaşdığını yalandan göstərməkdir.
Böyük maliyyə vəsaitləri hesabına idarə olunan bu şəbəkələr müasir üsullardan, sosial şəbəkələrdən, xüsusi alqoritmlərdən istifadə edirlər.
Minlərlə saxta, və ya xaricdən idarə olunan profil vasitəsilə eyni anda eyni tezislər, məslən “Hicab qadağan oldu” kimi saxta xəbərlər tirajlanır. Nəticədə, bəzi sadə, dindar vətəndaşlar bu süni ajiotaja inanaraq emosional reaksiyalar verir və prosesin bilmədən iştirakçısına çevrilirlər. Amma dərk etməliyik ki, sosial şəbəkədəki bu çağırışlar səmimi inancdan yox, kəşfiyyat mərkəzlərinin planlarından qaynaqlanır.
Biz Birinci və İkinci Qarabağ Müharibəsi ilə torpağımızı qoruduq, bu mübarziədə isə dövlətçiliyimizi, müstəqilliyimizi və milli inkiaf modelimizi, dəyələrimizi, özümüzəxas dini dünyagörüşümüzü, dəyələr sistemimizi qoruyuruq.
Ölkəmizə qarşı informasiya və ideoloji cəbhədə aparılan bu məqsədyönlü hücumların məhz indiki tarixi mərhələdə intensivləşməsi əsla təsadüf deyil. Azərbaycan hazırda geostrateji və iqtisadi baxımdan öz tarixinin ən güclü dövrlərindən birini yaşayır.
Dövlətimiz Avrasiyanın əsas nəqliyyat-logistika arxitekturasının formalaşdığı mərkəzə, qlobal ticarət yollarının, xüsusilə Orta Dəhlizin ən mühüm qovşağına, əsas tranzit habına çevrilmişdir. Eyni zamanda, Ermənistanla sülh danışıqlarının həlledici mərhələyə qədəm qoyması Cənubi Qafqazda kənar diktələrdən uzaq, yeni və müstəqil təhlükəsizlik mühiti formalaşdırır
Azərbaycan niyə indi hədəf seçilib?
Bütün bu proseslər qlobal gərginliyin pik həddə çatdığı, böyük güclərin toqquşduğu iki nəhəng böhran ocağının – Rusiya-Ukrayna və Yaxın Şərq (o cümlədən ABŞ-İran xəttindəki gərginlik) müharibələrinin kəsişməsində baş verir.
Bu mürəkkəb xaosun mərkəzində olmasına baxmayaraq, Azərbaycan öz müstəqil mövqeyini nəinki qoruyur, hətta tərəfdaşlıq coğrafiyasını daha da genişləndirir: Avropa İttifaqı ilə əməkdaşlıq yeni, strateji müstəviyə keçir, ABŞ və Çin kimi qlobal güclərlə siyasi-iqtisadi əlaqələr dərinləşir.
Öz tarixi və mədəni köklərinə söykənən Azərbaycan, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına üzv qəbul edilməklə tarixi bir nailiyyətə imza atıb. Türkiyə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr və Gürcüstanla genişlənən hərbi-strateji ittifaqlar ölkəmizin müdafiə və çəkindirici qüdrətini misilsiz dərəcədə artırır.
Məhz belə bir tarixi yüksəliş mərhələsində ölkəmizə qarşı total informasiya və manipulyasiya hücumunun başlaması böyük bir ssenarinin tərkib hissəsidir. Məqsəd aydındır: Azərbaycanın artan qlobal ambisiyalarını məhdudlaşdırmaq, bölgədəki həlledici rolunu zəiflətmək, müstəqil siyasətini əngəlləmək və onu kənar güclərin təsir dairəsinə salmaq.
Çünki güclü, milli birliyi sarsılmaz olan, resurslarını və geosiyasi mövqeyini ancaq öz xalqının maraqlarına xidmət etdirən müstəqil Azərbaycan bəzi beynəlxalq mərkəzlərin imperiya maraqlarına qətiyyən uyğun gəlmir. Dini xurafatın yayılması və ya ictimai rəydə süni ixtilafların yaradılması cəhdləri bu böyük, məkrli strategiyanın sadəcə alətlərindən biridir.
Buna görə də qlobal informasiya məkanında gedən bu "görünməz müharibənin" mahiyyətini dərk etmək hər bir vətəndaşın borcudur. Sosial şəbəkələrdə, mediada bu cür qarayaxma kampaniyalarını, təxribat xarakterli xəbərləri izləyərkən hər kəs tənqidi təfəkkürünü işə salmalı və özünə bu sualı verməlidir: "Bu ssenarinin arxasında kim dayanır və bundan hansı xarici güc qazanır?"
Başqalarının oyununda oyuncaq olmayaq
Biz xarici rejissorların qurduğu tamaşalarda oyuncaq, kimlərinsə təsir rıçağı olmamalı, dövlətimizin siyasətinə, milli birliyimizə inanmalı və güvənməliyik. Vətən müharibəsində "Dəmir yumruq" ətrafında birləşərək torpaqlarımızı azad etdiyimiz kimi, informasiya və ideologiya cəbhəsində də vahid mövqedən çıxış etməliyik.
Əminliklə demək olar ki, bütövlüyümüzü qoruduğumuz müddətcə, Qarabağ Zəfəri kimi dövlətçiliyimizin əbədiyyətini təmin edən növbəti böyük Zəfər də məhz bizim olacaqdır!
Zaur Ibrahimli
Herbiand.az