Advertisment

"O kursların fəaliyyəti dərhal dayandırılmalıdır!" -Əməkdar jurnalistdən ÇAĞIRIŞ

Bu gün ölkədə, xüsusən Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən dini məktəblərin, mədrəsələrin tədris fəaliyyəti, proqramları və idarəetmə mexanizmləri ilə bağlı bir sıra suallar yaranır. Bu təhsil ocaqlarında hansı fənlərin tədris edildiyi, dərs proqramlarının kimlər tərəfindən hazırlandığı və müəllimlərin hansı meyarlarla seçildiyi maraq doğurur. Eyni zamanda, mədrəsələrin fəaliyyətinə hansı dövlət qurumlarının nəzarət etdiyi və tədris prosesinin qanunvericiliyin tələblərinə uyğunluğu məsələsi diqqət çəkir. Bu mədrəsələrin fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin və tədris proqramlarının şəffaflığının təmin edilməsinin vaxtı çatmayıbmı?

Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət Herbiand.az-a açıqlamasında bildirib ki, mədrəsələrin tədris prosesi, proqram təminatı və idarəetmə mexanizmləri ciddi diqqət tələb edən məsələlərdəndir:

“Söhbət qanuni əsaslarla fəaliyyət göstərən mədrəsələrdən gedirsə, məsələ bir qədər fərqlidir. Belə ki, həmin mədrəsələrin təsisçisi Qafqaz Müsəlmanları İdarəsidir. Yəni bu qurum da təbiidir ki, dövlətin tanıdığı qurumdur. O qurum təsis edir, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bunun fəaliyyətinə icazə verir və təbii olaraq qarşılıqlı şəkildə nəzarətdə saxlayırlar. Bunlar rəsmi olaraq təsis edilmiş, rəsmi olaraq qeydiyyatdan keçmiş və dövlətin birbaşa nəzarətində olan mədrəsələrdir. Lakin biz eşitmişik ki, təkcə Abşeronda deyil, ölkənin hər tərəfində qeyri-rəsmi fəaliyyət göstərən kurslar var. Bunun adını “Quran kursları” qoyurlar, “din kursları” qoyurlar. Hətta ayrı-ayrı şəxslərin öz evlərində dini tədris kursları təşkil etməsi ilə bağlı da məlumatlar yayılır. Belə ki, bəzi şəxslərin evlərində gəncləri, xüsusilə də azyaşlı uşaqları toplayaraq Quran dərsləri keçdiyi bildirilir. Bu cür fəaliyyətlərin hansı hüquqi əsaslarla həyata keçirildiyi və tədris prosesinə kimlərin nəzarət etdiyi məsələsi də araşdırılmalıdır. Bax, bu təhlükəli məsələdir. Çünki həqiqətən də dini təhsil vermək istəyən, yaxud da ki, dini maarifləndirmə işi aparmaq istəyənlər varsa, əlbəttə, onlar mədrəsə də qura bilər, kurs da təşkil edə bilər, amma bunları təşkil etmək üçün dediyimiz kimi, Qafqaz Müsəlmanları Dini İdarəsindən icazə alınmalıdır. Yaxud onun təsisçiliyi ilə bu iş həyata keçirilməlidir, ardından da Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi müvafiq icazəni verməlidir”.

Azər Həsrət hesab edir ki, bu qurumlar fəaliyyətə başlarkən olduqları ərazidə müvafiq dövlət qurumlarının da xəbəri olmalıdır.

“Bu məsələyə yerli icra hakimiyyəti orqanları, polis və zərurət yarandıqda Dövlət Təhlükəsizliyi Xidməti də daxil olmaqla, aidiyyəti dövlət qurumları diqqət yetirməlidir. Məsələ yalnız dini məktəblərlə məhdudlaşmır. Ümumiyyətlə, təhsil sistemi çərçivəsində fəaliyyət göstərən bütün məktəblər, kurslar və tədris mərkəzləri barədə müvafiq dövlət qurumlarının məlumatı olmalıdır. Azərbaycanda hər hansı tədris fəaliyyətinin aidiyyəti qurumların məlumatı və qanuni prosedurlardan kənar, gizli şəkildə həyata keçirilməsi yolverilməzdir. Hesab edirəm ki, bu sahədə şəffaflıq və qanunvericiliyə riayət olunması təmin edilməlidir”-deyə, o, bildirib.

