Advertisment

"Azərbaycanın idman ölkəsi kimi tanınması məqsədyönlü siyasətin nəticəsidir" – Azər Aslanov

"Azərbaycanın idman ölkəsi kimi tanınması illər ərzində həyata keçirilən məqsədyönlü və düzgün siyasətin nəticəsidir".

Bu fikirləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda gənclərin idmana cəlb olunması, onların beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi üçün hər cür şərait və imkan yaradılıb. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ölkəmizin idman ölkəsi kimi tanınmasında müstəsna xidmətləri var.
 

Heç kimə sirr deyil ki, İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkənin idman həyatında mühüm dəyişikliklər baş verməyə başladı. İstedadlı və bacarıqlı gənclərimiz nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək, yüksək nəticələr qazanmaq imkanı əldə etdilər.

Dövlət başçısı kimi İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməyə başladı. Bütün bunlar ölkəmizin beynəlxalq miqyasda tanınmasına və nüfuzunun artmasına da mühüm töhfə verdi.

A.Aslanov qeyd edib ki, Azərbaycan Kikboksinq Federasiyasının inkişafında və bugünkü uğurlarının təməlində də həmin dövrdən başlanan məqsədyönlü fəaliyyət dayanır.
Onun sözlərinə görə, kikboksinq ölkəmizdə idman hərəkatının aparıcı istiqamətlərindən biridir.

Federasiya minlərlə idmançını öz ətrafında birləşdirir, kikboksçularımız hər il müxtəlif beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edərək Azərbaycanın idman şöhrətini yüksəldirlər. Bu nailiyyətlər federasiyada işin düzgün və sistemli şəkildə qurulduğunun göstəricisidir.

A.Aslanov bu uğurların əldə olunmasında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevin xidmətlərinin xüsusi olduğunu vurğulayıb. Bildirib ki, Adil Əliyev kikboksinqin Azərbaycanda kütləviləşməsi, gənc və perspektivli idmançıların yetişdirilməsi istiqamətində mühüm işlər görüb.

Eyni zamanda, beynəlxalq yarışların ölkəmizdə təşkili üçün göstərdiyi səylər nəticəsində dünyanın müxtəlif ölkələrindən olan kikboksçular Azərbaycana dəvət olunub. Bu da həm idman növünün inkişafına, həm də Azərbaycanın beynəlxalq idman arenasında nüfuzunun daha da yüksəlməsinə xidmət edib.

Aydın

Herbiand.az