Advertisment

“Vətənpərvər insanların yetişməsi, birbaşa fiziki, mənəvi baxımdan da güclü şəxslərin yetişməsi deməkdir”

Bu dəfəki sayımızda həmsöhbətim şair-publisist, AYB və AJB üzvü, Qızıl Qələm media mükafatçısı, bir neçə şeir kitablarının müəllifi Nəzmiyyə Hicrandır. Kəlbəcər kimi gözəl bir diyarda doğulub boya-başa çatmaq fəqət o torpaqlara həsrət qalmaq bu gün Nəzmiyyə xanımın ən yaralı yeridir. –         Nəzmiyyə xanım, mən sizi daha çox vətənpərvərlik mövzusunda yazılan şeirlərin müəllifi kimi tanıyıram, siz özünüzü necə tanıyırsız? –         Əslində heç özüm də Nəzmiyyə Hicranı tanıya bilmirəm. Gah körpə uşaq oluram, gah da yaşlı adam. Bəzən də elə bil bu zəmanənin adamı deyiləm. Çox vaxt özüm-özümə qapılıram. Tənhalığın ağuşunda özümü daha rahat hiss edirəm. Ətrafımda bəzən hamı var, elə bilirəm heç kəs yoxdur. Hərdən elə hiss edirəm ki, ətrafımdakı insanları da incidirəm, qayğılarından uzaqlaşıram. Özüm-özümlə yola gedə bilmirəm. Ancaq bəzən özümü vətənpərvər də saya bilmirəm. Bilmirəm, vətəndə, vətənsiz vətənpərvər olmaq nə dərəcədə mümkündür. Nənəm mənə üç ad verdi- Hicran, Həsrət, İntizar… Hicranı mənə, Həsrəti sənə, İntizarı Kəlbəcərə düşdü, əmi… Hərdən keçmişimlə pıçıldaşıram, doğmalarımla bax belə, şeir dili ilə danışıram. Sizlərdə məni bu cür, vətənpərvər sayırsız. Yəqin  elə düz də edirsiz, çünki vətəni sevmək hamımızın borcudur. –         Nəzmiyyə xanım, istəyirəm bu günki söhbətimiz bütünlükdə layihəmizin şərtlərinə uyğun davam etsin. Yəni, yeniyetmə və gənclərimizin fiziki və mənəvi hazırlığında sizin də rolunuz olsun. Ümumiyyətlə, bu baxımdan ədəbiyyat nə dərəcədə təsirli ola bilər? –         Əslində bu mövzu günümüzün ən aktual məsələlərindəndir. Mənim bu baxımdan roluma gəldikdə isə verəcəyim cavabların gəncliyə xidmət etməsində maksimum dərəcədə maraqlıyam. Ümumilikdə isə, ədəbiyyatımız istər klassikası, istər müasirliyi ilə zəngindir. Ədəbiyyatımızın keçmişi, bu günü var və bu gün gənclərə istər fiziki, istər mənəvi baxımdan yardımçı ola bilərik. Koroğlu, Qaçaq Nəbi, Həcər, Nigar və s. obrazları ədəbiyyatımızda cəngavərlik simvolu, fiziki baxımdan güclü və mənəviyyat baxımından milliliyimizi qoruyan amillərlə zəngindir. Sadəcə yeniyetmələrin, gənclərin özü kifayət qədər mütaliyə etməli, ədəbi nümunələrdən yararlanmalıdır. Azərbaycan ədəbiyyatında dəyərli imzalar var, amma nədənsə gəncliyin özü ədəbiyyatın qədimiliyindən yararlanmaqda bir qədər possivdir. Kütləvi oxu səviyyəsi formalaşmayıb və bu baxımdan nələrsə etməliyik.Vətənpərvər insanların yetişməsi, birbaşa fiziki, mənəvi baxımdan da güclü şəxslərin yetişməsi deməkdir. Bu insanların yetişməsi də təbii ki, ilk olaraq ailədə, daha sonra ibtidai təhsildə özünü göstərir. Sözüm ondadır ki, bu gün məktəb dərsliklərimizdə, ədəbiyyat kitablarında vətənpərvərlik mövzusunda şeirlərə daha çox yer verilməlidir. Yeniyetmələrdə bu kimi dəyərli hissləri şeirdən, uşaq ədəbiyyatından başqa heç nə ilə aşılaya bilmərik. Yəni, bu istiqamətdə göründüyü kimi, ədəbiyyatın kifayət qədər təsiri var və olacaqdır da.  –         Vətənpərvərlik mövzusuna çox tez-tez müraciət edirsiz, bu da bir növ sizin təbliğatınızdır?  –         Çox düz buyurursuz, amma təkcə təbliğat deyil. Şair ruh adamıdır və yazanda da öz ruhunu yazır. Axı mən başqa mövzuda necə yaza bilərəm? Kəlbəcər rayonu işğal olunanda mən orta məktəbin 11-ci sinifində oxuyurdum. Bakı şəhərinə pənah gətirdik, bu gün də o vətənin ağrısı, acısıyla yaşayıram. Yenə öz vətənimdəyəm, insan vətənində köçkün sayılmaz. Ancaq heyvanları xatırlayın, meşədə mənsub olduğu yeri, ərazini necə qoruyub saxlayır, başqa yırtıcıların öz tərəflərinə keçməsinə imkan vermir. Biz insanıq axı, bizim şüurumuz, dünya görüşümüz var. Nəzmiyyə Hicran nə qədər yaxşı gündə-güzaranda, kəh-kəşanda yaşasa, tanınsa da doğulub boya-başa çatdığı torpaq üçün çox darıxır. Ona görə də mənim bundan başqa əsas mövzum ola bilməz. Bəzən özümdən asılı olmayaraq, gəzdiyim hər yerdə kəndimizi axtarıram, qəriblik məni elə sıxır, elə ağrıdır ki, içimdən gələn o hisslər də şeirlərimə gedir. İnanın, birdən Qarabağ üçün elə darıxıram ki, anasının qucağından dartılıb alınan uşaq necə ağlayar, bax oturub elə ağlayıram. Yadımdadır, Kəlbəcər işğal olan gün anam heyvan kəsmişdi. Qohumlarımız bizdəydi, anamgil də qonaq üçün böyük qazanda yemək asmışdılar. Elə süfrəmiz təzəcə açılmışdı ki, kəndimiz atəş-dumana qərq oldu. Bir təhər getdik başqa kəndə, orda da 7 qohumumuz şəhid olmuşdu. Bibim oğlunu xüsusi amansızlıqla yandırmışdılar. Elə güc-bəlayla onları qəbristanlıqda dəfn edib ordan da çox çətin vəziyyətdə Murovu aşıb bu üzə gəldik. Elə bil hadisələr bu an baş verib. Bəzən bir tədbirdə, lap toy məclisində də mənə deyirlər qaraqabaqsan. Əslində qaraqabaq deyiləm, sadəcə yaşadığım o görüntülərdən çıxa bilmirəm. Hər sevincli anımda da kədərli görsənirəm, sevinə bilmirəm.  –         Bir millətin yaşantısını qələm əhlindən başqa heç kim həqiqi tarix edə bilmir. Klassiklərimizi oxuyuruq, ancaq bu günümüzün təbliğ edilməsi hardasa bizim əlimizdə deyilmi?  –         Əlbəttə, ədəbiyyat böyük qüvvə, yazıçı əsas aparıcılardandır. Bizim də çox zəngin, güclü yazarlarımız, fərqli ədəbiyyatımız var. Sadəcə gəncliyimiz 90-cı illərdən əvvələ dönə bilmir. Bu gün B.Vahabzadənin “Özümüzü kəsən qılınc” azadlıq haqqında elegiyaları kimi ədəbiyyat var və yeniləri də yaranmaqdadır.  –         Ədəbiyyat tariximizin qaymaqları klassiklərdən nümunə götürürdülərsə, bu gün yetişən müasir ədəbi camia bir-birini izləyir. Bu durum nəzərinizi çəkibmi?  –         Bəli. Şəxsən mənim yeddi kitabım işıq üzü görüb, hələ heç bir klassikə çata bilmərəm. Hazırda Türkiyədə “O şeir Türkiyə” “Birləşən ürəklər” layihəsinin Azərbaycanda təmsilçisiyəm. Türk, Gürcü ədəbiyyatı ilə yaxından tanışam, amma gəlin etiraf edək ki, bizdə oxucu tərəfindən nümunə götürülə biləcək əsərlər qədər bir-birinə nümunə olacaq gənc yazarlar hələ yoxdur. Şairlər yetişir. Bizim hələ klassikləri, Avropa ədəbiyyatını mütaliyə etmək, bazamızı zənginləşdirmək lazımdır. Ancaq bu o demək deyil ki, gənc ədəbiyyat tarixə düşməməlidir. –         Uşaqlığınızı necə xatırlayırsız?  –         Su üzündə köpük kimi qalmışam, Çırpılıram dağa-daşa nə vaxtdı. Məskənimi, yurd yerimi görmürəm, Yazdan-yaza, qışdan-qışa nə vaxtdı. Xəyalımda o dağlara köçürəm, Sərin çeşmə, buz bulaqdan içirəm. Aman, Allah, Kəlbəcərsiz keçirəm, İldən-ilə, yaşdan-yaşa nə vaxtdı. Mən taleyin sınağında qalmışam, O torpağın qınağında qalmışam. Göz yaşıyam-yanağımda qalmışam, Qəm-qüssəyəm başdan-başa nə vaxtdı. Çox qəribə, sakit uşaqlığım keçib. Əslində uşaqlığım yox, Kəlbəcərli günlərim Vəh kəndində, orta məktəb illərimsə  İstisuda yaşanıb. Evdən çölə çıxmazdım, aylarla oynamazdım uşaqlarla. Əmim məktəb direktoru idi, tətil olanda gəlib məni evimizdə yoluxardı. Özümə hörməti uşaqlıqdan tələb edirdim, indi də beləyəm. Elə uşaqlıqdan da bir prinsipim var, qarşımdakına hörmət edirəm və hörmət