"Məhkəmələr tərəfindən müraciətlərə baxılması üçün 24 saatlıq müddətin müəyyən olunmasında qanunvericinin məqsədi şəxsin azadlıqdan məhrum edilmə müddətini genişləndirmək deyil, əksinə məhz şəxsin tutulması üçün nəzərdə tutulmuş 48 saatlıq müddət çərçivəsində məhkəmə nəzarətinin tam və vaxtında həyata keçirilməsini təmin etməkdir".
Herbiand.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yazdığı məqalədə qeyd edib.
O bildirib ki, Konstitusiya Məhkəməsinin Plenumunun Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi “Azərbaycan Respublikası Konstitusiyasının 28 və 60-cı maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6 və 447.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2026-cı il 17 aprel tarixli Qərarı da əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusilə vurğulanmalıdır.
"Plenum Qərarında göstərmişdir ki, cinayət-prosessual qanunvericilikdə tutulma müddətinin 48 saatla məhdudlaşdırılması, həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll edilənədək cinayət təqibini həyata keçirən orqanlara zəruri sübutları toplamaq və ilkin prosessual-istintaq hərəkətlərini yerinə yetirmək üçün imkan yaradır. Digər tərəfdən bu müddət şəxsin azadlıq hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını almağa yönəlmiş mühüm prosessual təminat kimi çıxış edir.
Eyni zamanda vurğulanmışdır ki, Cinayət-Prosessual Məcəllənin 148.6-cı maddəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətə təxirəsalınmadan baxılması, Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində isə bunun üçün 24 saatlıq müddətin müəyyən olunması həmin normalar arasında uyğunsuzluğun mövcudluğu kimi qiymətləndirilməməlidir.
Belə ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə məhkəmələr tərəfindən təxirəsalınmadan baxılmasının müəyyən olunmasında əsas məqsəd şəxsin azadlıq hüququnun əsassız və ya həddən artıq məhdudlaşdırılmasının qarşısını almaq, həmçinin bu məsələnin operativ qaydada məhkəmə nəzarəti çərçivəsində həll edilməsini təmin etməkdir.
Digər tərəfdən Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində nəzərdə tutulmuş 24 saatlıq müddət məhkəmələr tərəfindən müraciətlərə baxılarkən onların üzərinə qoyulmuş vəzifələrin icrası üçün məqsədəuyğun şəkildə müəyyən edilmiş maksimal müddət olmaqla, hər bir halda məsələnin təxirəsalınmadan həll olunması tələbini istisna etmir və bu tələbin realizəsinə imkan verən ağlabatan müddət olaraq çıxış edir" - deyə Fərhad Abdullayev qeyd edib.