Bir zaman özü əsgər idi, indi isə oğlu… Qarabağ döyüşçüsü olan xanım bu gün əsgər anası olmağı ilə qürur duyur!
… Bəli bir zaman özü əsgər idi. 1992-ci ilin qanlı-qadalı günlərinin birində uşaqlarının körpə olmasına baxmayaraq, bir azərbaycanlı qadını kimi ürəyi dözmədi, uşaqlarını yaxınlarına tapşırıb Qarabağa, Şuşaya yollanmağı qərara aldı. O zaman Şuşanın ağır günləri idi. O zaman Şuşa olum, ya ölüm anlarını yaşayırdı. Bakıda isə şayiələr gəzir, Şuşa barədə müxtəlif söz-söhbətlər gedirdi. Şuşanın təslim olması və s. Amma o, bu söz-sohbətlərdən qorxmadı, ən ağır günlərdə Şuşaya yollandı. Həm də tək yox, özünün könüllü yaratdığı tibb bacıları dəstəsi ilə…
…Söhbət Tahirə Məsimzadədən gedir. Tahirə xanım ixtisasca rəssamdır. Gözəl rəsmlər çəkir. Daha çox Azərbaycanımızla bağlı, eyni zamanda tarixi şəxsiyyətlərin rəsmlərini yaradır əlləri ilə. Qarabağla bağlı xatirələri daha çox Tahirə xanımın çəkdiyi rəsmlərdə görmək olar. Qarabağdan danışanda gözləri dolur, Şuşanı xatırlayanda daha nələri yaşamır o. Yaşlı gözlərini silib Şuşanı beləcə xatırlayır: “1992-ci ilin ağır günləri idi.Televiziyada, mətbuatda müxtəlif xəbərlər yayılırdı. Mən Şuşanı görməsəm də, qəlbim orda idi. Cənnət məkan olan Şuşa mənim vətənimin ürəyi sayılırdı. Düşündüm ki, mən Şuşaya mütləq getməli, yaralı əsgərlərimizə yardım etməliyəm. Və ən azından əsgərlərimizin yaralarını sarımalı, onlara dayaq olmalıyam. Tibb təhsilim olmadığından tibb kursuna yazıldım, orada bu sahəyə aid lazım olanları mənimsədim və başıma tibb işçiləri yığmağa başladım. İlk çağırışıma 12 qadın qoşuldu. Beləliklə, mənim təşəbbüsüm və müraciətimlə ilk könüllü tibb batalyonu yaratdıq.
Biz Şuşaya çatanda orda çox qarışıqlıq idi. Bəziləri bizi görüb qaşqabaq etdi. Qadınların burda nə işi var deyə, narazılıq edənlər oldu. Lakin sonra öyrəndilər ki, biz tibb dəstəsiyik. Bundan sonra bizi hospitala yerləşdirdilər. Hər an demək olar ki, çoxlu sayda yaralı gəlirdi. Əsgərlərimiz Şuşanın əldən getməməsi üçün mübarizə aparır, bu yolda canlarından keçməyi belə göz önünə alır, çoxları yaralanır və şəhid olurdular. Amma igid oğullarımız bir an da olsun geri çəkilmir, sonadək mübarizəni davam etdirəcəklərini deyirdilər. Bu yolda ölüm belə olsa, silahı yerə qoymayacaqlarına and içmişdilər. Biz isə tibb bacısı kimi onlara yardım edir, yaralarını sarıyır, ana-bacı kimi mənəvi dəstək olurduq. Bəzən can verən bir əsgərin başı önündə duraraq onu bir an olsun, tək qoymadan yatmazdıq, gözümüzü belə yummazdıq sabaha qədər… Mən çox vaxt hospitaldan aralanıb ön xəttə gedib ordakı yaralıların yanında olardım, çox vaxt da əlimə silah alıb düşmənə qarşı vuruşardım əsgərlərimizlə çiyin-çiyinə… Aramızda olan təxribatçılar da vardı ki, mən onlara qarşı çox amansız idim… Bir gün Qorxmaz adlı bir hərbçi mənə dedi ki, qızım ehtiyatlı ol, səni vura bilərlər… Çox təəssüflər olsun ki, döyüşçülərimiz nə qədər mübarizə aparsa da, satqınların üzündən Şuşanı əldən verməli oldular. Bu mənim həyatımda alnıma yazılan ən ağır günlərimdən biri oldu. Həm də ən acı günlərimdən…
