Advertisment

“Bəzi Azərbaycan gəncləri düşüncə baxımdan müəyyən dönüş etməlidir”

“Azərbaycan gənclərinin Qarabağla bağlı düşüncəsi aşağı səviyyədədir”  “Ona görə də bəzi Azərbaycan gəncləri düşüncə baxımdan müəyyən dönüş etməlidir” Bu gün ölkəmizin ən aktual problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu sahədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işidir ki, bu da dövlətimiz və hər bir azərbaycanlı, o cümlədən gənclərimizin mənəvi inkişafı üçün ən ümdə vəzifələrdəndir. Bu mənada gənc nəslin vətənə məhəbbət, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə məsuliyyət daşıyan sahələrdən biri də jurnalistikadır. Media nümayəndələri bu mövzuda daha diqqətli olaraq gənclərin hərtərəfli mənəvi cəhətdən inkişafında önəm daşıyacaq mövzulara xüsusi yanaşmalıdır. Bununla həm də dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən addımlar atmış olarlar. “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalın baş redaktoru Zaur Qəriboğlu ilə müsahibəni də bu istiqamətdə apardıq: – “KarabakhİNFO.com” sosial durumu ağır olan uşaqlar üçün hansı layihələr həyata keçirir? – Biz “KarabakhİNFO.com”un ofisi üçün Qarabağla bağlı rəsm əsəri almaq istəyirdik. Rəsm əsərləri satılan yerlərdə monitorinq keçirdik və belə bir nəticəyə gəldik ki, 20 faiz torpağı işğal altında olan ərazidə bir dənə də olsun Qarabağla bağlı rəsm əsəri tapılmadı. Bundan sonra belə bir qərara gəldik ki, Duyğu Reabilitasiya İctimai Birliyinin yardımı ilə fiziki cəhətdən sağlam olmayan uşaqlar Qarabağa aid rəsm əsərləri çəksinlər. Hansı ki, o uşaqlar heç zaman Qarabağı görməyiblər. Həmin rəsm əsərlərinin sərgisi olacaq və həmçinin, bu əsərlər satışa çıxarılacaq. Kim istəyirsə, ala bilər. – Bugünki gənclikdə milli mənlik şüuru necə formalaşıb? – Gənclərdə milli mənlik şüuru milli-mənəvi tərbiyənin nəticəsində formalaşır. Gənclər Azərbaycan tarixini, dahi şəxsiyyətlərini, mədəniyyətini öyrəndikcə milli özünədərkin nə olduğunu anlayırlar. Milli mənlik şüuru formalaşdıqca gənc anlayır ki, Azərbaycan xalqının əqidəsi bütövdür, bu xalq hər hansı bir şəraitdən asılı olmayaraq torpağını qorumağa, dövlətinin bütövlüyü üçün canından keçməyə hazırdır. – Gənclərin əsasən hansı istiqamətdə maariflənməsinə ehtiyac var? – Vətənpərvərlik, ekologiya, hüquqi maariflənmə, sağlamlıq, kultrologiya, milli – mədəni irsimizin tarixi, ulu öndərimizin müasir Azərbaycanın quruculuğunda verdiyi töhfələrlə xüsusi maariflənməyə ehtiyac vardır.   – Gənclər mənəvi inkişafları üçün əsas nəyə üstünlük verməlidirlər? – İnformasiya insan oğlunun sahib olduğu ən güclü kapitaldır. Təhsil almaqda bu formalaşır. Bunun üçün də, oxumaq, oxumaq, yenə də oxumaq lazımdır. İnsan özünə vardığı zaman daha çox özünü inkişaf etdirə bilər. Özünə varmanın da yolu yaxşı təhsil almaqdan keçir. Gənclərin özünə inamı olmalıdır. Təslim olmamalıdırlar. İstəklərini nəticələndirməlidirlər. Həmçinin optimist olmaları gərəkir. Hər şeyin yaxşılığa doğru olur düşüncəsinə sahiblənməli, inadcıl olmalıdırlar. – Bu gün gənclərə öz potensiallarını istədikləri kimi üzə çıxarmaq imkanı varmı? – Əlbəttə. Amma problemlər də qaçılmazdır. Bəzən gənclər ailələri tərəfindən qadağalarla üzləşdiyini bildirilər. Amma unutmamalıdırlar ki, istedad xəmirə bənzəyir. Onu nə qədər sıxışdırsalar da, barmaqların arasından sürüşüb çıxar. – Gənclərin Qarabağla bağlı düşüncəsi sizi qane edirmi? -Təəssüf hissilə qeyd edim ki, Azərbaycan gənclərinin Qarabağla bağlı düşüncəsi aşağı səviyyədədir. Sosial şəbəkələrdə Qarabağla bağlı aparılan təbliğat aşağı səviyyədədir. Vətənpərvəliyin, milli-mənəvi dəyərlərin təbliği işi, ilk növbədə təhsildən başlamalıdır. Belə olmadıqda gənclər vətənə, milli-mənəvi dəyərlərə tam bağlı ola bilmirlər. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev oktyabrın 25-də Dövlət İdarəçilik Akademiyasındakı çıxışında da bu məsələlərə toxunub. Akademik Ramiz Mehdiyev sual olaraq bildirir ki, mənəvi dəyərlərimizin məruz qaldığı belə bir aşınmanın qarşısını biz nə ilə ala bilərik. Bu ondan irəli gəlir ki,  bu gün bəzi gənclər müsbət keyfiyyətlərdən tamamilə uzaqdırlar. Yəni gənclərin düşüncələrində ifratlaşma gedir. Bunun da mənfi nəticəsi, məsələn, bu gün evlənənlərlə boşananların sayına baxanda çox şəffaf özünü göstərir. Ona görə də bəzi Azərbaycan gəncləri düşüncə baxımdan müəyyən dönüş etməlidir. Milli-mənəvi dəyərlərimizə daha da bağlanmalıdırlar. Hər hansı bir cəmiyyət parlaq gələcək istəyirsə, öz gəncliyinin qeydinə qalmalıdır. Akademik Ramiz Mehdiyevin bu məsələlərlə bağlı narahatçılığını bildirməsi onu göstərir ki, dövlət öz gəncinin gələcəyini düşünür. Biz bu gün müşahidə edirik ki, bəzi gənclər özlərindən, həqiqətdən qaçırlar. Və özlərinin yaratdıqları yalan həqiqətə inanaraq, yaşamağı üstün tuturlar. Mədəniyyətimizə daha diqqətlə yanaşılmalıdır. Azərbaycan gəncliyi həyatı boyu yenilməz gənclikdir. – Yeniyetmələrdə vətənpərvərlik hissini qənaətbəxş hesab etmək olarmı? -Bu gün məktəblilərə, yeniyetmələrə nəzər saldıqda, onların dünyagörüşünün, bilik və bacarıqlarının necə inkişaf etdiyini görməmək mümkün deyildir. Vətənpərvərlik hissinin aşılanmasına ilk öncə ailədən, daha sonra məktəbdən başlanılmalıdır. Mən Azərbaycan gəncinə “qənaətbəxş” sözünü yaraşdırmıram, ulu öndərimiz hər zaman Azərbaycan gəncinin zirvələrdə olması üçün çalışmışdır və bu gün istər yeniyetmələr, istərsə də gənclər bacardıqlarından daha artıq vətənpərvər, dövlətsevər, millətsevr olmalıdır. – Bu gün Qarabağ həqiqətlərinin xaricə çıxarılması prosesi necə, qaneedicidirmi? – Qarabağ mövzusu ictimaiyyət üçün çox da maraqlı mövzu deyil. Bu istiqamətdə fəaliyyət göstərən elektron media ilə şou saytları müqayisədə oxucu kütləsi fərqlidir. “KarabakhİNFO.com” elmi saytdır və təbliğat xarekterlidir. Təbliğat geniş bir kütləni özünə almır. “KarabakhİNFO” iki ildir ki, fəaliyyət göstərir. Oxucu sayı ilə qürrələnə bilmərik. Əsas məqsədimiz Qarabağla bağlıdır. Və onu da deyim ki, biz bu istiqamətdə tək işləmirik. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 10 ildir ki, yaranıb və bu istiqamətdə böyük işlər görüb. Assosiasiyanın xətti ilə bu tip iki sayt yaradılıb. İlk olaraq “KarabakhİNFO.com”, daha sonra isə “1905.az” fəaliyyətə başlayıb. “1905.az” saytının yaradılmasında məqsəd türklərə qarşı edilən soyqırımıları ictimaiyyətin diqqətinə çatdırmaqdır.  