Advertisment

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

 HEYDƏR ƏLİYEV

Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün çox önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Bununla da dövlətimiz əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən insan da məhz Heydər Əliyev oldu. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi “Hərbi And” oxucuları ilə bölüşəcəm. Belə bir aksioma var ki, hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Məsələn, qədim Spartada gənclər nizam-intizam, qəhrəmanlıq və cəsarət ruhunda tərbiyə edilirdi. Amerikalılar öz övladlarını sahibkarlıq bacarığı və rəqabət ruhunda böyüdürlər. Çinlilər loyallıq, yaponlar isə əməkdaşlıq təlqin edirlər. Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Min illər öncə bu torpaqlarda yaranmış zərdüştlük Xeyirlə Şərin əbədi mübarizəsi və Xeyirin Şər üzərində qələbəsi ideyası bütün dünya xalqlarının fəlsəfi fikrinə dərin təsir edib. Muğanda yaşayan mağların dini-fəlsəfi fikrindən bəhrələnən yunan filosofları “hər şeyin mübarizə vasitəsilə zərurətdən yarandığını” söyləyiblər. Düşmənlərlə mübarizə həyat tərzi olan xalqımızın söz sənəti də qəhrəmanlıq tərənnüm edən dastan və poemalarla zəngindir. Bəli, Azərbaycan gənci daima döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Azərbaycan gənci böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurmuşdur. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hislərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət – gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir. Ümummilli Lider Heydər Əliyev müəllimlərə tövsiyə xarakterli tarixi çıxışlarında bildirirdi ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər. Nəzərə almaq lazımdır ki, xalqımızın Dağlıq Qarabağ kimi qaysaq bağlamayan yarası var. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bu baxımdan yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinin düzgün təşkil olunması böyük aktuallıq kəsb edir. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi. Bu gün də Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.

Aytən NAZİMQIZI

Məqalə Azərbaycan Respublikasının Prezidenti

yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun

maliyyə dəstəyi ilə hazırlanıb