Tibb dəstəmizin qadınları yaralı əsgərlərimizə yardım edərək onları həyata qaytarırdılar. Elə hospitalda da yaralanan qadınlarımız az olmadı. Bəzən atılan güllələr düz hospitalın həyətinə düşürdü, hər an ölümü gözləyən tibb bacıları yaralı əsgərlərimizi qoyub getmək istəmirdilər… Amma zaman çatınca geri dönməli olduq. Biz Şuşanın işğalı zamanı geri dönsək də, amma Şuşaya əlvida demədik. Axı Şuşa bizim döyünən ürəyimiz idi…”
Söhbət zamanı Tahirə xanım dedi ki, Şuşa işğal olunmazdan öncə Bakıya gedir. Deyir, həmin vaxt 27 yaralanmış döyüşçümüz var idi: “Tibbi ləvazimatlar, dərmanlar çatışmırdı, ixtisasli həkimlər də yox idi, bura gələnlərin çoxu Tibb Universitetinin könüllü tələbələri idi. Bu yaralıları Bakıya çatdırmaq lazım idi. Mən oranın komendantı Vahid Bayramova təkid etdim ki, Bakıya sifariş versin, vertolyotlar göndərsinlər. Amma Bakıdan bir vertolyot gəldi, yaralıları ora yerləşdirdik. Mən getmək istəməsəm də, güclə vertolyota mindirdilər, həmin vaxt gözümdən yaralandığım üçün. Ermənilərin atdığı snayper gülləsi gözümün üstündən keçib qaşlarımı deşmişdir. Həm də yaralıların yanında getmək üçün ehtiyac vardı…”
Tale onu müharibədən sonra türk torpaqlarına aparır…
Qarabağdan qayıdan Tahirə xanım bir müddət Bakıda yaralılara xidmət edir,1994 -cü ildə atəşkəs müqaviləsi bağlandıqdan sonra taleyi onu qardaş Türkiyəyə gəlməyi nəsib edir. Türkiyənin tanınmış dövlət adamları onun burda yaşamaq istəyini yüksək səviyyədə qəbul edir… Türkiyə vətəndaşlığını qəbul edən Tahirə Məsimzadə burda fəaliyyətini davam etdirir, Türkiyə və Azərbaycanın – iki qardaş dövlətin daha da möhkəmlənməsi uğrunda o da bacardığı qədər əlindən gələni əsirgəmir. Bununla bağlı ictimai fəaliyyətini gücləndirir. Artıq uzun illərdir ki, vətəndən kənarda olsa da, qəlbi Azərbaycanladır, Şuşanın alınması gününü səbirsizliklə gözləyir, daha doğrusu, Ali Baş Komandanın hücum əmrini gözləyir, bu olarsa həmən Bakıya gəlib silahlanaraq Qarabağ uğrunda savaşa gedəcəyəm deyir!
Əsgər anası Tahirə…
Tahirə xanım Türkiyədə İzmir şəhərində məskunlaşıb. Gözəl övladlar böyüdüb. Oğlu Xəyal hazırda Türk Silahlı Qüvvələrində xidmət edir. İntizamlı və cəsur əsgər olduğuna görə, dəfələrlə ailəsinə Türk Silahlı Qüvvələr Komandanlığından təşəkkürnamə və fəxri fərmanlar gəlib.Tahirə xanım komandanlığın göndərdiyi təşəkkür məktublarını bizə göstərərkən oğlu ilə qürur duyduğunu hiss edirdim.
“Əsgər Ailəsi” Cəmiyyəti İzmir şöbəsi …
Tahirə xanım həm də bizim “Əsgər Ailəsi” Cəmiyyətinin İzmir şöbəsinin üzvlərindən biridir. Təşkilatın təşəbbüsü ilə bu ilin aprel ayında İzmirdə tanınmış 5 ictimai təşkilatla birgə, 24 aprel qondarma “erməni soyqırımı”na qarşı etiraz yürüş və mitinqi keçirilmişdir. Eyni zamanda 5 universitet tələbələrinin iştirakı ilə Konak Bələdiyyəsinin rəsmi icazəsilə Eşrəf Paşada Səlahətdin Ağ Çiçək Kültür SarayındaQarabağ gerçəklərinin təbliği istiqamətində görüş keçirilmiş, bu barədə Türkiyə mətbuatında da geniş məlumatlar dərc edilmişdir. Tahirə xanım söhbət zamanı onu da bildirdi ki, “Əsgər Ailəsi” Cəmiyyətinin İzmir şöbəsinin geniş fəaliyyəti üçün şöbə rəhbəri Mehmet Ayla müzakirələr aparılmış, şöbəyə yeni üzvlər qəbul etmək və daha geniş işlər görmək nəzərdə tutulmuşdur. Həmçinin, Avropa çərçivəsinə çıxmaq, Qarabağ gerçəklərini təbliğ etmək və yaymaq üçün oktyabr ayında böyük konfrans keçirilməsi planlaşdırılmışdır.
Təbii ki, bütün bunlar yalnız Azərbaycan və Türkiyə naminə, Qarabağ naminədir!
Roza ƏLİQIZI