Borçalı məsələsi bu gün təkcə tarixi yaddaş, milli kimlik və soy-kök məsələsi deyil, həm də Azərbaycanın gələcək geosiyasi və mənəvi maraqları baxımından strateji əhəmiyyət daşıyan mövzulardan biridir.
Uzun illər ərzində müxtəlif siyasi dairələrin, ideoloji mərkəzlərin və kənar qüvvələrin təsiri ilə Borçalı türklərinin milli kimliyindən uzaqlaşdırılması istiqamətində cəhdlərin olduğu iddia edilir. Təəssüf ki, bu proseslərə qarşı vaxtında və sistemli mövqe ortaya qoyulmadığından, Azərbaycan cəmiyyətinin Borçalı ilə mənəvi və milli bağları da zəifləyib.
Bəs Borçalını bizdən uzaqlaşdıran amillər hansılardır, bu prosesdə hansı qüvvələrin maraqları toqquşur və tarixi-milli bağları yenidən gücləndirmək üçün hansı addımlar atılmalıdır?
Şair Tural Turan Herbiand.az-a açıqlamasında deyib ki, Borçalı məsələsi Azərbaycanın milli kimliyi, tarixi yaddaşı və gələcək nəsillərlə mənəvi bağlılığı baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu məsələyə laqeyd yanaşmaq gələcəkdə daha ciddi milli və mənəvi itkilərə yol aça bilər.
“Biz Borçalını 20 ildən çoxdur ki, itirmişik. İranın molla rejimi Borçalıda çoxdan hərəkətə keçib. SEPAH-ın Güney Qafqaz qolu “Beyinyuma əməliyyatı” gerçəkləşdirirdi. Ardınca ikinci zərbəni Türkiyədəki müəyyən dairələr vurdu. Borçalı türklərini “qarapapaq” adlandırmaqla bizdən uzaq salmağa çalışdılar. “Qarapapaq” anlayışını “Ahıskaçılığa” bağlayanları da az görmədik. Bunlar art-missionerlik cəhdləri idi. Ara-sıra indi də işartılarını görmək mümkündür. Biz isə bütün bunların qarşılığında özümüzə, içimizə qapandıq”.
Tural Turan hesab edir ki, yaranmış durumda günahkar özümüzük: “Borçalıya göndərilən natamam və keyfiyyətsiz dərsliklər də bölgədə milli oyanışın, türk kimliyinə qayıdış prosesinin güclənməsinə yetərli təsir göstərə bilmədi. Bir sözlə, günahkar özümüzük.
Borçalını itirmişik, onu geri qaytarmaq indiki mərhələdə elə də asan görünmür. Digər tərəfdən, Rusiyanın Azərbaycandakı “beşinci kolon”u da Borçalını bizdən qoparmaq uğrunda əllərindən və dillərindən gələni “əsirgəmədilər”. Onları bizdən, bizləri onlardan uzaq salmaq üçün ağızlarına gələni yazdılar, danışdılar.
Təəssüf ki, bu gün ölkədə aydınlıq, ziyalılıq institutu yox vəziyyətindədir. Nədənsə, Borçalı məsələsində on addım geridəyik, bütün oyunçuları “öz cərimə meydançamıza, hətta qapı xəttimizə” doğru çəkib. Borçalı bizim tarixi irsimizin sabaha açılan qapılarından biridir. Əgər bu gün onu geri qaytarmağa çalışsaq, iki-üç onilliyə “status-kvo”nu bərpa edə biləcəyik. Əksinə, bir az da geciksək, onu ömürlük itirə bilərik”.
Aydın
Herbiand.az