Fond Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edib
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. KİVDF-dən verilən məlumata görə, Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyinə 2 məsələnin çıxarıldığını diqqətə çatdırıb. Qeyd edib ki, iclasda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin mövzularının müzakirəsi, cari məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Birinci məsələnin müzakirəsi zamanı çıxış edən Fondun Müşahidə Şurasının üzvü Vüqar Əliyev media nümayəndələri arasında sağlam rəqabətin daha da gücləndirilməsi, yekun nəticələrdən daha çox jurnalistin faydalanması imkanının yaradılması baxımından mövcud müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklərin edilməsi zərurətini önə çəkib. Müsabiqə mövzularının jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirilməsini təklif edən Vüqar Əliyev bu yeniliyin onların yaradıcılığına müsbət təsir göstərəcəyi qənaətində olduğunu bildirib. O, həmçinin qaliblərinin müəyyənləşdirilməsi ilə bağlı mövcud müsabiqə şərtlərinə yenidən baxılmasını, hər istiqamət üzrə ümumilikdə 6 nəfər qalibin müəyyənləşdirilməsini daha məqsədəuyğun saydığını bildirib.
Müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 olmaqla 1, II yer üçün 300 olmaqla 2, III yer üçün isə 200 manat olmaqla 3 mükafatın verilməsini təklif edən Vüqar Əliyev bu halda Fondun keçirdiyi müsabiqələrdən ümumilikdə 114 nəfər jurnalistin faydalana biləcəyini diqqətə çəkib.
Daha sonra təkliflər ətrafında müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərindən – Vüqar Rəhimzadə, Bəxtiyar Sadıqov, Faiq Qurbanov, Rəşad Məcid, İntiqam Hümbətov irəli sürülmüş təklifləri dəstəkləyərək kütləvi informasiya vasitələrinin sürətli inkişafı şəraitində Fond tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin şərtlərində də bəzi əlavə və dəyişikliklərin edilməsinin zəruriliyini vurğulayıblar. Qeyd edilib ki, irəli sürülən təkliflər jurnalistlərə müsabiqənin elan edilmiş istiqamətləri üzrə sərbəst yazılar işləmələrinə, habelə müsabiqənin yekun nəticələrindən faydalanan jurnalistlərin sayının artmasına imkan verəcəkdir.
Daha sonra irəli sürülən təklif əsasında Fondun fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirəyə çıxarılıb. Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının sədri Umud Mirzəyev, şura üzvləri – Rəşad Məcid və Vüqar Əliyev mövcud qaydalara dəyişiklikləri nəzərdə tutan bəzi təkliflər irəli sürüblər. Müzakirələrin yekunu kimi müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklərin olunması barədə qərar qəbul edilib.
İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Fondun icraçı direktoru Vüqar Səfərli Fondun gördüyü işlər və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.