2015-ci ildə türklərə qarşı soyqırımın 110 illiyi olacaq. Assosasiya, həmçinin, Qarabağ həqiqətlərinin beynəlxalq arenaya çatdırılması istiqamətində saysız kitablar nəşr etdirib. Bunlardan biri də AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabıdır. Bu kitab Amerika, Rusiya və Ukraynada nəşr olunub. AVCİYA-nın digər nəşri “Azərbaycanın erməni vətəndaşları- təhlükəsizlik təmin olunur” kitabını misal çəkmək olar. Bu kitab Diaspor Jurnalistlər Birliyinin xətti ilə Hollandiya, Gürcüstanda, Almaniya, Avstraliya və digər ölkələrdə geniş şəkildə yayılıb. – Sizcə, Qarabağ mövzusunda yazan jurnalistlərdən hansı peşakarlıq tələb olunur? – Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. İstər çap və elektron media, istərsə də televiziya bu sahəyə diqqətlə yanaşmalıdır. Dəfələrlə mətbuat və şəxsi münasibətlər vasitəsilə media işçilərini əməkdaşlığa dəvət etmişik. Təəssüflər olsun ki, bu sahədə çalışan juralistlərin sayı az saydadır . Buna görə də biz Qarabağ, ümumiyyətlə hərbi mövzusunda yazan jurnalistlər üçün təlim keçirmək istəyirik. Avqust ayında cəbhə bölgəsində erməni təxribatı baş verəndən sonra  xüsusən elektron mediada kim nə istədisə onu da yazdı. Eləcə də cəbhə bölgəsindəki son hadisələrdə də eyni hal yaşandı. Belə ki, bəzi elektron media oxucu qazanmaq üçün erməni helikopterini vuran şəxsin fotolarını yaydılar. Həmin foto ilə o şəxsi təhlükə altına qoyurlar. Belə vəziyyətlərdə mediamız həssas olmalıdır. Bildiyimiz kimi artıq bu məsələlərin aradan qalxması üçün sentyabrın 24-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam imzalayıb. Onu da deyim ki, xaricdən maliyyələşən bəzi KİV-lər var ki, bir növ Azərbaycanın əleyhinə işləyən məlumatlar yayırlar. Həmin media orqanlarının rəhbərləri bilmir ki, erməni mətbuatı bundan istifadə edir? Mən düşünürəm ki, regionda Azərbaycan Ordusu güclü ordulardan biridir. Ermənistan ordusundan isə qat-qat güclüdür. Tez-tez cəbhə bölgəsində olan şəxs kimi deyə bilərəm ki, orduda neqativ hallar yaşanmır.  General-polkovnik Zakir Həsənov müdafiə naziri təyin olunanda orduda müsbət mənada dəyişiklik hiss olunur.  Ordu ilə xalqın yaxınlaşması baş verib. – “KarabakhİNFO.com” lazımi xarici auditoriya əldə edibmi? -Az da olsa xarici audotoriya əldə etmişik. Beynəlxalq arenaya qorxulu, faciəvi hadisələrlə çıxa bilmirik. Çünki bir fransız mənə demişdi ki, əgər mətbuatda qanlı xəbər görərəmsə, mən bir daha o saytı açmaram. Biz beynəlxalq arenaya Azərbaycanın tolerant bir ölkə olduğunu, Qarabağ mədəniyyəti, Qarabağ mətbəxi haqqında materialları əcnəbi dillərə tərcümə edib yayırıq. – “KarabakhİNFO.com” informasiya müharibəsində nələr edib? – Əminliklə deyə bilərəm ki, Ermənistan tərəfi saatbasaat “KarabakhİNFO.com”u izləyir. Onların əleyhinə bizdə nəsə yayımlanan zaman dərhal onlar bizim “Facebook” və email ünvanlarımıza qeyri-etik sözlər yazırlar. Biz bunlara fikir vermirik. Ancaq öz işimizlə məşğuluq. Bu yaxınlarda erməni mətbuatı bizi Azərbaycan dövlətinin propaqandası adlandırmışdı. Erməni mətbuatında qeyd olunmuşdu ki, guya “KarabakhİNFO.com” Azərbaycan hakimiyyəti tərəfindən maliyyələşir və yalandan  fəaliyyət göstəririk. Bizim üçün Qarabağ milli məsələdir. Təəssüf hissilə qeyd edim ki, Azərbaycan müxalifəti və iqtidarı Qarabağ məsələsində bir araya gələ bilmir.  Dəfələrlə şahidi olmuşam ki, hakimiyyət tərəfi müxalifəti Qarabağ məsələsində birliyə çağırıb. Amma müxalifət tərəfini yalnız hakimiyyət düşündürür. Milli məsələdə qonşu Türkiyənin iqtidar və müxalifəti eyni fikirdə olurlar.  Elnurə ABDULLAYEVA