gözləyirəm. Əgər səhvən ağzımdan düz olmayan söz çıxarsa, qarşımdakı insandan dönə-dönə üzür istəməyi də uşaqlıqdan bacarıram. Atam mən balaca olanda rəhmətə gedib, anam böyüdüb bizi. Anam mədəndə işləyirdi, əmək haqqısı da yüksək idi. Ona görə də bizə heç bir korluq çəkdirmədi, ən yaxşı geyimləri aldı, ən gözəl qidalarla doyurdu bizi. Atasızlığı özümə dərd eləmişəm, amma dediyim kimi, anam imkan verməyib ki, atasız olduğumu hiss edim. Burda bir məsələni də xüsusi qeyd edim ki, uşaqların mənəvi inkişafında valideyn ilk növbədə mühüm roldur. Əgər ana övladını mənəvi cəhətdən düzgün tərbiyə edərsə, o zaman heç bir problem yaranmaz. Bizi anamız bu mənada çox gözəl tərbiyə edib. –         Qızınızın tərbiyəsində kitablara müraciət edirsiz?  –         Qızım həmişə gözümün önündədir və bəzən qızım olduğunu unuduram, onunla çox yaxın dostuq. Dünyanın harasına gedirəm gedim o da mənimlədir. Bəlkə də düz eləmirəm, amma nə edim vətənini itirən adam balasından da uzaq qala bilmir. Kitablara müraciət edirəm, ancaq praktiki şəkildə. Yəni o bütün yaradıcılığımın izləyicisidir. Xarici görüşlərimin, ədəbi uğurlarımın yol yoldaşıdır. Bəzi hallarda bərabər böyüyür, bəzi hallarda da bərabər təhsil alırıq. Vətənpərvərlik deyirsizsə, qızım bu baxımdan məni tanıyır, əxlaq deyirsizsə, ətrafımdakılar məni Ərəbzəngi kimi tanıyır və qızım da bunu bilir. Məncə övladım yaxşı övladdır, yararlı vətəndaş olacaq. –         Fiziki baxımdan necə?  –         Damlanın təlim-tərbiyəsi ilə həmişə özüm məşqul olmuşam. Doğulduğu andan da müxtəlif hərəkətlər elətdirmişəm, fiziki davranış qaydalarını öyrətməyə çalışmışam ki, inkişafına da yardımçı olum. Birinci sinifdən sonra çalışmışam ki, psixologiyasına təsir edim. Əgər idman edəcəksə, idmanı sevərək etsin, kitab oxuyacaqsa, kitabın dəyərini anlayaraq oxusun. Daha məcburiyyət qarşısında qalaraq etməsin, tam sərbəst və asan seçim etsin deyə, çalışmışam. Qızımı idmana da qoymuşam, çox istəmişəm ki, sağlamlıq baxımından idmana həvəsli olsun, amma nədənsə idman paltarlarını necə aparıbsa, eləcə də qaytarıb gətirib. İdmana meyli azdır, sevmir. –         Bəlkə idmanı sevdirə bilmirsiz, cəhdləriniz boşa çıxıb?  –         Məncə bu gendən gəlir, bizim tipik Azərbaycanlı çalarlarımız var. Qadınlarımız, qızlarımız daha çox evə meylli olurlar, bir də ən yüksək səviyyədə elmə. Qalan hallar az rast gəlinən, təsadüfi seçimlər ola bilər. İdman akademiyasına baxın, il ərzində üç yüz tələbə qəbul olunursa, onun çox az hissəsi qızlar olur. Voleybolçu, həndbolçu xanımlarımız da var, amma onlar da nümunə verəcək qədər sayda deyil. Yəqin mənim də qızım geninə sadiqdir, ona görə də mənim idmanla bağlı cəhdlərim boşa çıxıb. Ancaq idman çox lazımlıdır, bütün uşaqlara ən azından sağlam gələcək üçün lazımlıdır. İndi qızımla qərar vermişik, ən azı həftədə iki dəfə airobikayla məşğul olacağıq. Bunu hər bir valideynə tövsiyə edərdim. Övladının fiziki cəhətdən sağlam olmasını istəyirsə, mütləq idmanla məğul olmasına şərait yaratsın. Hər şey uşaqlıqdan başlayır. Tərbiyədə ilk gündən necə davranacaqsansa, belə də davam edəcək.   –         Şairəylə sağollaşanda son olaraq şeir istəməmək ədəbi günahdır. Saat yatır, gün uzanır, Günəş batır, çöl bozarır, Ürəyimdə məhəbbətim Gah alışır, gah azalır – Hardasan? Baxışında doğulmuşam, Göz yaşımda boğulmuşam, Gözlərimdə yollarını Gözləməkdən yorulmuşam – Hardasan?  –         Görəsən hardadır?  –         Yəqin o, da Qarabağda qalıb.  Ramilə QARDAŞXANQIZI