“Ailədəki dəyərlər sistemi, davranış formaları insanın xarakterinə təsir göstərir, onu formalaşdırır”
Bu gün Azərbaycan gəncliyinin mənəvi inkişafı mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Bu istiqamətdə görülən tədbirlər bir daha təsdiqləyir ki, həm Azərbaycan cəmiyyəti, həm də dövləti bu məsələdə son dərəcə diqqətlidir. Bu işdə psixoloqların rolu da vacib şərtlərdəndir. Psixoterapiya Mərkəzinin nümayəndəsi, psixoloq Günel Məhərrəmli ilə söhbətimizi də bu mövzuda apardıq:– Dövlətimizin gələcək inkişafında gənclərin rolunu necə dəyərləndirirsiniz?
– Hər bir dövlətin inkişafında gənclərin rolu əvəzsizdir. Bu bütün dövrlərdə belə olub. Bir çox dahi insanların həyatına nəzər yetirsək, onların ən gözəl əsərlərini, layihələrini, ixtiralarını məhz gənclik yaşı dövründə həyata keçirdiklərini görə bilərik. Bildiyimiz kimi, hər bir yaş dövrünün özünəməxsus inkişaf xüsusiyyətləri və eləcə də aparıcı fəaliyyət növü var. Aparıcı fəaliyyət növü dedikdə – hər yaşda özünü daha qabarıq göstərən psixoloji xüsusiyyətlər nəzərdə tutulur. Gənclik dövrünün aparıcı fəaliyyət növündə tədris peşə fəaliyyəti çıxış edir, əməyə təlabat, idrak maraqları, tədqiqatcılıq bacarığı, həyat planları həmçinin, şəxsiyyətin ideya əxlaqi şüurlu davranış, vətəndaşlıq kimi keyfiyyətləri formalaşır.Yaşın başlıca törəmələri – dünyagörüşü, peşə maraqları, özünüdərketmə, arzu və ideyalardan ibarətdir. Ona görə də bu dövrdə ağıllı, istedadlı gəncin inkişafında böyük rol olar. Əlbəttə ki, biz hər hansı bir siyasi məsələnin həll olunmasını nəzərdə tutmuruq. Öz sahəsi üzrə məsələn, rəsm, idman və ya musiqi növü uzrə ölkəmizi təmsil etmək qalibiyyəti gəncin dövlət üçün gördüyü əvəzsiz roldur. Bunun üçün təbii ki, həm valideynlər övladlarına sağlam psixoloji həyat tərzini yaratmalı, həm gənc öz üzərində işləməli, eyni zamanda oxuduğu və ya işlədiyi müəssisədə rəhbərlər, iş yoldaşları, tələbə yoldaşları ona dəstək olmalıdır.Təhsil müəssisələrinin rolu da burada vacibdir.
– İnsanın mənəvi inkişafında ailənin, valideyn tərbiyəsinin hansı rolu var?
– İnsanın mənəvi inkişafında rolu olan amillər çoxdur. Bunu biz dəfələrlə deyirik. İnsan dünyaya kinlə, paxıllıqla, yaltaqlıqla və ya mehribanlıqla, səmimiliklə gəlmir. Bu kimi mənfi və ya müsbət xüsusiyyətləri yaşadığı ömür şəraitində göstərir və həmin xüsusiyyətlərlə də dünyadan köçür. İnsan dünyaya fərd kimi gəlir – bioloji varlıq olaraq. Sosial bacarıqlara yiyələnərək o, şəxsiyyətə çevrilir. O mikro və makro mühitlərə düşərək dəyişilir, xarakterik xüsusiyyətləri formalaşır. Hər bir insanın ilk mikro mühiti onun ailəsidir. Məhz ailə, ailədəki dəyərlər sistemi, davranış formaları o insanın xarakterinə təsir göstərir, onu formalaşdırır. Bir ailədə əgər qadına hörmət yoxdursa, o ailədə böyüyən uşaq üçün qadına hörmətsizlik adi – normal bir hal sayılacaq. Və ya əgər ailə üzvləri bir birinə qarşı təhqiramiz sözlər işlədirlərsə, o ailədə böyüyüən uşaq üçün təhqir adi söz kimi sayılacaq. Bir ailədə tərəflər bir-birilə yüksək tonla danışırlarsa, o ailədə yüksək səs tonu adi səs tonu kimi qəbul olunacaq. Şəxsiyyətin formalaşmasında ən böyük rolu onun ailəsi oynayır. Amma təbii ki, hər şeyi ailəyə də bağlaya bilmərik. Şəxsiyyət formalaşmasında rolu olan digər amilləri – irsiyyəti və mühiti də yaddan çıxartmamalıyıq. Uzun illər alimlər bir-birilərinin nəzəriyyələrinə zidd getsələr də, şəxsiyyətin formalaşmasında hər 3 amil danılmazdır.Valideyndən cox şey asılıdır. Uşaqlar çox vaxt valideynin hərəkətlərini təkrarlayır. Uşaqda formalaşan bir çox xüsusiyyətləri valideynlər özləri bilmədən onların beyninə yeridirlər. Bir valideyn mütəmadi olaraq, həyat çətindir, yaşamaq çətindir, insanlarla ehtiyatlı olmaq lazımdır, insana nəzər dəyər və s . kimi sözləri dəfələrlə uşaqların yanında deməklə, onlarda bu bədbinliyi formalaşdırırlar. Valideynin öhdəsinə düşən uşağı yalnız yedizdirmək, geyindirmək, məktəb ləvazimatlarını almaq deyil, valideyn uşağa mənəvi olaraq da dəstək olmalı, dost olmalı, onu anlamalı, anlamağa çalışmalıdır. Anlamalıdır ki, uşaq onun şəxsi oyuncağı deyil ki, onun istədiyi kimi olsun. Uşaq ona bu gün övlad, sabah ana, ata, bacı bütün ailə üzvlərini əvəz edəcək bir şəxsdir. Onda hər hansı bir xoşagəlməz halların olmaması üçün biz ona indidən, yəni körpə yaşından düzgün müraciət etməli, düzgün davranmalıyıq.
