Advertisment

Lamiyə Qurbanova : “Gənclərin mənəvi inkişafını şərtləndirəcək faktorlar vaxtında aşkarlanmalı və həyata keçirilməlidir”

“Bu məqsədlə valideynlərimiz öz övladlarını yaxından tanımalı, onların hər bir uğurunu dəyərləndirməli, bu uğurlara səbəb faktorları təhlil etməlidir”  Uşaq və gənclər cəmiyyətin ayrılmaz bir hissəsidir. Onların sağlam formalaşması istiqamətində hərtərəfli addımların atılması mühüm şərtlərdəndir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafında əsas amillərdən biri isə məhz onların həyata psixoloji cəhətdən sağlam, hazırlıqlı olmasıdır. Psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova ilə müshibəmizi də bu istiqamətdə qurduq:   – Bir psixoloq olaraq, bugünkü Azərbaycan gəncini siz necə görürsünüz?   – Gənclik – insan həyatının ən gözəl, ən aktiv mərhələsidir. Ömrün bu mərhələsində atılmış addımlar gələcək həyatın uğurları və ya əksinə, uğursuzluqlarına keçid rolu oynayır. Gənclik dövründə kişilik və qadınlıq obrazının formalaşması kuliminasiyaya çatır. Bu dövrdə gənclər artıq qadınlıq-kişilik haqqında stereotip və etalonlar üzərində müstəqil seçimlərini edir və qarşılıqlı münasibətlərdə cinsi mənsubiyyətlərinə uyğun davranış nümayiş etdirirlər. Gənc oğlan və qızların müstəqil olaraq ictimai münasibətlərə qoşulmaları uşaqlıqdan saxlanmış xarakter cizgilərinin dəyişməsinə, böyüklər arasındakı münasibətlərə oxşar, lakin yeni münasibətlərin formalaşmasına səbəb olur. Bu münasibətlərin əsasını isə qarşılıqlı hörmət və bərabərlik təşkil edərsə, sonrakı proses sosial yaşam tərzinin, cinslərarası münasibətin pozitiv istiqamətlənməsinə səbəb olar. Mən ali məktəbdə psixologiya dərsləri tədris edirəm, həm də psixoloji xidmətlə məşğul oluram. Fəaliyyətimdən zövq almağımın əsas səbəblərindən biri də enerji dolu, pozitiv arzu və istəklərin daşıyıcısı olan gənclərlə təmasda olmağımdır. Onların formalaşmasında biz nə qədər rol oynayırıqsa, onlar da bizim təkmilləşməyimizdə bir o qədər rol oynayır. Təbii, problemi olan gənclərimiz də mövcuddur. Mən onlarla təmasda olanda əksər hallarda görürəm ki, problemin kökündə onların şəxsiyyət kimi formalaşdırılması prosesində vaxtilə buraxılmış səhvlər dayanır. Amma fəxrlə qeyd etməliyəm ki, əksər gənclərimiz mənəvi cəhətdən çox güclüdür, dünyagörüşü və maraq dairəsi çox genişdir, müstəqil düşünmə qabiliyyəti yüksəkdir, tələbkardır, hüquqlarını bilir. Bir psixoloq kimi məndə bugünkü Azərbaycan gənci gələcəyimizlə bağlı böyük ümidlər formalaşdırır.   – Azərbaycan gəncinin mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiz?   – Mənəvi-əxlaqi vəziyyətdən söhbət edərkən hökmən qloballaşma prosesinə toxunmalıyam. Qloballaşma insanların həyata baxışlarının demokratikləşməsi, dünyagörüşlərinin genişlənməsi, yeniliklərin yüksək sürətlə yayılması, informasiya mübadiləsinin asanlaşması, elmi-texniki tərəqqinin sürətlənməsi, ekstremal hallara qarşı qlobal xarakterli mübarizənin formalaşması və s. kimi müsbət hallarla yanaşı, siyasi, iqtisadi, ekoloji və sosial problemlərə, xüsusilə milli-mənəvi dəyərlərin aşınmasına səbəb olur. Milləti dünyada millət kimi tanıtdıran onun