Uğurla həyata keçirilən bu siyasət vətənpərvər gəncliyin formalaşdırılmasında mühüm rol oynayır
Gənc nəslin əsl vətənpərvər kimi formalaşmasında məktəblərin üzərinə böyük məsuliyyət düşür. Əsasən bu dövrdən başlayaraq, şagirdlər vətən, millət, dövlət anlayışlarının fərqinə varır və daha geniş məlumat toplayır. Eyni zamanda orta məktəblərdə fiziki hazırlığın da qaydasında olması vacibdir. Məktəblilərin düşüncələrinin formalaşdırılması ilə yanaşı, onların fiziki hazırlığını gücləndirmək, sağlam, zərərli vərdişlərdən uzaq gənclik yetişdirmək üçün aidiyyəti qurumlar müxtəlif proqramlar həyata keçirir. “Sağlam bədəndə sağlam ruh olar” deyiblər. Azərbaycan gəncliyinin fiziki cəhətdən sağlam, düşüncə cəhətdən vətənpərvər olması üçün həyata keçirilən dövlət siyasətinin bu gün bəhrəsini cəmiyyət görür. Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurla çıxış edir, hər il çox sayda gənc təhsil almaq üçün xarici ölkələrə göndərilir. Həmçinin orta məktəblərdə gənclərin sağlam, vətənpərvər, savadlı yetişdirilməsi üçün bir sıra tədbirlər təşkil edilir. Bu baxımdan respublika çərçivəsində orta məktəbləri əhatə edən “Cəsurlar”, “Şahin” hərbi idman oyunlarının keçirilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. “Cəsurlar” hərbi-idman və turizm oyunlarının keçirilməsində bir neçə dövlət qurumu iştirak edir. Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Veteranlar Şurasının iştirakı ilə keçirilən bu oyunlar gənclərin hərbi xidmətə həvəsləndirilməsi, fiziki hazırlığının möhkəmləndirilməsi və -vətənpərvərlik təbliğatında əsas yer tutur. “Cəsurlar” hərbi-idman və turizm oyunlarının təşkil edilməsi məqsədilə yaradılmış qərargaha Gənclər və İdman Nazirliyi rəhbərlik edir. Yarışlar 4 mərhələdən ibarətdir:
1) məktəbdaxili-seçmə yarışları
2) rayon (şəhər) birincilikləri
3) zona birincilikləri
4) respublika finalı
Qaydaya görə, respublika finalının keçirilməsi Gənclər və İdman Nazirliyinin və Müdafiə Nazirliyinin öhdəsinə düşür. Final mərhələsi C.Naxçıvanski adına hərbi liseydə keçirilir.
Müxtəlif dövlət qurumları arasında razılaşdırmaya əsasən, zona birinciliklərində iştirak edən komandaların ərzaqla təminatı birinciliyin keçirildiyi rayonun gənclər və idman idarəsi tərəfindən təmin edilir. Final yarışında iştirak edəcək komandaların müvafiq geyim və sənədləşdirmə işləri təhsil şöbələri tərəfindən, zona birinciliyində iştirak edən komandaların ezamiyyə xərcləri gənclər və idman idarələri, respublika finalında iştirak edəcək komandaların ezamiyyə xərcləri isə təhsil şöbələri tərəfindən təmin edilir. Respublika final yarışında iştirak edən komandaların Bakı şəhərində yerləşdirilməsi və ərzaqla təminatını Gənclər və İdman Nazirliyi həyata keçirir. Mədəniyyət və Turizm Nazirliyi isə yarışda iştirak edənlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün konsertlər, mədəni-kütləvi tədbirlər, gəzintilər təşkil edir. Fövqəladə Hallar Nazirliyi yarışların keçirilməsi zamanı “Zəhərli zonanın dəf olunması”, “yaralının döyüş zonasından çıxarılması” mərhələlərinin keçirilməsini təmin edir.
“Cəsurlar” hərbi-idman və turizm yarışlarında respublikanın bütün rayon və şəhərləri iştirak edir.
Məktəbdaxili-seçmə mərhələdə qalib gəlmiş komanda rayon birinciliyinə vəsiqə qazanır. Rayon birinciliyində qalib gəlmiş komandalar isə zona birinciliyində qüvvələrini sınayır. Zona birincilikləri 9 şəhər və rayonda təşkil edilir:
1) Bakı şəhərində keçirilən Bakı zona birinciliyində iştirak edən rayonlar:
Binəqədi, Nəsimi, Şuşa, Laçın, Yasamal, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Səbayel, Qaradağ, Nizami, Nərimanov, Zəngilan rayonları.
2) Naxçıvan şəhərində keçirilən Naxçıvan MR zona birinciliyində iştirak edən rayonlar:
Naxçıvan şəhəri, Babək, Ordubad, Şərur, Kəngərli, Şahbuz, Sədərək, Culfa rayonları.
3) Xaçmaz şəhərində keçirilən Quba-Xaçmaz zona birinciliyində iştirak edən rayonlar:
Sumqayıt şəhəri, Siyəzən, Xızı, Şabran, Quba, Qusar, Qubadlı, Abşeron rayonları.
4) Mingəçevir şəhərində keçirilən Gəncəbasar zona birinciliyində iştirak edən rayonlar:
Gəncə şəhəri, Göygöl, Gədəbəy, Ağstafa, Samux, Tovuz, Şəmkir, Qazax, Kəlbəcər, Daşkəsən rayonları.
5) Sabirabad şəhərində keçirilən Aran zonası üzrə birincilikdə iştirak edən rayonlar:
Şirvan şəhəri, İmişli, Hacıqabul, Saatlı, Tərtər, Xaçmaz, Astara, Cəbrayıl, Beyləqan, Füzuli, Xocavənd rayonları.
