“Bizə sağlam uşaqlar, sağlam gənclik və sağlam toplum lazımdır”
“Bizə sağlam uşaqlar, sağlam gənclik və sağlam toplum lazımdır” BUNUN KEŞİYİNDƏ DƏ TİBB, SƏHİYYƏ DAYANMALIDIR
Belə bir deyim var, “Sağlam bədəndə sağlam ruh olar”. Demək olar ki, gözümüzü açandan bu məsəli eşidərək böyümüşük. Analarımız qayğımıza qalanda, sağlamlıqla bağlı maarifləndirmələr aparanda da bu və ya başqa məsələlər önə çəkilir. Bu sayımızda da həmsöhbətimiz yeniyetmə və gənclərin sağlam həyata qədəm qoymaları barədə bizi bilgiləndirəcək. Bildiyimiz məqamlara təkrar dönüş, bilmədiklərimizə isə həkimin dilindən ekskursiya edəcəyik. Qonağımız gənc olmasına baxmayaraq, kifayət qədər savadlı və nümunə kimi göstərilə biləcək həkimlərimizdən biridir. Tural Rəhimli 2 yanvar 1982-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilimi Bakı şəhər 36 saylı məktəbdə bitirdikdən sonra, (1999-2005) Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə daxil olub və daha sonra (2008-2013) Ankaranın Hacettepe Universitetinin neyrocərrahiyyə bölməsində Uzmanlıq keçərək təhsilimi davam etdirib. “MediStiyle” klinikasında profesianal iş həyatına başlayan həmsöhbətim beyin cərrahıdır.
-Tural həkim, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığında tibbin rolu nə dərəcədə önəmlidir?
-Tibbin sadəcə uşaq və gənclərin həyatında deyil, bütün insanların həyatında rolu önəmlidir. Ancaq söhbət uşaqlardan gedirsə, qeyd edim ki, bütün cəmiyyətlərdə olduğu kimi bizdə də sağlam nəslin yetişməsinə ehtiyac var və bu baxımdan tibbin rolu önəmlidir. Pissimist olmaq istəməzdim, amma təəssüfləndiyim bir məqam var, bu gün bu yönümdə yetərsizliklərimiz bir qədər çoxdur və çalışmaq lazımdır ki, bu yetərsizlikləri aradan qaldıraq. Yetərsizliklərimizin başında isə, təbliğat aparmamağımız, cəmiyyəti məlumatlandırmamağımız və tibbi yeniliklərdə ailələri maarifləndirməməyimizdir. Həkim olaraq deyə bilərəm ki, bu gün uşaqların sağlam yaşamasına səbəb olan valideynlərimiz də az deyil, ancaq övladlarını kortəbii böyüdənlər də var. Elə bir zamanda yaşayırıq ki, bizə sağlam uşaqlar, sağlam gənclik və sağlam toplum lazımdır. Bunun keşiyində də tibb, səhiyyə dayanmalıdır. Savadlı mütəxəsislərimizi formalaşdırmalıyıq, hər hansısa bir şəkildə cəmiyyətlə ünsiyyətə girməli, insanları dönə-dönə müayinələrdən keçirməli və sağlamlığlarının qayğısına qalmalıyıq. Uşaqları idmana həvəsləndirməliyik, düzgün qidalanmalarına vəsilə olmalıyıq. Bütün bunlar sadəcə fərdlərin edə biləcəyi bir şey deyil, ailələr kütləvi şəkildə maraqlı olmalıdır. Bizdə kütləvi maarifləndirmə yoxdur, qeyd etdiyim kimi, öncə burdan başlanmalıdır. Bu yöndə statistik rəqəmlərin çıxardılması lazımdır ki, bu gün bizim tibbdə heç bir göstərici yoxdur. Misal üçün, dünyada icra edilən əməliyyatlardan beyin sapı implantasiyası nəticəsində eşitmə və danışma əlilliyi olan uşaqlar bu əməliyyatdan ciddi şəkildə yararlanırlar. Azərbaycanda bu haqda insanları bilgiləndirən rəqəmlər çıxartmaq mümkün deyil. Nəticədə həm dövlət, həmdə cəmiyyət bu əməliyyatdan xəbərsiz qalır. Normal cəmiyyətlərin hamısında, hər hansı bir mövzuya daxil olmamışdan öncə ortaya bir statistika qoyulur və çox təəssüf ki, bu gün bizdə belə statistikalar tamamilə yoxdur. Fərdi olaraq, yəni hər hansısa tibb mərkəzi və ya həkim kollektivi bu məsələni qaldırası olsa kifayət qədər zaman aparacaq və güc baxımından yenə də yetərsizliklə qarşılaşacağıq. Ancaq təyin olunmuş tibb mərkəzlərində, birbaşa dövlətin dəstəyi ilə xüsusi proqramlar, layihələr hazırlayıb işləsək, əminəm ki, öhdəsindən gələ bilərik. Belə olarsa, şəxsən mən xaricdə təhsil almış həkim olaraq və mənim çevrəmdə olan həkim kollektivi yaxından iştirak edərik.
– Uşaqların gələcək həyatı, sağlamlığı baxımından ailələr nə dərəcədə bilgilidir?
