UEFA Avropa Liqasının Liqa mərhələsində keçirilən “Beşiktaş” – “Hapoel” (Beer-Şeva) qarşılaşması gözlənilməz insidentlə yadda qalıb. Görüşün 20-ci dəqiqəsində komandaların futbolçuları arasında mübahisə yaranıb. Ardınca gərginlik tribunaya da keçib və azarkeşlər arasında qarşıdurma baş verib. Təhlükəsizlik səbəbindən dayandırılan matç təxminən 25 dəqiqəlik fasilədən sonra bərpa olunub.
Baş verənlər fonunda UEFA-nın “Beşiktaş”la bağlı hansı intizam tədbirlərinə əl atacağı müzakirə mövzusuna çevrilib. İnsidentin klub üçün ciddi maliyyə və idman nəticələri doğura biləcəyi ehtimal edilir.

Məsələ ilə bağlı Herbiand.az-a açıqlama verən Natiq Muxtarlı bildirib ki, hadisənin əsas məsuliyyəti və nəticələri “Beşiktaş” klubunun üzərinə düşəcək:
“Əgər əvvəlcədən müəyyən edilmiş qaydalar və qadağalar varsa, hər kəs onlara əməl etməlidir. Lakin həmin tələblərə məhəl qoyulmayıbsa və azarkeşlər polislə qarşıdurmaya gediblərsə, bu, artıq ciddi intizam pozuntusudur. Hadisə zamanı “Beşiktaş” azarkeşlərinin polislə qarşıdurmaya girdiyi açıq şəkildə müşahidə olundu. Düşünürəm ki, UEFA bu insidentə görə klubu cəzalandıracaq. Hətta istisna deyil ki, “Beşiktaş”ın avrokuboklardakı növbəti oyunları azarkeşsiz keçirilsin. Düşünürəm ki, türkiyəli azarkeşlərin həddindən artıq çılğınlığı öz başlarında çatlayacaq. Belə olmamalı idi. Yadınızdadır, Türkiyə-Ermənistan yığmalarının oyunu? UEFA qadağa qoymuşdu ki, Azərbaycan bayraqları stadiona buraxılmasın. Türk polisi nə edirdi onda? Stadiona girən azarkeşlərdən Azərbaycan bayrağını alıb zibil vedrəsinə atırdı. UEFA qərar verib ki, bu banerlər, bu bayraqlar olmamalıdır, əməl etmək lazımdır. Polis də həmin missiyanı yerinə yetirib və azarkeşlər onda polisə hücum edirdilər. Bəs niyə Azərbaycan bayrağını bunların əlindən alıb zibil vedrəsinə atanda türk polisinə qarşı etiraz etmirdilər?”
Maraqlıdır ki, qarşılaşmadan əvvəl komandaların salamlaşma mərasimində də “Beşiktaş” futbolçuları rəqib oyunçularla əl sıxmaqdan imtina ediblər.
Natiq Muxtarlı hesab edir ki, məhz klub futbolçularının bu davranışı tribunadakı gərginliyin yaranmasına zəmin yaradıb və azarkeşlərin aqressiv reaksiyasına təsir göstərib:
“İsrail komandasının heyətində Əhməd adlı Fələstin əsilli ərəb futbolçu da var. Lakin “Beşiktaş”ın futbolçuları onunla da əl sıxmaqdan imtina ediblər. Əslində, tribunadakı azarkeşlərin aqressiv davranışının kökündə də məhz klubun futbolçularının bu hərəkəti dayanırdı. Klub belə bir mövqe sərgiləməsəydi, bunun azarkeşlərin davranışına da təsir göstərəcəyini düşünmürəm. Təsəvvür edin, İsrail komandasının heyətində üç Fələstin əsilli ərəb futbolçu var, amma “Beşiktaş”ın oyunçuları onlarla əl sıxmaq istəmirlər. Bu, absurddur və heç bir məntiqlə izah edilə bilməz. Etirazın da öz qaydası və təsir mexanizmi olmalıdır. Bu halda isə etirazın nəticəsi etiraz edənlərin özlərinə zərər vurması ilə yekunlaşdı. Mən baş verənlərə görə klub rəhbərliyini məsuliyyətli hesab edirəm. Çünki futbolçulara rəqib komandanın oyunçuları ilə əl sıxmamaq barədə göstərişin məhz klub rəhbərliyi tərəfindən verildiyini düşünürəm. Bu davranış tribunadakı azarkeşlərə də sirayət etdi və nəticədə arzuolunmaz hadisələr baş verdi. Hesab edirəm ki, bütün bunların fonunda “Beşiktaş”ı UEFA tərəfindən ağır cəza gözləyir”.
Yunis İsrəfilov