Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi müəyyənləşib.
Herbiand.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılara qeyri-neft-qaz məhsullarının ixracı zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinə görə 1 000 manatadək kompensasiya veriləcək.
Kompensasiya dəstəyi Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracına şamil olunur. Dəstək mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılara faktiki ixrac edilmiş mallara görə ödəniləcək.
Bir ixrac gömrük bəyannaməsi üzrə kompensasiyanın məbləği ixracatçının ödədiyi gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarının məbləği qədər, lakin 1 000 manatdan çox olmayacaq.
Kompensasiya meyvə-tərəvəz, ət və süd məhsulları, bal, çay, ədviyyatlar, bitki yağları, qənnadı məmulatları, içkilər, əczaçılıq məhsulları, kosmetika, plastmas, rezin, dəri, ağac, kağız, tekstil, xalça, geyim, ayaqqabı, keramika, şüşə, metal məmulatları, maşın və avadanlıqlar, elektrik cihazları, nəqliyyat vasitələrinin hissələri, mebel və digər qeyri-neft-qaz məhsullarının ixracına şamil ediləcək.
Dəstək bir sıra ölkə və ölkə qrupuna ixrac edilən məhsulları əhatə edir. Bu siyahıya Afrika ölkələri, Albaniya, Andorra, Avropa İttifaqı ölkələri, Avstraliya və Okeaniya ölkələri, Banqladeş, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Bruney Darüssəlam, Butan, Cənubi Amerika ölkələri, Çin, Əfqanıstan, Fələstin, Filippin, Hindistan, İndoneziya, İordaniya, İraq, İslandiya, İsrail, İsveçrə, Kamboca, Koreya Respublikası, Koreya Xalq Demokratik Respublikası, Küveyt, Qazaxıstan, Qətər, Qırğızıstan, Laos, Lixtenşteyn, Livan, Malayziya, Maldiv, Moldova, Monako, Monqolustan, Monteneqro, Myanma, Nepal, Norveç, Oman, Özbəkistan, Pakistan, San Marino, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Suriya, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri, Şimali Makedoniya, Şri-Lanka, Tacikistan, Tailand, Timor-Leste, Türkiyə, Türkmənistan, Ukrayna, Vyetnam, Yaponiya və Yəmən daxildir.
Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukraynaya ixrac zamanı tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumrularının, eləcə də yeməli meyvə və qoz-fındığın, sitrus meyvələrinin və qovunun qabıqlarının ixracına kompensasiya şamil edilməyəcək.
Yeni qaydaya görə, ixracatçılar dəstəyin alınması üçün ixrac gömrük proseduru altında yerləşdirilmiş malların aid olduğu rüb başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər.
Müraciətə ixrac gömrük bəyannaməsi, gömrük yığımının ödənilməsini təsdiq edən sənəd, gömrük orqanının malların ölkədən çıxmasını təsdiq edən qeydi olan nəqliyyat sənədi, mənşə sertifikatı və xarici idxalatçı tərəfindən ixracatçının Azərbaycandakı bank hesabına vəsait köçürülməsini təsdiq edən bank sənədi əlavə olunmalıdır.
Nazirlik müraciətə baxaraq qeydiyyat tarixindən etibarən 30 gün ərzində kompensasiyanın ödənilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edəcək. Dəstəyin ödənilməsi barədə qərar qəbul edildikdən sonra vəsait 30 gün ərzində ixracatçının hesabına köçürüləcək.
Kompensasiya dəstəyi 2026-cı il sentyabrın 1-dən tətbiq olunur. Mexanizm 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarını əhatə edir və 2031-ci il dekabrın 31-dək qüvvədə olacaq.