– Bu mövzuya da toplumdan başlayaq, nə qədər maarifliyik, nə qədər yox? Dünyada bu barədə də müəyyən olunmuş statistika var.Məsələn, nə qədər ali təhsilli insan var, nə qədər ali təhsilsiz deyə, ortada bir hesabat var. Düzdür, bu diploma görə hesablanır və hansı ki, bizdə bunun statistikasını təyin edən olsa öndə gedən ölkələrdənolarıq. Ancaq buna baxmayaraq, çox bilgisiz bir topluma sahibik, 10% həqiqi elmlə kimlər məşğul olurdeyə, bilgiyə sahibdirsə, bu, böyük göstəricidir. Bunu qeyd edərkən təbii, mən ali təhsilli, oxuma yazması olan və diploma sahiblənən şəxslərin hamısını elm adamı, ziyalı hesab etmirəm. Əsas bilgini sərgiləmək lazımdır ki, bizim toplumda da bu baxımdan zəiflik var. Məsələn, bütün dünyada tibbin də digər sahələrdə olduğu kimi bir standartı var, özəlliklə də mən özüm beyin cərrahı olduğuma görə bunu xüsusi vurğulayıram. Uşaqların sağlam doğulmasına əsas səbəb hamımız bilirik ki, anaların hamiləlik dövründə həkimin ilkin müayinə zamanı təyin etdiyi müxtəlif müalicə növləri və ya sağlam uşağın doğulmasına səbəb olan standart müalicələrin düzgün qoyulmasıdır. Məsələn, anaya deyirsən ki, hələ doğulmamış körpəndə bu problem çıxa bilər. Deyək ki, uşağ doğularsa, onda mütləq şəkildə Spina bifida olacaq ki, bu xəstəlik zamanı onurğa beyini çöldə olur. Bu uşağın doğulduqdan sonra ayaqlarını, böyük və kiçik bayırını hiss etməyə bilər. Belə hamiləliklərə isə bizdən başqa bütün dünyada son verilir ki, cəmiyyət xəstə nəslin yetişməsinə məruz qalmır. Ancaq bizdə bəzi hallarda ya insanlar maarifləndirilmir, uşaq doğulduqdan sonra, səndə bu problem varmış deyilir, ya da ana deyir ki, uşaqdır da doğulsun, sonrası Allah kərimdir. Sonra 20-30 il xəstə doğulan özü, ikinci valideyn, üçüncü cəmiyyət əziyyət çəkir. Nəticə olaraq da sağlam ailələrin olmamasına səbəb bu kimi halların bizim toplumda çox olmasıdır.
-İnsanların bu kimi hallara yol verməməsi üçün toplumu maarifləndirmək lazımdır və biz bunu necə etməliyik ki, yetişən gəncliyimizin sağlam həyata sahib olmalarında gecikməyək?
-Bəlkə də belə hallar çox olub,amma ilkin profilaktikada ana südü ilə bağlı bir örnək deyəcəm, hansı ki, mənim öz şahidliyimlə bir neçə il öncə baş verib. Övladım dünyaya gələndə, xəstəxanada ilk ana südünün qəbuluna həkimlər icazə verməmişdi. Əslində isə, tam tərsi olmalıdır. Uşaqlar ilk olaraq ana südünü qəbul etməlidirlər ki, doğuşdan sonra sağlam həyatın ən önəmli qismi də budur. Yəni bu kimi hallara yol verən həkimlər bilməlidir ki, bu şəkildə uşaqları ciddi bir immunitetdən məhrum edirlər. Bəzi belə həkimlərlə yanaşı, toplum olaraq da ana südünün nə qədər önəmli olduğunun hələ də fərqinə varılmayıb. Bu günə qədər gəlib çıxan bəsid bir hal yaşanmaqdadır. Bu gün estetik baxımdan özlərini qoruyub uşaqlarını ana südündən məhrum edən analarımız var və onlar uşaqların sağlamlığına ilkin zərər verirlər.
– Çox istərdim yeniyetmə və gənc oğlanlarımıza dar geyimlərin zərərindən bəhs edən bir mesaj ötürəsiniz.
-Bu baxımdan çox vaxt avropalaşmağı, inteqrasiyanı bəhanə edərək geyim, stil seçilir ki, bu da tamamilə yanlışdır. Bir çox Avropa ölkələrində olmuşam vəinanın ki, heç bir yerdə bizdə olan gündəlik geyimlərdən istifadə olunmur. Onlarda daha normal, daha sağlam şəkildə geyimlər mövcuddur və bizdən daha yaxşı geyinirlər. Həmişə uşaq deyib keçirik, ancaq uşaq dediyimiz sonucda hələ qabı dolmamış yeniyetmədir ki, o qabı ya kitabla doldurursan, ya doğru tərbiyə ilə, ya da ki televizordan, cəmiyyətdən nə görürsə onunla da dolur. Bizdə də məlumdur ki, o psixologiyanı daha çox televizorlar və orda yayımlanan personajlar, şou biznes nümayəndələri gənclərin beyninə yeridir. Təbii, dar şalvarlar oğlan uşaqlarında müxtəlif xəstəliklərə gətirib çıxara bilir. Biraz qəribə səslənəcək, amma hardasa bəzi alışqanlıqlarımız milli dəyərə çevrilən adətlərdən də gələ bilir. Bizim uşaqlar doğulan kimi o qədər dar bələklərə bələnir ki, sonra bununda yaxşı fəsadları olmur. Mən neyrocərrah olduğum üçün sırf öz sahəmdə dar geyimlərin nə dərəcədə ziyanlı olduğunu vurğulayacağam. Məsələn, bədənin bəzi yerlərində sinirlər dərinin altı ilə seyredir. Beldən aşağı, özəlliklə dar şalvar və kəmər piriformis sindromuna yol aça biləcək bir problemə səbəb ola bilər. Nəticədə gənclərdə ayaqlar arasında ciddi ağrı və hissizlik yarana bilər. Bütün bu və ya digər problemlər olmasın deyə, yeniyetmə və gəncləri maarifləndirmək lazımdır. Valideynlərin də bu baxımdan ciddi nəzarət etmək kimi bir sorumluluqları var.
Ramilə QARDAŞXANQIZI