– Bəzi gənclərin yanlış yolda olduğu müşahidə olunur. Gənclər həyatda özünü tapmaq, səhv yola getməmək üçün əsas nəyə fikir verməlidirlər?
– Bəzi gənclərin yalnış yolda olmağı təəssüfedici bir haldır. Gənclik insan üçün çox əhəmiyyətli bir dövrdür, demək olar ki, bir şansdır. Buyur, istifadə et bu şansdan, müsbət və ya mənfi tərəfə, bu, artıq sənin öz işindir.
Gənclərarası münasibətlərdə gərginlik, özünütəsdiqetmə daha çox müşahidə olunur. Yaşlı nəsil valideynlər bunu daha çox texnologiyanın inkişafı ilə bağlayır. Onlar bunu belə əsaslandırır ki, hazırda internet, sosial şəbəkə gənclərin psixologiyasına təsir edir, ailələrin dağılmasına səbəb olur. İphone planşet və s. kimi bahalı marka telefonlar, texniki vasitələr onlarda bir-birilə rəqabət hissini yaradır . Onları real dünyadan uzaqlaşdırır və s. Təbii ki, mən bunları inkar etmirəm, müəyyən halda sosial şəbəkələrin də insanlara mənfi təsiri var. Zərərli vərdişlər də gənclər arasında yayılıb çox təəssüf ki. Bahalı markalara görə bir-birilə rəqabət hissi də var. Bəli, bütün bunlar var, bir həqiqətdir. Amma o demək deyil ki, hər hansı bir texnologiya və ya zərərli vərdiş insan həyatını idarə edə bilər, insanı öz əsirinə çevirə bilər. Xeyr, bu heç də belə deyil. Hər dövrün öz tələbatları var, hər dövrün öz yeniliyi var və bu yeniliklər hər zaman insanlara mənfi və ya müsbət təsir göstərib. İnsanı öz əsirinə də çevirib və ya əksinə insan ondan normal bir texniki vasitə kimi istifadə edib. Bir zamanlar televiziyanın, radionun da kəşfi bu kimi problemləri yaradıb. Alimlər deyirdilər ki, televiziya və radionun inkişafı insanın mütaliəyə olan marağını azaldacaq. Ancaq heç də belə deyil. Mütaliəyə bu günə qədər insanlar üçün çox aktualdır. Bahalı markalara gəlincə, o da təkcə bu günün problemi deyil. Uşaqlar arasında rəqabət hissi, özünü nümayiş, özünü təsdiqetmə hər zaman olub. Bir zamanlar da uşaqlar öz geyimlərilə, valideynin ona aldığı yeni əşyalarla öyünüb. Yəni bu, uşaqlarda müəyyən yaşda özünü biruzə verən xarakterik xüsusiyyətlərdir. Böyük öhdəlik yenə də valideynin üzərinə düşür. Valideyn uşaqda doğru təfəkkürü formalaşdırmalı, doğru gün rejimi yaratmalı, onun mənəvi cəhətdən boş olmamasına çalışmalıdır ki, hər hansı bir zərərli vərdiş uşağa maraqsız gəlsin. O zərərli vərdişə heç vaxt yaxın durmasın. Hər hansı bir şəbəkədən düzgün istifadə etsin, onun əsirinə çevrilməsin. Valideyn övladına düzgün istiqamət verməlidir ki, o öz enerjisini doğru tərəfə paylasın, düzgün istifadə etsin.
– Ümumiyyətlə, uşaq və gənclərin mənəvi inkişafını yüksəltmək üçün hansı işlərin görülməsinə ehtiyac var?