6) Ağdaş şəhərində keçirilən Şirvan zonası üzrə birincilikdə iştirak edən rayonlar:
Ağsu, Ucar, Kürdəmir, Göyçay, Qobustan, Sabirabad, Şamaxı, Zərdab, İsmayıllı rayonları.
7) Zaqatala və Şəki şəhərində keçirilən Şəki-Zaqatala zona birinciliyində iştirak edən rayonlar:
Balakən, Qax, Qəbələ, Ağdaş, Oğuz.
8) Tərtər şəhərində keçirilən Qarabağ zona birinciliyində iştirak edən rayonlar:
Xocalı, Zaqatala, Ağdam, Bərdə, Goranboy, Ağcabədi rayonları, Mingəçevir, Naftalan, Yevlax şəhərləri.
9) Astara şəhərində keçirilən Lənkəran-Astara zona birinciliyində iştirak edən komandalar:
Masallı, Salyan, Lənkəran, Neftçala, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar rayonları.
“Cəsurlar” hərbi-idman və turizm oyunlarının əsasnaməsinə görə komandalar 10 mərhələdə özlərini sınayır:
1) Sıra hazırlığı- Bu mərhələ adından göründüyü kimi Silahlı Qvvələrdə tətbiq edilən sıra nizamnaməsində təsbit olunmuş qaydalara əsaslanır. Sıra hazırlığında komandalar 13 mərhələdə bacarıqlarını nümayiş etdirir:
1.Sıra addımı ilə hərəkət
2.Mahnı ilə hərəkət
3.Kapitanların məruzəsi
4.Salamlaşma
5.Komanda üzvlərinin boy sırası ilə düzülməsi
6.Komanda üzvlərinin xarici görünüşü
7.Cərgə nizamı
8.Bir cərgədən iki cərgəyə düzülmə
9.Bir cərgədən bir cərgə düzülmə
10.Yerində dönmələr
11.Hərəkət zamanı dönmələr
12.Komandirin əmri ilə dağılma və bir cərgə düzülmə
13.Komandirin əmri ilə dağılma və iki cərgədə düzülmə
2) Taxta hasarın üstündən keçməklə maneənin dəf olunması
3) Körpünün üstündən keçməklə xəndəyin dəf olunması
4) Kəndir vasitəsilə “təhlükəli zolağın” qət olunması
5) Kəndir vasitəsilə yüksəkliyə dırmanma və yüksəklikdən enmə
6) Yerlə sürünməklə maneənin dəf olunması
7) İstehkamda yerləşməklə hədəfə qumbara atmaq
8) “Zəhərli zona”nın dəf olunması
9) “Yaralının” döyüş zonasından çıxarılması
10) Turist çadırının qurulması
“Cəsurlar” hərbi-idman və turizm oyunlarının keçirilməsində kütləviliyin təmin olunması hər il aydın nəzərə çarpır.
Məktəblilər arasında hərbi-vətənpərvərlik hissinin yüksəldilməsində, məktəblilərin fiziki və mənəvi-psixoloji cəhətdən hərbi xidmətə hazırlanmasında “Şahin” hərbi-idman oyunlarının da əhəmiyyəti böyükdür. Respublikamızın bütün regionlarında təşkil edilən bu oyunlar məktəblilərin hərbi təhsilə daha da maraq göstərmələrinə səbəb olur. 1996-cı ildən başlayaraq mütəmadi olaraq keçirilən “Şahin” hərbi-idman oyunları kütləvi xarakteri ilə daha çox diqqəti cəlb edir.
Respublikamızın yerləşdiyi coğrafiya burada daim konfliktlərin mövcudluğunu şərtləndirir. Buna görə də müstəqilliyimizi qoruyub saxlamaq, ərazi bütövlüyümüzü bərpa etmək üçün güclü orduya ehtiyacımız var.
Bu baxımdan yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlətin qarşısında duran prioritet məsələlərdəndir.
Qeyd etmək lazımdır ki, gənclərin bütün sahələrdə inkişafını təmin etmək məqsədilə dövlət tərəfindən müxtəlif proqramlar həyata keçirilir. Dövlət gənclər siyasətinin qarşıya qoyduğu vəzifələrdən biri də gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini təşkil etməkdir. Uğurla həyata keçirilən bu siyasət vətənpərvər gəncliyin formalaşdırılmasında mühüm rol oynayır. Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar, davamlı, inkişaf edən iqtisadiyyatın formalaşdırılması, regionun digər ölkələrindən fərqli olaraq ictimai-siyasi sabitliyin qorunub saxlanması gənclər üçün böyük imkanlar açır. Dövlət gənclərin inkişafını təmin etmək məqsədilə demək olar ki, bütün mövcud resurslardan istifadə edir. Artıq Azərbaycan vətəndaşlarının fəxr edəcəyi bir ölkəyə çevrilib. Ölkəmizin nüfuzu beynəlxalq arenada da qiymətləndirilir. İdman sahəsində aparıcı dövlətlərdən birinə çevrilməkdə olan ölkəmiz mötəbər beynəlxalq turnirlərə ev sahibliyi edir. Gələn il keçiriləcək ilk Avropa Olimpiya oyunlarına ev sahibliyinin Azərbaycana verilməsi bunun sübutudur. Belə nüfuzlu beynəlxalq yarışların ölkəmizdə keçirilməsi idmanın inkişafına müsbət təsir etməklə yanaşı, gənclərdə fiziki hazırlığa marağı daha da artırır. Həmçinin gənclərimizdə özünə inam hissi güclənir, qalibiyyəti əldə etmək üçün üzərində daha da səylə çalışmağa stimul yaradır.
Tofiq ƏZİZOV