İranda ana dilində təhsil məsələsi yenidən siyasi müzakirələrin mərkəzinə gəlib.
Sərt xətt tərəfdarı kimi tanınan Əli Əkbər Raefipur hökumətin ana dilində tədris planını ölkənin federallaşdırılmasına yönəlmiş təhlükəli addım kimi qiymətləndirib.
O, bu təşəbbüsə görə Məsud Pezeşkian hökumətini tənqid etməklə yanaşı, parlamenti də susqunluqda ittiham edib. Raefipurun açıqlamaları İranda Azərbaycan türklərinin və digər etnik xalqların ana dilində təhsil hüququ ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bu mövqenin arxasında hansı siyasi narahatlıqların dayandığı və ana dili məsələsinin niyə İranın mərkəzi hakimiyyəti üçün həssas mövzuya çevrildiyi diqqət çəkir.
Türkoloq alim, publisist, Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli Herbiand.az-a açıqlamasında bildirib ki, bu kimi açıqlamalar heç bir halda onları haqq qazandıra bilməz: “Bu məsələdə yanaşmalar fərqlidir və onların da özünəməxsus mövqeləri var. Ana dili məsələsinə məhz bu prizmadan yanaşırlar. Halbuki ana dilinin qorunması və tədrisi olduqca mühüm məsələdir.
Pezeşkian hökumətinin fars dili ilə yanaşı, digər xalqların ana dillərinin də tədrisini dəstəkləməsi müsbət və qəbulolunan yanaşmadır. Sərt xətt tərəfdarlarının bu məsələdən niyə narahat olduqları isə bəllidir.
Azərbaycan türkcəsinin İranda tanınması, öyrənilməsi və tədris olunması tamamilə normal və təbii tələbdir. Burada qeyri-adi və ya ölkənin bütövlüyünə təhlükə yaradan heç nə yoxdur.
Tarixi təcrübəyə nəzər salsaq, Səfəvilər, Əfşarlar və Qacarlar dövlətləri dövründə də Azərbaycan türkcəsi mühüm ictimai-siyasi və mədəni mövqeyə malik olub. Ona görə də ana dilinin tədrisini təhlükə kimi təqdim etmək düzgün yanaşma deyil”.
F.Ələkbərli deyib ki, İran rejimi Azərbaycan dilinin tədrisinə şərait yaratmalıdır:
“Niyə Səfəvilər, Əfşarlar və Qacarlar dövlətləri dövründə Azərbaycan türkcəsi, fars dili, hətta ərəb dili yanaşı şəkildə işlənə və tədris oluna bilirdi, amma bu gün İranda Azərbaycan dilinin tədrisi problemə çevrilib? Bu yanaşma təkcə Pəhləvilər rejiminin deyil, təəssüf ki, İran İslam Respublikasının da mahiyyətindəki ziddiyyətləri ortaya qoyur.
Əgər İran həqiqətən İslam prinsiplərinə əsaslanan dövlətdirsə, Azərbaycan dilinin tədrisinə niyə qarşı çıxılmalıdır? Üstəlik, bu məsələ ətrafında niyə qarayaxma kampaniyaları aparılır, ictimaiyyət arasında süni narahatlıq yaradılır?
Əli Əkbər Raefipur, hökumət sözçüsü Fatimə Mühacərani və digər şəxslərin bu istiqamətdə səsləndirdikləri fikirlər Azərbaycan türklərinin ana dilinə qayıdışına və onun tədrisi uğrunda mübarizəsinə mane ola bilməz. Ana dilinin öyrənilməsi və tədrisi artıq ictimai tələbatdır və bunun reallaşacağına inanırıq. Düzdür, Pezeşkian hökumətinin bu istiqamətdə yeni planı hələ rəsmən təsdiqlənməyib.
Lakin Pezeşkianın verdiyi vədlər var və o, həmin vədlərin arxasında dayanmalıdır. Əks halda, Cənubi Azərbaycan əhalisinin ona göstərdiyi etimad və siyasi dəstək ciddi şəkildə zədələnə bilər.
Ümid edirik ki, Pezeşkian bu məsələdə geri addım atmayacaq və növbəti tədris ilindən Azərbaycan dili İran məktəblərində tədris olunmağa başlayacaq. İnanırıq ki, yüz minlərlə soydaşımızın övladı öz ana dilində təhsil almaq və bu dili məktəb səviyyəsində öyrənmək imkanı əldə edəcək”.
Məhəmməd Əliyev