– Bilirsiniz, məşhur bir us deyimi var: Uşaqları dəyişməyə çalışmayın, özünüzü dəyişməyə çalışın . Uşaqlar onsuz da sizə oxşayacaqlar. İlk növbədə, ailələr üçün xüsusi maarifləndirici seminarlar keçirilməli, onlar öz öhdəliklərini bilməli, düzgün yanaşmaları öyrənməlidirlər. Əlbəttə ki, uşağın ən gözəl həkimi, psixoloqu onun valideynidir. Bunu mən hər zaman valideynlərimə deyirəm. Amma bəzi məqamlar var ki, onlar uşağa çox mənfi təsir edir. Uşaq bununla travma alır. Uşağı döymək, təhqir etmək, onu alçatmaq nə qədər ona mənfi təsir edirsə, uşağı daima əzizləmək, onun hər istəyini yerinə yeritmək də bir o qədər mənfi təsir göstərir. Əslində çox çətindir bu balansı, normanı formalaşdırmaq. Amma insan nə qədər öz üzərində çalışarsa, nə qədər övladına düzgün yanaşarsa, təbii ki, bir o qədər yaxşı olar. Ailədən sonra məktəb, universitet, iş, televiziya, KİV-lər də bu işdə uşaqlara, gənclərə dəstək olmalıdır. Əgər biz vahid Azərbaycan üçün, onun gələcəyi üçün çalışırıqsa, o zaman hər birimiz əlimizdən gələni etməliyik. Uşaq evdə anadan inciyə bilər, bu zaman məktəbdə, bağçada, universitetdə müəllim ona dəstək olmalı, ona izah etməli, onunla dost olmağa çalışmalıdır. KİV-lər gənclər üçün maraqlı lahiyələr hazırlamalıdır. Televiziyada yayımlanan bilik yarışmaları, vətənpərvərliklə bağlı verilişlər bu işdə böyük dəstəkdir. Dünyanın ən istedadlı dahi insanları haqqında olan verilişlər də müsbət təsir edər. Gəncləri bir istiqamətdə “kor etmək” lazım deyil. Təkcə dini əsas gətirərək gəncin bütün fikrini, zehnini, enerjisini, fəaliyyətini ora yönləndirmək lazım deyil. Din insan üçün əvəzedilməz bir yaşam sistemidir. “Qurani-Kərim” insan üçün bir ömür boyu həyatı düzgün yaşamaq üçün yazılmış qanunlar silsiləsidir. Amma bu, o demək deyil ki, gənc yalnız dinlə məşğul olmalıdır. Din bizə bunu demir. Din bizə təhsil alma, inkişaf etmə demir. Çox təəssüflər olsun ki, son dövrlərdə gənclərimizdə bu kimi xoşagəlməz hallar da yaşanılır. Amma sevindirici bir haldır ki, dövlətimiz bununla bağlı da islahatlar həyata keçirdi. Bəzi dini qruplaşmaların qarşısını aldı. Bir sözlə, gənclərin mənəvi inkişafı üçün hər birimiz çalışmalı, öhdəmizə düşəni etməliyik.
– Bu işdə psixoloqlar hansı rola malikdir?
– Cəmiyyətimizdə psixoloqa münasibət bir qədər fərqlidir. Psixoloqu ya ruhi xəstələrlə işləyən insan, ya ideal insan, ya da sehirli çubuğu olan bir şəxs kimi tanıyırlar. Psixoloq adi insandır. O məsləhət verən, bütün problemləri həll edən insan deyil. Psixoloq insana yalnız özü istəyən zaman kömək edə bilər. İnsan özü özlüyündə hansısa dəyişikliyi etmək istəsin. Nə qədər çətin olsa da, bəzən insanlar özlərini dəyişmək istəmirlər. Komfort zona adlandırdığımız məkandan çıxmaq istəmirlər. Gənclərlə bağlı psixoloqlarımız televiziyalarda müxtəlif mövzulardan danışır, mərkəzlərdə müxtəlif seminarlar aparır və bu da şəxsi istəyə malikdir. Gənc bura gələ də bilər, gəlməyə də bilər. İnsan özünü dəyişə də bilər, dəyişməyə də. İdeal cəmiyyət yoxdur. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada bütün gənclər savadlı, ağıllı, istedadlı olsun. Bütün insanlar arasında, o cümlədən gənclər arasında müsbət və mənfi keyfiyyətlərə malik olan insanlar var. Bu təbiətin qanunudur. Ağın qarası, gecənin gündüzü, sağlamın xəstəsi, yaxşının yamanı olduğu kimi. Psixoloq dünyanı dəyişmək iqdidarında deyil. Amma əlbəttə ki, gənclər üçün xüsusi tədbirlərin keçirilməsinə psixoloqlar öz fəaliyyətlərində yer ayırırlar. Psixoterapiya Mərkəzi olaraq biz də tez-tez bu kimi tədbirləri keçirir və istedadlı gəncləri görməkdən məmnun oluruq.
Mikayıl HƏSƏNLİ