milli-mənəvi dəyərləridir. Hal-hazırda yüksək sürətlə dünyanı bürüyən qloballaşmanın ən böyük fəsadlarından biri qeyd etdiyim kimi, milli-mənəvi dəyərlər sisteminə edilən dağıdıcı təsirdir. Təbii, inkişafı sevən bir ziyalı kimi gənclərimizin müasirləşməsini dəstəkləyirəm. Amma müasirləşməni neqativ yönümdən qavramanı heç cürə qəbul edə bilmərəm. Bir psixoloq-pedaqoq kimi də bu problemin həllində üzərimə düşən vəzifəmi yerinə yetirirəm. Məsələn, avtobusda gənc qız ayağa qalxarkən qısa köynəyi və dar şalvarı arasında çılpaq bədənini görərkən mən susmuram, güya qıza xəbər verirəmmiş kimi: “vay, ay qızım, bədənin görünür, köynəyini düzəlt!” – deyərək onu utandırıram və yaxud tələbələrimlə hansısa oğlanın Konçitaya bənzər imicini müzakirə edərək tənqid edirik. Düzdür, Konçita kimi saçı uzunlarımıza rast gəlmirəm, amma saçı qısa, lakin hərəkətlərini Konçitaya bənzətmək istəyənlərimiz var. Onu da qeyd edim ki, belələrinin aktiv şəkildə cəmiyyətə qarışmasına da elə mənəvi-əxlaqi səviyyəsi yüksək gənclərimiz imkan vermir. Böyüklərə qarşı münasibətlərdə də müəyyən problemlər müşahidə edirəm. Amma bu problemlərin əsas səbəbkarları elə böyüklər özləridir. Mən gənclərimizi çox sevirəm. Sadəcə onlarla onların istədiyi dildə ünsiyyət qurmaq lazımdır. O zaman onlar da səni sevəcək. Onlara qadağa qoymaq, onları tənqid etmək yox, onlara dəstək olmaq, yoldaş olmaq lazımdır!   – Gənclərin özünə güvənməsi üçün əsas nəyə ehtiyac var?   – Vaxtilə gənclər arasında romantikaya üstünlük verənlərin sayı çoxluq təşkil edirdisə, hazırkı gənclər daha çox reallıqla yaşayır, demokratik prinsiplərə uyğun hərəkət edirlər. Bu kontekstdə də gənc nəslin formalaşmasında ümumbəşəri əxlaqi dəyərlərə yiyələnmə, insan hüquqlarının hərtərəfli təminatı, sağlam maddi və mənəvi dayaqların yaradılması müasir dövrün ən aktual problemlərindən hesab edilir. Həyati prosesə qarşıdurmalar prosesi kimi də baxmaq olar, harada ki, konfliktyaradıcı faktorlar, əlverişli olmayan şəraitlər, maneələr insanla üz-üzə dayanır və bu qarşıdurmada onu ya məhv edir, ya da tərbiyələndirir. Bu baxımdan valideynlərin gənc övladlarına düzgün yanaşma tərzləri: hər çətinlikdə köməklik göstərməyə hazır olmaları, onların həyatını daha maraqlı etməyə çalışmaları, əxlaqi və iradi keyfiyyətləri lazımi səviyyədə tərbiyə etmə səyləri yetişməkdə olan nəslin gəncliyinin gözəl, problemsiz yaşanması və cəmiyyətin tərkibini təşkil edəcək insanların normal şəxsiyyət kimi formalaşmasını təmin edir.   – Gənclərimiz nə dərəcədə ailə dəyələrinə sayğılıdırlar?   – Mənəviyyatın formalaşmasında genetik əsaslar, sosial-mənəvi mühit nə qədər əhəmiyyətli rol oynasa da, ailə mühitinin başlıca rol oynaması danılmaz faktdır. Ailə mühitinin stabilliyi ailə dəyərlərinə riayət olunması səviyyəsi ilə düz mütənasiblik təşkil edir. Ailə dəyərləri – sağlam ailə mühitinin yaradılması və onun qorunub saxlanması üçün lazımlı, əhəmiyyətli hesab edilən məfhumlar toplusudur. Təəssüf edirəm ki, ailə dəyərlərimiz gənclərimizə kifayət qədər təbliğ olunmur. Mən onlarla psixoloji sorğular keçirdikdə bu sahədə maarifləndirmələrə nə qədər çox ehtiyacın olmasının şahidi oluram. Elə təbii müşahidələrdən də bəllidir ki, bu gün ailəsizlik daha çox təbliğ olunur. Soruşa bilərsiniz ki, necə? Məsələn, kütləvi informasiya vasitələrində ailə problemləri daha çox işıqlandırlır, nəinki ailənin uğurları, cəmiyyətə faydası. Təbii ki, gənc nəsil ailə qurmaqdan qorxacaq.   – O zaman gənclərin əsasən hansı sahədə daha çox maariflənməsinə ehtiyac var?   – Qeyd etdiyim kimi, bugünkü gənclər çox güclüdürlər. İnternet və digər KİV vasitələrilə istədikləri məlumatları əldə edə bilirlər. Sualınıza cavabı birlikdə tapaq və bu məqsədlə mən də sual verirəm: “KİV-də daha çox hansı məlumatlar yoxdur?” Siz də razılaşarsınız ki, milli-mənəvi dəyərlərimiz və bu dəyərlərin tərkib hissəsi hesab olunan ailə dəyərlərimiz haqqında məlumat qıtlığı mövcuddur. Bu mövzularda TV verilişləri də təşkil olunanda yaşlı nəsillə gənc nəsil üz-üzə qoyulur. Gənc nəsildə enerji çoxdur və enerji imkan verir ki, neqativ mənbədən əldə etdikləri fikirləri efirdən səsləndirsin, səsləndirsin…, yaşlı nəsil isə bir deyir, iki deyir, üç deyir və susur. Problemi isə köklü həll etmək lazımdır. KİV-də bu məsələlərə xüsusi yanaşmaq lazımdır.   – Gənclərin mənəvi inkişafları üçün əsas nəyə üstünlük verməlidirlər?   – Təhsil cəmiyyətin, dövlətin inkişafını şərtləndirən və strateji əhəmiyyət kəsb edən sahədir. Təhsildən kənarda şəxsiyyətin lazımi şəkildə formalaşdırılmasının qeyri-mümkünlüyü sübuta yetirilmiş bir faktdır. Qloballaşma şəraitində Azərbaycan təhsil sistemi də yüksək sürətlə dünya təhsil sisteminə inteqrasiya edir və bu prosesdə təhsilin qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə kömək məqsədilə təhsildə psixoloji xidmətə geniş yer və dəstək verilir. Qloballaşma tələblərinə uyğun səviyyəyə malik olan şəxsiyyətin formalaşdırılması psixoloji xidmətə olan ehtiyacı gün-gündən artırır. Sosial-pedaqoji boşluğun aradan qaldırılması, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilin əsas məqsədinə müvafiq şəkildə gənc nəslin yetişdirilməsi, təhsilin keyfiyyətinin artırılması ilə əlaqəli nailiyyətlər insanların psixoloji sağlamlıq səviyyəsi ilə düz mütənasiblik təşkil edir. Psixoloqlar hər kəsə dostdur, onlara müraciət etməkdən çəkinmək lazım deyil. Psixoloqlar hər kəsə fərdi yanaşır, bir kəlmə psixoloji məsləhət insanın həyat yolunun istiqamətini müsbətə doğru dəyişə bilər, azacıq psixokorreksiya insanda lazımi davranış formalaşdıra bilər… Gənclərin mənəvi inkişafını şərtləndirəcək faktorlar vaxtında aşkarlanmalı və həyata keçirilməlidir. Bu məqsədlə də valideynlərimiz öz övladlarını yaxından tanımalı, onların hər bir uğurunu dəyərləndirməli, bu uğurlara səbəb faktorları təhlil etməlidir. Əgər çətinlik çəkərlərsə, psixoloqlara müraciət etməkdən çəkinməməlidirlər. Sizə verdiyim müsahibəmdəki fikirlərimin bir qismini “Ailənin psixoloji problemləri və həlli yolları” adlı kitabımda da qeyd etmişəm. Yeri gəlmişkən, həmin kitabdan bir cümlə ilə fikrimi tamamlamaq istərdim: “Gənclərin həyati təcrübə qazanmaları və şəxsi keyfiyyətlərinin tələbata uyğun formalaşması üçün onların səhvlər etməsinə də imkan vermək lazımdır!”.   Elnurə ABDULLAYEVA