Advertisment

100 minə yaxın insan doğma yurduna qayıdıb – Rövşən Rzayev 2027–2030 planlarını açıqladı

Xəbər verildiyi kimi, Qaçqın və Məcburi Köçkünlərin İş üzrə Dövlət Komitəsində, sədr Rövşən Rzayevin ictimai nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, QHT sədrlərinin görüşü keçirilib.

Görüşdə iştirak edən Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri herbiand.az-a açıqlamasında bildirib ki, komitə sədri keçmiş məcburi köçkünlərin böyük əksəriyyətinin doğma yurdlarına qayıtmaq istəyində olduğunu vurğulayıb.

“O, eyni zamanda, ictimaiyyətə müraciət edərək, Böyük Qayıdış prosesi zamanı hər hansı neqativ halla qarşılaşan vətəndaşların bu barədə aidiyyəti qurumlara operativ məlumat verməsinin və maarifləndirmə işlərində fəal iştirak etməsinin vacibliyini qeyd etdi. Komitə sədrini narahat edən məsələlərdən biri də qayıdış prosesində yarana biləcək neqativ hallardır. Qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifə keçmiş məcburi köçkünlərin doğma yurdlarına şəffaf, könüllü və maneəsiz şəkildə qayıtmasının təmin edilməsidir. Vurğulandı ki, dövlət tərəfindən keçmiş məcburi köçkünlərin mənzillərlə təmin olunması mühüm sosial dəstəkdir və qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilib”.

Komitə sədri vurğulayıb ki, dövlət tərəfindən keçmiş məcburi köçkünlərin mənzillərlə təmin olunması mühüm sosial dəstəkdir və qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilib.

Artıq 100 minə yaxın insanın həmin ərazilərdə məskunlaşdığını deyən R.Rzayev 2027–2030-cu illəri əhatə edən növbəti qayıdış mərhələsi üzrə planların hazırlandığını bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə şəhər və qəsəbələrin salınması, dəmir və avtomobil yollarının, elektrik, su və qaz xətlərinin çəkilməsi əsas prioritetlər olub. Hazırda isə yaşayış evlərinin tikintisinin sürətləndirilməsinə xüsusi diqqət yetirilir. Növbəti illərdə Böyük Qayıdış prosesinin daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, doğma yurda qayıdan əhalinin məşğulluq məsələləri də diqqət mərkəzində saxlanılır.

Bildirilib ki, qayıdış prosesində təhlükəsiz, könüllü və ləyaqətli qayıdış prinsiplərinə tam əməl olunur.

Görüş zamanı mövcud problemlər geniş müzakirə edilib və Komitə rəhbərliyinin diqqətinə çatdırılıb. Komitə rəhbərliyi isə bu məsələlərin həlli üçün vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığa hazır olduğunu bildirib.

R.Rzayev qeyd edib ki, Böyük Qayıdış prosesində insanların əhval-ruhiyyəsi də əhəmiyyətli dərəcədə dəyişib: “Əvvəllər torpaqlarımızın azad olunacağına dair insanlarda müəyyən ümidsizlik və narahatlıq var idi. Bu gün isə qısa müddətdə doğma yurdlarına qayıtmaq, ata-baba torpaqlarında yenidən həyat qurmaq və fəaliyyətə başlamaq istəyən insanların sayı çoxdur”.

Komitə sədri mənzillə təminat məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, ilk növbədə ağır və çətin şəraitdə yaşayan, mənzili olmayan keçmiş məcburi köçkünlərin evlə təmin olunması nəzərdə tutulur. Növbəti mərhələlərdə isə doğma yurdlarında vaxtilə evləri olmuş, lakin hazırda mənzil təminatı gözləyən şəxslərin müraciətlərinə də baxılacaq.

O, vətəndaşların müraciətlərinin dinlənilməsi üçün Komitədə mütəmadi qəbulların təşkil edildiyini də diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, həftənin müxtəlif günlərində Komitə sədri, sədr müavini, ev komissiyasının sədri, şöbə müdirləri və müşavir tərəfindən vətəndaşların qəbulu keçirilir.

Yunis

Herbiand.az