Siyasi şərhçinin fikrincə, rəsmi qeydiyyatdan keçmiş və qanuni əsaslarla fəaliyyət göstərən mədrəsələrin fəaliyyəti ilə bağlı narahatlığa əsas yoxdur: “Lakin müvafiq icazə və qeydiyyat olmadan fəaliyyət göstərən dini tədris mərkəzləri ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılmalı və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməlidir. Birincisi, onlara xəbərdarlıq edilməli və bu cür fəaliyyətlər varsa dayandırılmasına çağırış edilməlidir. İkinci bir tərəfdən də buna cavab verməyən, yaxud da ki, bununla razılaşmayanlar olanda onlara qarşı qanun çərçivəsində tədbirlər görülməlidir. Azərbaycan hüquqi dövlətdir, dünyəvi dövlətdir. Burada hər şey qanunlarla, konstitusiya ilə tənzimlənir. Yəni kimsə çıxıb iddia edə bilməz ki, mən şəriətə uyğun belə edirəm, yaxud şəriət çərçivəsində davranıram və sair. Şəriət hər kəsin özü üçündür, amma cəmiyyətlə qarşılıqlı münasibətlərdə şəriət bizim ölkəmizdə keçərli deyil. Bizim ölkəmizdə keçərli olan Azərbaycan Respublikasının konstitusiyası və ondan irəli gələn qanunlarımızdır”.

Azər Həsrətin fikrincə, qanunvericiliyin tələblərinə uyğun olaraq, mədrəsələrin yaradılması müəyyən edilmiş prosedur və ardıcıllıq əsasında həyata keçirilməlidir.

“Həmin qaydalara riayət etməklə fəaliyyət göstərən mədrəsələrin işində hər hansı problem olmamalıdır. Qanunvericiliklə müəyyən edilmiş prosedurlardan kənar mədrəsə və ya dini tədris kursları təşkil edən şəxslər varsa, təbii ki, dövlət belə hallara qarşı müvafiq tədbirlər görməlidir. Yəqin ki, bu istiqamətdə müəyyən nəzarət tədbirləri də həyata keçirilir. Belə bir şəraitdə Azərbaycanda dinə və dini inanclara qarşı dözümsüzlük nümayiş etdirildiyini iddia etmək əsassızdır. Dövlətin mövqeyi aydındır: hər kəs öz fəaliyyətini qanun çərçivəsində həyata keçirə bilər. Dini bilikləri öyrətmək, maarifləndirmə işi aparmaq istəyənlər üçün də qanuni imkanlar mövcuddur və bu sahədə heç bir maneə yoxdur. Ancaq ayrı-ayrı şəxslərin evlərdə və ya digər məkanlarda, bəzən açıq, bəzən də nəzarətdən kənar şəkildə toplaşaraq dini tədris adı altında insanlara təsir göstərməsi, xüsusilə də uşaqların və gənclərin dünyagörüşünə müdaxilə etməsi ciddi narahatlıq doğurur. Mən hesab edirəm ki, xaricdən, o cümlədən İrandan qaynaqlanan, xurafatçı və radikal dini baxışların yayılmasının qarşısı alınmalıdır. Belə təsirlərin nəticəsində formalaşan qruplar sonradan Azərbaycan dövləti və cəmiyyəti üçün problemlər yarada bilər. Ona görə də dövlət bu sahədə nəzarəti gücləndirməli, qanuni çərçivədən kənara çıxan fəaliyyətlərə qarşı qanunvericiliyə uyğun tədbirlər görməlidir”, – deyə Azər Həsrət bildirib.

 

Məhəmməd Əliyev

Herbiand.az