Advertisment

Xaricdən gətirilən ət və ət məhsulları necə yoxlanılır? – Ekspert rəyi

Son illər Azərbaycanda xarici ölkələrdən gətirilən müxtəlif növ ət və ət məhsullarının satışı genişlənib. Monqolustandan qoyun əti, Ukraynadan mal əti, Çindən ördək, Belarusdan isə mal dırnağı və digər heyvan mənşəli məhsulların bazara çıxarılması istehlakçılarda bir sıra suallar doğurur.

Əsas məsələ isə bu məhsulların mənşəyinin, saxlanma və daşınma şəraitinin, eləcə də baytarlıq-sanitariya normalarına uyğunluğunun necə yoxlanılmasıdır. İstehlakçılar aldıqları ətin sağlam heyvandan əldə edildiyinə, yoxsa hər hansı səbəbdən tələf olmuş heyvanın məhsulu olmadığına necə əmin ola bilərlər?

Xaricdən idxal edilən ət məhsullarının keyfiyyətinə hansı dövlət qurumları nəzarət edir və bu nəzarətin effektivliyi necə təmin olunur? Bütün bu suallar ictimaiyyətin diqqətində olan mühüm qida təhlükəsizliyi məsələlərindəndir.

Araşdırmaçı-yazar və qida təhlükəsizliyi eksperti Asim Vəliyev Herbiand.az-a açıqlamasında idxal olunan ət və ət məhsullarının keyfiyyətinə nəzarət, onların mənşəyi və təhlükəsizliyi ilə bağlı məsələlərə aydınlıq gətirib.

“Azərbaycana Monqolustandan qoyun əti, Ukraynadan mal əti, Pekin ördəyi və Belarusdan heyvan mənşəli digər məhsulların idxalına nəzarət aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Xaricdən gətirilən ət məhsulları müvafiq baytarlıq sənədlərinə malik olmalıdır. Həmçinin mənşəyi və istehsal olunduğu müəssisə müəyyən edilməli, sərhəddə sənədləri, təhlükəsizlik göstəriciləri yoxlanılmalıdır. Digər tərəfdən ehtiyac olarsa laborator müayinələr aparılır.

Bir məhsulun xaricdən gətirilməsi onun birbaşa təhlükəsiz olması demək deyil. Əsas məsələ odur ki, ətin hansı müəssisədə, hansı heyvandan, hansı şəraitdə əldə edilməsidir. Bir məsələni də deyim ki, AQTA-nın nəzarəti yalnız idxal zamanı deyil. Məhsulun ölkə daxilində saxlanması və satışını da əhatə edir. Satışa çıxarılan ətin xəstə, ya ölmüş heyvandan əldə edilməsini təkcə ətin rənginə, qoxusuna, görünüşünə baxmaqla müəyyən etmək olmur.

Heyvanın kəsimdən əvvəl baytar müayinəsindən keçməsi, ətin isə kəsimdən sonra baytarlıq-sanitariya ekspertizasına cəlb olunması vacibdir. Bir istehlakçı olaraq məhsulun mənşəyinə, etiketinə, baytarlıq nəzarətini təsdiqləyən sənədlərinə və satış şəraitinə diqqət etməliyik.

AQTA-nın öz məlumatlarında da idxal olunan bəzi ət partiyalarında insan istehlakı üçün yararsızlıq, parazitar yoluxma, digər uyğunsuzluqların aşkarlandığı göstərilib. Bu da nəzarətin formal deyil, real və davamlı olmasının vacibliyini göstərir.

Biz xaricdən gətirilən ətin ucuzluğuna yox, onun təhlükəsizliyini təsdiqləyən sənədlərə, rəsmi nəzarətə əsaslanmalıyıq”.

Məhəmməd Əliyev

Herbiand.az